Miri Qəmbərov ittihamlara cavab verdi
12:10 10-09-2014
CƏMİYYƏT
Miri Qəmbərov ittihamlara cavab verdi
"Azərkontrakt" Dövlət Korporasiyasının prezidenti deyir ki, "Azərmetal"ın baş direktoru Şahin Abbasov qərəzli mövqe nümayiş etdirir
Məlum olduğu kimi, "Azərkontrakt" Dövlət Korporasiyasının tabeliyində olan "Azərmetal" Topdansatış Ticarət Birliyinin kollektivi "Azadlıq"a müraciət edərək narazılığını bildiriblər. Onlar tabe olduqları "Azkontrakt" Dövlət Korporasiyasının fəaliyyətsizliyindən və qurumda baş verən maxinasiyalardan şikayətlənir.
Məsələyə aydınlıq gətirən "Azərmetal" Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasov isə məsuliyyəti öz üzərindən atmaq üçün ictimaiyyəti çaşdıran açıqlama verib. O bütün məsuliyyəti öz boynundan atır ki, guya bütün problemlərin kökündə "Azərkontrakt" Dövlət Korporasiyasının prezidenti Miri Qəmbərov dayanır. Ancaq reallıq isə başqa cürdür.
Bu barədə "Unikal"a eksklüziv açıqlama verən Miri Qəmbərov Şahin Abbasovun şəxsi maraqlarına görə, onu hədəfə aldığını bildirib. Onun sözlərinə görə, Şahin Abbasov qanunları onun maraqlarına uyğun pozulmasını istəyir: "Bu adam başa düşmək istəmir ki, bu ölkədə hər şey qanunlarla həyata keçirilir. Şahin Abbasov deyir ki, qanunları pozaraq onun sərəncamına əlavə torpaq sahələri verək. Amma mən qanunları kiminsə maraqlarına uyğun olsun deyə poza bilmərəm. Həmin torpaq sahəsi nə mənim, nə də başqa bir adamındır, bu, dövlətin mülkiyyətindədir. Dövlətin əmlakını isə necə gəldi paylamaq olmaz. Şahin Abbasov istəyir ki, qanunsuz olaraq ona torpaq sahəsi verilsin, o da öz yaxın ətrafı arasında bölüşdürsün. Buna yol vermədiyim üçün isə mənə qarşı bu cür şər-böhtan kampaniyası aparır".
Onu da nəzərə çatdıraq ki, Miri Qəmbərov 27.06.2013-cü il tarixində Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyətinin "Azərmetal" Topdansatış Ticarət Birliyinin Baş direktoru Şahin Abbasova məktub ünvanlayıb. M.Qəmbərovun ünvanladığı "Unikal"a daxil olan məktubda problemin mahiyyəti təfsilatı ilə açıqlanır və hər şeyin qanunvericiliyə uyğun olduğu göstərilir: "Nəzərinizə çatdırıram ki, "Azərmetal"TTB-nin kollektivi adından tərəfinizdən imzalanmış 25.06. 2013-cü il tarixli 2013/06-25 saylı cəfəngiyyat dolu, qərəzli, şantaj xarakterli məktubunuzda mənim ünvanıma yağdırdığınız əsassız böhtanlar və ittihamların artıq bir neçə dəfə təkrar olunmasına və bu özbaşınalığa son qoyulmasına zəruriyyət yarandığını nəzərə alaraq aşağıdakıların bildirilməsini vacib hesab edirəm.
Təəssüf hissi ilə bildirirəm ki, "Azərmetal"TTB-nin düşdüyü indiki acınacaqlı vəziyyətə görə birbaşa birliyin rəhbəri kimi təqsirinizi yəqin ki, dərk etsəniz də, məktubda göstərdiyiniz məntiqsiz dəlillər, əsassız iddialar yalnız kollektiviniz qarşısındakı məsuliyyətdən yayınmaq və özünüzə bəraət qazandırmaq məqsədini daşıyır.
Rəhbərlik etdiyiniz birliyə məxsus olmuş 12,7 ha torpaq sahəsindən hal-hazırda cəmi 1,35 ha sahənin qalmasınan əsas səbəbi özünüz də yaxşı bilirsiniz ki, hamıdan dəqiq sizə bəllidir.
Xatırlatmaq istərdim ki, məktubda göstərdiyiniz xırda topdansatış müəssisələrinə torpaq sahəsinin verilməsinin təşəbbüskarı məhz siz olmusunuz və həmin müəssisələrə torpaq sahələrinin verilməsi sizin istək və razılığınız əsasında həyata keçirilmişdir. Onu da nəzərinizə çatdırıram ki, Mirəli Qaşqay, 100 ünvanda yerləşən torpaq sahəsi "Azərkontrakt" Səhmdar Cəmiyyətinin digər bir təşkilatının balansında olmuş və oradakı əmlakın Abşeron rayon TTHTM-nə aidiyyəti olmayıb. Bir həqiqəti də xatırlatmağı vacib hesab edirəm ki, məktubunuzda adını hallandırdığınız Cəmiyyətin Abşeron rayon TTHTM-nin və digər müəssisələrinin yaradılması və onlara rəhbər işçilərin təyin edilməsi müvafiq icra orqanlarının təklifləri və təqdimatları əsasında həyata keçirilmişdir.
Belə təcrübə metodu sizə də tanışdır, çünki "Azərmetal"TTB-nə rəhbər vəzifəsinə təyinatınız həmin üsul ilə baş tutmuşdur.
Əfsuslar olsun ki, hamıya bəlli olan adi bir həqiqətə də aydınlıq gətirmək məcburiyyətindəyəm. Respublikamızda dövlət əmlakının özəlləşdirilməsi, digər qurumlara, fiziki şəxslərə icarəyə və yaxud istifadəyə verilməsi məsələlərinin həyata keçirilməsi Dövlət başçısının Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə birbaşa həvalə edilmişdir. Sizə də məlum həqiqətdir ki, "Azərkontrakt" Səhmdar Cəmiyyəti "Azərmetal"TTB-nin kollektivinin müraciətlərini və təkliflərini nəzərə alaraq öz prinsipial mövqeyi ilə dəfələrlə çıxış etmişdir. Bunu təsdiq edən xeyli miqdarda yuxarı instansiyalara və aidiyyəti qurumlara olan müraciətlərimiz əyani sübutdur.
Birliyin əməkdaşı Elçin Zeyvər oğlu Nuriyevə 0,90 ha torpaq sahəsinin icarəyə verilməsinə razılığı "Azərkontrakt"SC-i tərəfindən şəxsən sizin şəxsi təşəbbüsünüz və müraciətiniz nəzərə alınaraq verilmişdir və Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə müddətli olduğu üçün Əmlak Məsələləri Dövlət Komitəsi razılaşdırılmış müddətin başa çatdığını səbəb gətirərək və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689-cu maddəsinin 1-ci bəndinə əsaslanaraq birtərəfli qaydada icarə müqaviləsinə 31.01.2010-cu ildə xitam vermişdir.
Bir daha nəzərinizə çatdırıram ki, mənə ünvanlandırdığınız məktubunuzda səlahiyyətlərinizə aid olmayan, milli-əxlaqi dəyərlərimizə xələl gətirən və etik normalara zidd sayılan böhtan, iftira və şantaj əməllərinizdən əl çəkməyi sizə tövsiyyə edirəm. Tam ciddiyyətlə bildirirəm ki, əks təqdirdə müvafiq hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqsınız".
Göründüyü kimi, Miri Qəmbərov Şahin Abbasovun yalan danışdığını faktlarla sübut edir. Ortaya qoyulan sənədlər də bunu deməyə əsas verir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24