"Xilafət kölgəsində" kəşfiyyat savaşları
16:29 26-09-2014
CƏMİYYƏT
"Xilafət kölgəsində" kəşfiyyat savaşları
Sentyabrın 23-də Pentaqonun rəsmi nümayəndəsi admiral Con Kirbi ABŞ-ın İraq və Suriyadakı terrorçulara qarşı ("Cəbhət ən-Nüsra", "Xorasan" və "İslam Dövləti") hava zərbələrinə başladığını açıqladı.
İraq və Suriyadakı radikal islamçılara qarşı koalisiyaya Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, İordaniya, BƏƏ qatıldılar. Əvvəl koalisiyaya qoşulmağa məsafəli yanaşan Ankara "İslam Dövləti" təşkilatında əsirlikdə olan diplomatların azad edilməsindən sonra koalisiyaya qoşulmağı qərara aldı.
İslam dünyası və ümumilikdə region üçün təhlükə olan "İslam Dövləti" və digər qruplaşmalara qarşı koalisiyaya münasibətə gəlincə, İslam dünyasında bu koalisiya heç də birmənalı qarşılanmadı. Belə ki, bir çox islam alimləri "İslam Dövləti"nə qarşı mübarizənin vacib olduğunu, lakin bu mübarizədə ABŞ-a dəstək verməyin doğru olmadığını bildirdilər, digərləri isə bunu "sünnilərə qarşı sünni koalisiyası" adlandırdılar.
"İslam Dövləti" və digər qruplaşmaların məhvi İranın maraqlarında olsa da, Tehran bu koalisiyaya qoşulmayacağını bəyan etdi. İranın "İslam Dövləti" əleyhinə koalisiyaya qoşulmamağının bir çox səbəbləri var. Bunlardan ən başlıcası Tehranın "İslam Dövləti" əleyhinə keçirilən əməliyyatların sadəcə ABŞ-ın maraqlarına xidmət etdiyi və əməliyyatların Suriya hakimiyyətinin devrilməsinə yönəldiyi düşüncəsinin olmasıdır.
Əslində, İranın koalisiya əleyhinə çıxışı birmənalı olaraq ölkə maraqlarına xidmət edir. Çünki Suriyada "İslam Dövləti"nin nəzarəti altında olan ərazilər təmizləndikdən sonra bu ərazilər, çətin ki, Əsəd hakimiyyətinin tabeçiliyinə verilsin. Ərazilər azad ediləcəyi təqdirdə idarəetmə "Azad Suriya ordusuna" keçəcək ki, bu da İranın maraqları daxilində deyil. Ən azından ona görə ki, "Azad Suriya ordusu" dəfələrlə bəyan edib ki, yeni Suriyada İrana yer olmayacaq.
Nə üçün "İslam Dövləti"?
Region üçün ciddi təhlükəyə çevrilən "İslam Dövləti"nin hazırkı lideri Bağdadi başda olmaqla, bundan əvvəl qətlə yetirilən liderlərin hamısı ( Əbu Əli əl-Anbari, Əbu Əymən əl-İraqi, Əbu Əhməd əl-Əlvani, Əbu Fatima, Məhəmməd əl-Ədnani, Hacı Bəkir və Əbu Abdurrahman əl-Billavi) əslən iraqlıdırlar. İraqda formalaşan təşkilatın liderlərinin iraqlı olması isə əsla təsadüf deyil. Liderlərin hamısının iraqlı olmasının arxasında duran ismarış isə budur: "təşkilatın idarəçiliyində yad ünsürlər yoxdur". Bu da öz növbəsində İraqda sabiq baş nazir Nuri əl-Maliki hakimiyyətinə qarşı mübarizə aparan sünnilər üçün heç də az əhəmiyyətli deyil.
Təsis edildiyi zaman "Tövhid və Cihad" kimi fəaliyyət göstərən hazırkı "İslam Dövləti" daha sonralar "fəaliyyət" üçün Suriya və İraqda münbit şərait yaranan kimi adını ilk olaraq İŞİD-ə (İraq və Şam İslam Dövləti), sonra isə "İslam Dövləti"nə dəyişdirdi. İlk baxışdan o qədər də əhəmiyyət kəsb etməyən bu ad dəyişikliyinin arxasında sadəcə İraq, Suriya, qonşu ərəb ölkələri deyil, eyni zamanda, dünyanın bütün ölkələrindən olan cihadçıların təşkilata cəlb olunması durur. Bu isə onu göstərir ki, "İslam Dövləti" təşkilatının hərbi qanadı ilə yanaşı, təbliğat strukturları da ciddi fəaliyyət göstərir.
"İslam Dövləti" və regiondakı digər terrorçu ünsürlər qonşu dövlətlər üçün hər nə qədər təhlükə mənbəyi olsa da, digər bir tərəfdən, bu dövlətlər üçün daxildəki radikal islamçılardan yaxa qurtarmaq yollarından biridir.
"İslam Dövləti"nə hava zərbələri və nəticələr
"İslam Dövləti"nə qarşı həyata keçirilən hava zərbələri ilə təşkilatın ideoloji və hərbi qanadının tam olaraq məhv ediləcəyi bir o qədər də inandırıcı deyil. Hərbi əməliyyatlar təşkilatı zəiflətsə də, gec-tez "İslam Dövləti" strategiyasını dəyişərək yeni "gizli" dövrə qədəm qoyacaq ki, bununla mübarizə aparmaq bir o qədər də asan olmayacaq.
Digər bir tərəfdən, hava zərbələrinin davam etdirilməsi bölgədə qaçqınların axınına səbəb olacaq. Bu da ilk növbədə hərbi əməliyyatdan qaçan terrorçuların digər ölkələrə keçməsi üçün əsl fürsət yaradacaq.
"İslam Dövləti"nə qarşı başladılan hərbi əməliyyatlar regionda digər dəyişikliyə də səbəb ola bilər. Belə ki, Avropa İttifaqının terrorla mübarizə koordinatoru Gilles de Kerçove "İslam Dövləti"nə qarşı mübarizə aparanlar arasında PKK-nın da olduğunu açıqlayıb. O, bildirib ki, "Türkiyə Aİ-dən PKK-nı terror təşkilatları siyahısında saxlamağı tələb edir. PKK ilə Türkiyə arasında danışıqlar real nəticə verdikdən sonra PKK terror təşkilatı siyahısından çıxarılacaq".
PKK-nın "İslam Dövləti"nə qarşı aktiv cəbhə açması isə təşkilatın silahlandırılması ilə nəticələnə bilər ki, bu da Ankaranın maraqlarına xidmət etmir.
Bu gün İraq və Suriyada baş verənləri diqqətlə izlədikdə "Xilafət kölgəsində" sadəcə İran və Türkiyənin deyil, eyni zamanda, qonşu ərəb dövlətlərinin və Qərbin xüsusi kəşfiyyat orqanlarının mübarizəsinin şahidi olmuş olarıq. Bu savaşın isə tezliklə bitməyəcəyi gün kimi aydındır.
Rufiz Hafizoğlu
Digər Xəbərlər
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00