"Kamran Həsənlinin yazıçılarla rəftarı həm də ANS-in ədəbiyyata münasibətinin göstəricisidir"
Bir neçə gün əvvəl ANS telekanalının "Günəbaxan" proqramında aparıcı Kamran Həsənli ilə verilişə qonaq qismində dəvət olunan yazarlar Şərif Ağayar, Mirmehdi Ağaoğlu və Ağa Cəfərli müzakirə olunan mövzu ilə bağlı mübahisə yaşayıb. Cəmiyyətdə ədəbiyyata, xüsusən də gənc yazarlara münasibətin necə olması həmin mübahisə nəticəsində bir daha üzə çıxıb. Görəsən, bundan sonra qələm adamları Azərbaycan efir məkanı və onun aparıcıları barəsində nə düşünür?
Kənan Hacı, yazıçı:
- Televiziyalar bütün hallarda reytinq arxasınca düşürlər. Onlara yazıçı sözü lazım deyil. Onlara qalmaqal, meyxana, qeybət janrında söhbətlər lazımdır. Düşük verilişlərə, qeyri-peşəkar səviyyədə çəkilən seriallara nə qədər baxmaq olar?! Təsəvvür edin, Kamran Həsənli verilişə dəvət etdiyi üç tanınmış yazarı tanımır. Yazıçıdan "sənin adın necə oldu" soruşan aparıcıdan hansı peşəkarlıq gözləyirsiniz? Sadəcə, ayıbdır! ANS bu cür adama veriliş aparmağı həvalə edirsə, daha deməyə söz qalmır. Telekanalların əksəriyyətində efir mədəniyyətindən xəbərsiz adamlar veriliş aparır. Kamran Həsənlinin yazıçılarla rəftarı həm də ANS-in ədəbiyyata münasibətinin göstəricisidir.
Qan Turalı, yazıçı:
- Televiziya tənqidçisi deyiləm. Heç bir kanalın və heç bir verilişin tamaşaçısı da deyiləm. Buna nə vaxtım var, nə də həvəsim. Çexovun bir hekayəsinin təkrar oxunuşundan alınan zövqü heç bir televiziyadan ala bilməyən milyonlarla oxucunun biri də mənəm. Televiziyanı mədəniyyətin kanalizasiyası hesab edən Fellini tam haqlıdır. Bu anlamda televiziyanın ədəbiyyata göstərdiyi münasibət məni qətiyyən narahat etmir. Televiziya mahiyyətinə uyğun hərəkət edir.
Aydın Xan Əbilov, yazıçı, kulturoloq:
- Bütün dünyada belədir, televiziya biznes strukturu olduğundan daha çox pul qazanmaq, reklam əldə etmək üçün əhalinin ən çox televizyaya baxan hissəsinə, yəni kütləyə işləyir. Hətta Rusiyanın "Kultura" kanalı da bu sahədə az tamaşaçı toplaya bilir. Azərbaycan telekanallarında ədəbiyyat, yazıçı, kitab məsələlərinə bir o qədər də həvəs göstərilmir. Çünki buna təlabat yoxdur. "Xəzər" TV-də, İTV-də yazıçılarla bağlı səhər və axşam gedən verilişlər var. Yazıçılar dəvət olunurlar. ədəbiyatla bağlı buraxılışlar hazırlanır. Bu, azdır. Bizim yazıçıları, şairləri efirə çıxaranda insanları düşündürən məsələləri normal dilə gətirə bilirlərmi? Bizdə şair, yazıçı deyəndə toylarda tamadalıq edənlər yada düşür. Daha çox bölgələrdən gələn, özündən və qohumlarından başqa heç kimi tanımayan şairlər bəzən ekranlara buraxılır. Bəzi kanallarda o insanlar yazıçılar, dırnaq arası kreativ adamlardan hörmət gözləyirlər. Hörmət əlaməti olaraq kanallara buraxılırlar. Demək olar, bu mövzularla bağlı televizyalara ən çox dəvət olunan mənəm. Əslində artıq mənim üçün yorucudur. Nə qədər eyni verilişlərdə, eyni şeyləri demək olar? Üstəlik, xaricdə verilişlərə normal ekspert dəvət edəndə qonorar verilir. Bizdə bütün xərcləri özümüz çəkirik (saç, geyim) Azərbaycan televiziyaları normal ekspert üçün qonorar fikirləşməlidir. Bizdə yaşlı və orta nəslin bəzilərini çıxmaq şərtilə auditoriyada fikrini normal ifadə dən adamlar azdır
Cəlil Cavanşir, yazıçı:
- "Televiziyalar yazıçılara, xüsusən alternativ fikirli yazıçılara qarşı hər zaman laqeyd olub. Efirə, adətən bayağı, şou əhval-ruhiyyəli insanlar çağrılır. Yazıçı və ya fikir adamları, adətən dekorativ xarakterli qonaqlar hesab olunur. Aparıcı bu qonaqlara danışmağa şərait yaratmır, sözünü kəsir və bacardıqca mane olur. Mən efir məkanımızda yazıçıya, söz, fikir adamına tam sərbəstlik verən yeganə aparıcı Elçin Əlibəylini hesab edirəm. Bir çox alternativ fikir sahibləri məhz onun sayəsində efirlərə çıxa bilib. Elçin bəy bu gün də bu sahədə fəaliyyətini davam etdirir. Mən hətta iştirakçısı olduğum proqramları da izləmirəm. Televiziyaya aylarla baxmıram və buna görə də aparıcılar haqqında xüsusi fikrim yoxdur. Amma zamanında Anar Yusifoğlunu, Vəsilə Vahidqızını, Elçin Əlibəylini, Nəsimi Nəbizadəni və İlqar Rəsulu aparıcı kimi bəyənirdim".
Elmin Piri, şair:
- Ümumiyyətlə, televiziyaların yazarlara münasibəti ürəkaçan deyil. Hətta ürəkaçan sözü bunun yanında toya getməlidir. Toy dedik, bu mövzu da toy haqqında polemikadan yarandı. Kamran Həsənlinin verilişində Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Ağa Cəfərlinin üzləşdiyi heç də yaxşı hal deyil. Aparıcı Mirmehdi ilə elə danışır ki, sanki bağçadan qaçan uşağı evin küncünə qoyub danlayır. İlk dəfə televiziyalara qonaq çağıranlar çağırdıqları adamların nə işlə məşğul olmasını bilməlidirlər. Əgər hər hansı saytda, qəzetdə işləyən jurnalist tanımadığı adamla müsahibə alsa, həmin jurnalisti fitə basarlar. Amma televiziya jurnalistləri bu etikanı mənimsəməlidir. Bəzi aparıcılar özlərini məhkəmə hakimi, ya da ittihamçı prokuror kimi aparır. Qarşısınakı yazıçıya cinayət törədən məhkum kimi baxır. İlk növbədə yazıçılara yuxarıdan aşağı baxmaq verdişi aradan qalxmalıdır. Bu da daha çox yazarların öz üzərinə düşür.
Əslində yazarlar da iştirak edəcəkləri verilişlərdə digər qonaqların kim olduğunu öyrənib getməlidirlər.
Digər Xəbərlər
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04
2024-12-20 19:31:02
2024-12-20 18:31:19
2024-12-20 13:49:17
2024-12-19 23:51:10
2024-12-19 19:32:34
2024-12-18 22:55:05
2024-12-18 22:00:12
2024-12-18 19:31:31
2024-12-18 18:38:27
2024-12-18 14:33:15
2024-12-18 13:46:00
2024-12-18 11:50:00