İnsan hüquq və azadlıqlarına Ermənistan zərbəsi
10:17 23-07-2014
CƏMİYYƏT
İnsan hüquq və azadlıqlarına Ermənistan zərbəsi
Azərbaycanlıların girovluqda saxlanması beynəlxalq cinayətdir
Bu gün çox maraqlı və qəribə proseslər baş verməkdədir. Belə ki, hazırda Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində ciddi addımlar atmaqda, korrupsiyanın, rüşvətin sıradan çıxarılması, təhsil sektorunda islahatların aparılması, ASAN xidməti yaratmaqla vətəndaşlar üçün münbit şərait təmin edilir və günü-gündən bu istiqamətdə işlər sürətləndirilir.
Amma bunun qarşılığında bəzi beynəlxalq təşkilatlar məhz bu prinsiplərə görə Azərbaycanı zaman-zaman hədəfə almağa cəhd ediblər. Maraqlıdır, bəs bu sahələrdə görülən işlər kifayət deyilmi? Ekspertlər hesab edir ki, məsələyə başqa konteksdən baxmaq daha doğru olar. Məsələn, bu günlərdə 3 Azərbaycan vətəndaşı dünya birliyinin də qəbul etdiyi Azərbaycan sərhədlərini keçmədən Kəlbəcərə , doğmalarının məzarlarını ziyarət etməyə getdilər və bu gün ermənilər tərəfindən girov götürülüblər, bir nəfərin isə öldürüldüyü söylənilir. Və yaxud bu gün minlərlə insan doğulduqları və işğal altında olan doğma yurdlarına gedə bilmir. Bu əslində insan hüquq və azadlıqlarının müdafiəsinə ağır zərbədir və nədənsə buna görə beynəlxalq qurumlardan Ermənistana bir dəfə də olsa köklü təzyiq edilməyib. Belə olan halda faktiki olaraq milyondan çox Azərbaycan vətəndaşının insan hüquq və azadlıqları kobud şəkildə Ermənistan tərəfindən pozulur. Nəticədə isə ortada sadəcə olaraq hər gün Ermənistan tərəfindən pozulan bir atəşkəs mövcuddur. Bunu da xatırladaq ki, bu ilin may ayında Ermənistanla-Azərbaycan arasında atəşkəsin elan olunmasına dair imzalanan Bişkek protokolundan 20 il keçdi. Atəşkəsin mövcud qanunlara əsaslanmasına baxmayaraq, 20 il ərzində Azərbaycan tərəfinin itkiləri kifayət qədərdir.Xüsusilə, təmas xəttində sadə vətəndaşları girov götürən düşmən tərəfi onlara qarşı kobud davranır. Girovların partizan olduqlarını, təxribat xarakterli işlər törətdiyini vurğulayan qarşı tərəf istənilən halda, Azərbaycanı beynəlxalq ictimaiyyətə qatı cinayətkar kimi təqdim etməyə çalışır.Kəlbəcərdə girov saxlanılan 3 soydaşımızı "diversant" kimi təqdim edən Ermənistan ordusu həmişə olduğu kimi, bu dəfə də öz xeyirlərinə sərf edən təbliğat aparır. Digər bir məqam ondan ibarətdir ki, bir erməni vətəndaşını həmyerlisi qətlə yetirsədə cinayət Azərbaycan tərəfinin üzərinə yüklənilir.
Əcəba, Azərbaycana qarşı ittiham növünü dəyişməklə əks qütbdə dayanan düşmən tərəfinin məqsədi nədən ibarətdir?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əlməmməd Nuriyev məsələni belə şərh edib:"Kəsişmə nöqtəsində, təmas xəttində erməni öldürülür. Bu zaman onlar iddia irəli sürürlər ki, həmin şəxs Azərbaycan tərəfindən açılan snayper atəşi nəticəsində öldürülüb. Əgər təmas xəttini bir azərbaycanlı keçirsə, onlara elə gəlir ki, bunların hamısı kəşfiyyat məlumatları öyrənmək üçün Azərbaycan xüsusi xidmət orqanlarının, Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təxribat dəstələridir. Bunu belə başa düşürlər. Bu cür də təqdim etməyə çalışırlar. Çünki bu gün Ermənistan tərəfi üçün belə düşünmək sərfəlidir. "Sadə vətəndaş keçib, biz də onu güllələdik", bunu heç vaxt deməyəcəklər. Heç bir ciddi fakta, sənədli məlumatlara əsaslanmayaraq bu cür ittiham irəli sürməyəcəklər. Heç bir formada düşməndən başqa bir şey gözləmək olmaz. Həmin şəxsin çoban, yoxsa hərbçi olamsından asılı olmayaraq, qarşı tərəf hamısını hərbçilərin planları kimi qiymətləndirəcək. Bu da təbiidir. Çünki informasiya müharibəsi gedir. Bütün hallarda beynəlxalq ictimaiyyətə, öz daxili auditoriyalarına çatdırmalıdırlar ki, gələcəkdə hücumlar, yeni təxribat hazırlamaq üçün Azərbaycan hər dəfə onlarla bağlı məlumatları toplamağa çalışır. Bütün bunları beynəlxalq təşkilatlara, öz vətəndaşlarına göstərməlidirlər ki, atəşkəsin pozulmasının ən ciddi səbəbləri Azərbaycan ordusunun hazırladığı planın nəticəsidir".
Hüquqşünasın sözlərinə görə, Azərbaycan tərəfi bütün hallarda həqiqəti dünyaya nümayiş etdirməyə çalışır: "Sonuncu dəfə Kəlbəcərdə əsir düşən 3 nəfər darıxdığı üçün öz torpaqlarına gediblər. Girovlarımızın zahiri görünüşü, yaş məsələsi, davranışları heç bir halda onların xüsusi təxribat qrupunun üzvləri olduğunu göstərə biləcək həddə deyil. Bütün bunlara baxmayraq, informasiya müharibəsində bu cür davranılmalıdır. Azərbaycan tərəfi də aydın və əsaslandırılmış şəkildə göstərdi ki, bu insanlar Azərbaycan ordusunda xidmət etmirlər. Bunlar sadə vətəndaşdırlar. Bütün hallarda beynəlxalq ictmaiyyət daha ciddi surətdə təcavüzün aradan qaldırılması ilə bağlı fəaliyyətini sürətləndirməlidirlər".Bu cür ittiham vasitəsinin qarşısını almağa gəlincə, Ə.Nuriyevin fikrincə, Dağlıq Qarabağ da cinayətkar rejim var: "Cinayətkar rejim heç bir halda imkan verməz ki, orda hansısa obyektiv kəşfiyyat aparılsın. Beynəlxalq təşkilatlar, ATƏT-in missiyası da bununla bağlı fəal hərəkətlər etmir, hətta hansısa addım atılsa belə, obyektiv nəticəni ortaya qoymaq imkanları yoxdur. Orada silah alveri gedir, narkotik maddələr bu ərazilərdən tranzit olunur. Ona görə iqtisadi qruplaşmalar arasında da daim mübarizə gedir. Hətta Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında da münaqişə var. Bu konfliktlər hesabına insan itkisi ola bilər. Bu itkini hər zaman Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışırlar".Ekspertlər hesab edir ki, bu gün Ermənistanın həyata keçirtdiyi bu siyasət nəticəsində elə öz vətəndaşlarının da insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaqla kriminal bir rejim yaradıblar. Təsəvvür edin, bir ölkənin beynəlxalq siyasətində köklü dəyişikliklər edilir, ölkənin iqtisadi resursları tamam olaraq Rusiyanın monopoliyasına verilir, Gömrük İttifaqına daxil olmağa çalışırlar, ölkə vətəndaşlarının isə bununla bağlı elementar etirazları belə qəbul edilmir. Bəs nəticədə ortaya hansı mənzərə çıxır? Apardığımız araşdırmalar sübut edir ki, bu gün Ermənistan təpədən-dırnağa qədər kriminalların nəzərindədir və bura həm də Qarabağ erməniləri ilə Ermənistan ermənilərinin qarşıdurması daxildir. Belə bir cəmiyyətdə isə sözsüz ki, insan hüquq və azadlıqlarının təminindən danışmaq mümkün deyil. Məhz bunun bir başa təsiri nəticəsində yüz minlərlə erməni ölkəni tərk edib, yerdə qalanlar isə əslində girovluqda qalan insanlardan fərqlənmirlər. Bu isə o deməkdir ki, Ermənistan tək kriminallaşan dövlət yox, həm də regiona mənfi yük gətirən tərəfə çevrilib. Hətta Azərbaycanla münasibətləri bir kənara qoyub onların Gürcüstana yanaşmasına baxaq. Aydın olur ki, hazırda Gürcüstanın kriminal dünyasının 70 faizi məhz ermənilərdən təşkil olunub. Ermənistanın turizm bölgələrində ciddi yatırımlara Ermənistan prezidenti başda olmaqla ölkənin rəhbərləri sahibləniblər və bunun qarşılığında Gürcüstana qarşı torpaq iddiası qaldırıblar. Maraqlıdır, bəs bu prosesin sonu nə ilə tamamlanacaq? Siyasi analitiklərin fikrincə bu tip dövlətlər adətən despot bir cəmiyyət yaratmağa çalışırlar və bir müddətdən sonra despotluqdan yorulan toplu mütləq yenilik axtarışına çıxır. Digər tərəfdən həyata keçirilən bu cür siyasət həmin dövlətin özünü ətraf mühitdən tam izolə edir ki, hazırda Ermənistan bu prosesi yaşayır. Azərbaycana gəldikdə isə gələcək inkişafımızla bağlı prezident İlham Əliyev dəfələrlə açıq bəyanatla çıxış edib. "Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir", - deyən dövlətimizin başçısı bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd edib. İlin əvvəlindən etibarən xarici səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb.Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib.Prezident İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, ordumuzun müasir silah-sursatlarla təchiz olunduğunu bildirib.Bütün bunlar isə o deməkdir ki, Azərbaycan öz vətəndaşlarının insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün islahatları həyata keçirtməklə yanaşı, Ermənistanın təcavüzünün də qarşısını alacaq.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22