Prezident İlham Əliyev Xızı rayonuna səfər edib
10:11 23-07-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev Xızı rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan yeganə ölkələrdəndir ki, təbii fəlakətlər zamanı evləri dağılmış insanlara dövlət vəsaiti hesabına yeni mənzillər tikilir. Xızı şəhərində də müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının göstərişinə əsasən həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. Bu işlər qısa zamanda, həm də yüksək keyfiyyətlə həyata keçirilib. Belə tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misal, "Mən hər bir azərbaycanlının prezidenti olacağam", - deyən dövlətimizin başçısının fəaliyyətinin real nəticələridir. Həyata keçirilən bu layihələr Azərbaycan dövlətinin ilk növbədə vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.
Bildirildi ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.
İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
İqtisadiyyatın güclənməsi nəticəsində əldə edilən gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu tədbirlər sırasında yeni park, xiyaban və istirahət mərkəzlərinin salınmasına və ya günün tələbləri səviyyəsində yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan biri də Xızıdakı Cəfər Cabbarlı parkıdır. Bu istirahət məkanının yenidən qurulması sosial məna daşımaqla yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir. Bu park həm də Xızıda doğulmuş Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan ehtiramı nümayiş etdirir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə daim böyük hörmətlə yanaşır, onların fəaliyyətlərini gələcək nəsillərə çatdırmaq və gələcək nəsillərdə dünya səviyyəli azərbaycanlıların xatirəsinə sevgi aşılamaq üçün tarixi işlər görür.
Dövlətimizin başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Azərbaycan Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Parkda aparılan yenidənqurma işləri zamanı ən xırda detallar da nəzərə alınıb. Bunun nəticəsidir ki, park Xızının ən gözəl və görkəmli yerlərindən birinə çevrilib. Burada yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmini aydın göstərir. Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.
Digər Xəbərlər
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59