"İran və Türkmənistan Xəzərin statusu ilə bağlı danışıqları uzatmaqda maraqlıdır"
16:29 26-09-2014
CƏMİYYƏT
"İran və Türkmənistan Xəzərin statusu ilə bağlı danışıqları uzatmaqda maraqlıdır"
Rüstəm Məmmədov hesab edir ki, Xəzər hövzəsində geopolitik maraqların toqquşması problem yaradır
Sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək. Sammit çərçivəsində keçirilən görüş zamanı Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin müzakirə olunacağı gözlənilir, çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır.
IV Xəzər sammiti, burada müzakirə olunacaq məsələlər və Xəzər dənizinin əsas problemləri ilə bağlı "Kaspi"nin suallarını Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov cavablandırır.
- Rüstəm müəllim, Xəzər dənizinin statusu üzrə dövlət başçılarının IV sammitində əsasən hansı məsələlərin müzakirə olunacağı gözlənilir?
- IV Xəzər sammiti çox ciddi məsələlərin müzakirəsini nəzərdə tutur. Burada Xəzər dənizinin statusu, konvensiya layihəsinin müzakirəsi başlıca yerdədir. Çünki bu istiqamətdə bir sıra məsələlər açıq qalıb. Onunla bağlı fikir aydınlığı əldə edilməyib. Düzdür, son illər İranın və Türkmənistanın mövqeyində bir qədər yumşalmalar hiss olunur. Onlar kompromisə qismən hazır olduqlarını bildiriblər. Qismən ona görə deyirəm ki, bu proses o qədər də asan deyil. Birdən-birə həmin dövlətlərin Xəzər Dənizinin Statusu Konvensiyasını imzalamasını gözləmək olmaz. Əgər bu Konvensiya imzalansa və BMT-də qeydiyyatdan keçərsə, status məsələsi bitmiş sayılar. Bununla Xəzər dənizinin problemləri ilkin mərhələdə həll olunmuş sayılar. Status konvensiyasının formalaşması Xəzər dənizinin gələcək taleyini, növbəti hüquqi addımları müəyyənləşdirir.
- Qeyd etdiniz ki, İranın və Türkmənistanın mövqeyində bir qədər yumşalma var. Bu yumşalma sammitdən müsbət nəticələr gözləməyə əsas verirmi?
- Mənə elə gəlir ki, İran və Türkmənistan bu prosesi daha çox uzatmaqda maraqlıdırlar. Onlar öz məqsədlərinə çatmayınca, bundan əl çəkən deyillər. Hər iki dövlətin Xəzər dənizinin statusu ilə bağlı bir sıra açıq problemləri qalıb. Birincisi Xəzər dənizinin bölünməsi, delimitasiyasıdır. Bu problemin həlli üçün tərəflərdə fikir aydınlığı yoxdur. Ümumiyyətlə, beş Xəzəryanı dövlətin hər birində bununla bağlı müxtəlif mövqe var. Lakin son illər 3+1+1 formatı üzrə mövqe formalaşıb. Bu format o deməkdir ki, üç Xəzəryanı dövlət dənizin dibini delimitasiya edib və onların mövqeləri birdir. Sözügedən məsələdə mövqeyi uyğun gəlməyən ölkə Türkmənistan və İrandır. Rəsmi Aşqabad Xəzərin delmitasiyasını, həm dənizin dibi ilə, həm də üstü ilə tam görmək, delmitasiyada öz metodunu tətbiq etmək istəyir. Bununla Türkmənistan Xəzəryanı prosesləri öz marağına xidmət etdirmək məqsədi güdür. Bu zaman sərhədlərin çəkilməsində sahilyanı çıxış nöqtələrindən digər dövlətin meridian xətti bizdə təxminən Qaradağ rayonu ərazisindən keçir. Türkmənistanın sahilindən hesablanır və Qaradağ rayonu ərazisinə qədər gəlib çıxır. Onun ortaq nöqtəsini tapanda isə Xəzər dənizindəki "Kəpəz", "Azəri", "Çıraq" və "Günəşli" yataqları Türkmənistan ərazisinə düşür. Təbii ki, bu, tamamilə yanlış metoddur. Çünki dünyada, eləcə də dəniz hüququ üzrə 1982-ci il konvensiyasına görə, ortaq xətti tutmaqdan ötrü sahilyanı çıxış nöqtələri əsas götürülməlidir. Yəni, bir tərəfin sahilyanı nöqtələri ilə digər sahilyanı nöqtələr arasında xətt birləşdirilir və onun ortaq nöqtəsi tapılır. Bu ortaq nöqtə tapıldıqda orta hesabla "Kəpəz" neft yatağının təxminən 60 faizi Azərbaycanın, 40 faizi Türkmənistanın payına düşür. "Azəri", "Çıraq" və "Günəşli" yataqları ilə bağlı məsələ isə qətiyyən gündəmə gətirilə bilməz. Çünki onların yerləşdiyi yer Azərbaycanın ərazisidir. Beynəlxalq dəniz hüququ nəzəriyyəsində və dövlətlərin təcrübəsində bununla bağlı bir çox mülahizələr mövcuddur. Məsələn, Xəzər dənizində kəşf olunmuş yataqlar, ərazi və sair onu kəşf edənin mülkiyyəti sayıla bilər. Bu prinsip BMT-nin Nizamnaməsinin 38-ci maddəsinə uyğundur. Lakin Azərbaycan "Kəpəz"də o qədər də zəngin neft yatağının olmamasını, humanistlik prinsipini əsas tutaraq, bu yatağı Türkmənistanla bölməyə hazır olduğunu bəyan edib. Ortaq xətt mövqeyində ikinci narazılıq doğuran məqam "Alov" yatağının işlədilməsidir. İranla bu yataq üzərində mübahisəmiz hələ də açıq qalıb.
- Gələcəkdə İran və Türkmənistanın siyasi iradə nümayiş etdirməsinə də ümid yoxdurmu?
- Siyasi iradə geopolitik maraqlarla bağlıdır. Bu gün geopolitik maraqlar Xəzər hövzəsində toqquşur. Buradakı 5 dövlət də həmin maraqların təsir zonasındadır. Xəzər dənizinin sahilində yerləşən Azərbaycanda 8 geopolitik təsir zonası var. Bu geopolitik maraq sahibləri ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə, Səudiyyə Ərəbistanı simasında ərəb dünyası, Çin və Yaponiyadır. Bu geopolitik təsir zonalarının hər biri özünəməxus maraqlar üzərində qurulur və həyata keçirilir. Azərbaycan bunların heç birinə yox demir. Çünki bizim də həmin geopolitik təsir zonalarının hər birində öz marağımız var. Eyni vəziyyəti biz Xəzərlə sərhəd olan digər ölkələr üzərində də müşahidə edə bilərik. Bu maraq dairələri bir-biri ilə toqquşduğundan Xəzər hövzəsindəki müəyyən problemlər öz həllini tapmır, ümumi maraq əldə edilə bilinmir.
- Xəzərin delimitasiyasında ortaq məxrəcə gələ bilməyən ölkələrə Rusiyanın hər hansı təklifi olubmu?
- Rusiya XİN-in Xəzər məsələləri üzrə müavini Viktor İvanoviç Kalyujni Xəzər dənizinin bölgüsündə "Modifikasiyalı ortaq xətt prinsipi"ni irəli sürüb. Bu prinsipin məğzi ondan ibarətdir ki, Xəzərdə neft yataqlarını kim kəşf edibsə, ona dəyib-dolaşmaq olmaz. Həmin yataqlar onu kəşf edənin mülkiyyəti olmalıdır. Bu prinsip meydana gələndən sonra Rusiya ilə Qazaxıstan arasında mövcud olan konfliktlər səngidi. Biz isə hələlik "Modifikasiyalı ortaq xətt prinsipi"ni tətbiq edə bilmirik. Xəzərdə bu məsələ ümumi əsasını tapmayıb. Rusiyanın təklifi kimi Konvensiyada bu məsələ qaldırılanda Azərbaycan onun lehinə səs verib. Amma digər dövlətlər öz mövqelərini hələ də dəqiqləşdirməyiblər.
- Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində mübahisəli məsələ yalnız delimitasiyadan ibarətdirmi?
- Xeyr. Xəzər dənizinin statusu üzrə mübahisəli məsələlərdən biri də ətraf mühitin qorunması məsələsidir. 2003-cü ildə ətraf mühitin qorunması üzrə konvensiya - çərçivə sazişi qəbul olundu. Bütün Xəzəryanı dövlətlərin imzaladığı həmin konvensiya qüvvəyə minsə də imperativ xarakterli normalar orada nəzərdə tutulmayıb. Bu konvensiyada daha çox dispozitiv – tövsiyəedici normalar nəzərdə tutulub. Həmin konvensiyadan irəli gələrək, Xəzər dənizinin ətraf mühiti ilə bağlı bir sıra konvensiyalar da qəbul olunmalıdır. Bura Xəzərin biosərvətlərinin qorunması və artırılması, dənizin çirkləndirilməsinin, o cümlədən Xəzərin sahildən çirklənməsinin qarşısının alınması, Xəzərdə ekoloji monitorinqlərin həyata keçirilməsi, ekoloji təşkilatın yaradılması istiqamətində konvensiyalar daxil idi. Hələlik Xəzərin biosərvətlərinin qorunması konvensiyası qəbul olunub. Gözlənilir ki, dövlət başçılarının IV sammitində bu konvensiya imzalanacaqdır. Delmitasiya sahəsində isə bayaq qeyd etdiyim kimi, hələlik bir irəliləyiş yoxdur. Xəzərin statusunu müəyyənləşdirən elementlərdən biri də onun adıdır. Bu məsələdə də irəliləyiş yoxdur. ənənəvi olaraq Xəzəri dəniz adlandırırlar, amma coğrafiyadan da bizə məlumdur ki, Xəzər okeana təbii çıxışı olmadığı üçün göldür. Lakin tarixi ənənələr əsas tutularaq Xəzər dənizi adlandırılır. Göl statusunda müəyyən elementlər var ki, onlar tətbiq edilməlidir. Bununla bağlı da dövlətlər arasında hər hansı razılaşma yoxdur.
Digər Xəbərlər
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07