Müxalifət icazəsiz aksiyada da uduzdu
11:38 09-05-2012
İQTİSADİYYAT
Müxalifət icazəsiz aksiyada da uduzdu
İctimai Palata parçalanmağa doğru gedir
Müxalifət hakimiyyətlə əldə olunan razılaşmadan kənara çıxaraq Bakı şəhər İH-nin binası qarşısında aksiya keçirtdi. Gözlənilirdi ki, aksiya ciddi müqavimətlə müşahidə olunacaq və bu, yenə də beynəlxalq təşkilatların diqqətini cəlb edəcək. Hesab edilir ki, hazırkı məqamda hakimiyyət müxalifətə qarşı sərt addımlar atarsa və yeni həbslər olarsa, ciddi beynəlxalq təzyiqlər başlaya bilər. Amma maraqlıdır ki, hakimiyyət bu dəfə bu tipli addımlar atmadı, əksinə, icazəli aksiyada təhlükəsizliyin təminatını öz üzərinə götürdü.
Müxalifət isə hesab edir ki, hakimiyyət bu addımla geri çəkildi və bundan sonra müxalifət aksiyaların sayını artıracaq.
Bəs əslində nə baş verdi?
Müxalifətin ilk qüsuru
Son zamanlar baş verən prosesləri təhlil edən ekspertlər bu qənaətdədir ki, müxalifətin mitinq taktikasına hakimiyyət bütövlükdə nəzarət edə bilir. Məhz buna görə də hakimiyyətin hər hansı yanlışlığından danışmağa dəyməz. Çünki ilk yanlışlığı yenə müxalifət etdi.
Belə ki bir müddət öncə hakimiyyət müxalifətə icazəli mitinqlər keçirtmək üçün yer ayırdı və bu günə qədər həmin yeri qəbul etməyən müxalifət bu dəfə razı oldu. Əslində, bu, müxalifətin ən ciddi yanlışlığı idi və ortaya belə bir suallar çıxdı. Bir halda ki, həmin ərazilərdə mitinq keçirtmək mümkün idisə, nədən bu günə qədər hakimiyyətin dedikləri ilə razılaşmırdınız? Buradan isə belə nəticə çıxır ki, hakimiyyət yenə öz prinsiplərinə sadiq qaldı, amma müxalifət prinsiplərindən imtina edərək hakimiyyətin dediyini qəbul etdi.
Başqa bir tərəfdən aydın oldu ki, müxalifət razılaşdığı yerdə mitinqləri çox sönük keçirdi və hakimiyyət bundan da istifadə etdi. Hakimiyyət ilk növbə də bütün dünyaya sübut etdi ki, razılaşdırılmış aksiyaların keçirilməsinə etiraz etmir və bu səbəbdən Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunur. Və hakimiyyətin bunu sübut etməsinə də yardımçı olan elə müxalifətin özü oldu.
Digər tərəfdən, müxalifətin İctimai Palata adlanan qolu belə bir addım atmaqla müxalifət daxilində də şübhələrin artmasına təkan verdi. Belə ki, bir sıra müxaliflər hesab etdilər ki, bu, hakimiyyətlə razılaşdırılmış oyun idi.
Eks-spiker Rəsul Quliyev daha uzağa gedərək bəyan etdi ki, İctimai Palata hakimiyyətin sifarişlərini həyata keçirir. Bununla da hakimiyyət bu məsələdə də istəyinə nail oldu. Hətta İctimai Palatanın öz daxilində də bu məsələ ilə bağlı ciddi ziddiyyətlər yarandı. Həbsdə olan Müsavat Partiyası aparatının rəhbəri göndərdiyi mesajda açıq şəkildə qeyd etdi ki, əgər razılaşdırılmış mitinqlər lazım idisə, onda nəyə görə razılaşdırılmamış aksiyalar keçirildi və bu gün onlarla şəxs həbsdədir? Bu sula cavab vermək də çətin idi. Bundan sonra basqıları hiss edən İctimai Palata növbəti qərarını elan etdi.
Müxalifətin gülünc durumu
İctimai Palata bəyan etdi ki, artıq şəhərin mərkəzində aksiya keçirtməkdə israrlıdır. Bununla bağlı ATƏT-in Bakı bürosunun səfiri də açıqlama verərək bildirdi ki, müxalifətə belə şərait yaratmaq yaxşı olar. Çoxları hesab edirdilər ki, hakimiyyət buna razılıq verməyəcək. Amma bunun tam əksini gördük.
Öncə belə rəy yaradıldı ki, müxalifətin sosial bazası olmadığından razılaşdırılmış yerlərdə mitinq keçirtmək istəmir. Bundan sonra isə bildirildi ki, hazırkı məqamda belə addım atmaq düzgün deyil. Bununla da cəmiyyətdə hakimiyyətə sərf olunan ictimai rəy yaradıldı. Bundan sonra isə müxalifət şəhərin mərkəzində aksiyaya start verdi.
Bəs nə baş verdi? Baş verən bu oldu ki, polis müdaxiləsi olmadan şəhərin mərkəzində keçirilən aksiya da uğursuz oldu. Çünki yenə cəmiyyətin biganəliyi oldu və müxalifət bu aksiyaya da çox az adam çıxara bildi. Buna baxmayaraq hakimiyyət heç bir müqavimət göstərmədi. Bundan sonra isə İctimai Palata rəhbərliyi polisə müdaxilə etmədiyinə görə təşəkkürünü bildirdi. Nəticə isə göz qabağındadır. Uduş hakimiyyətin oldu. Bununla da sübut olundu ki, əslində hakimiyyət geri çəkilməyib. Sadəcə olaraq müxalifətin mitinq taktikasını tam nəzarətə götürüb və bu addımlarla onu iflas həddinə gətirdi.
Amma bu o demək deyil ki, müxalifət bu şəkildə prosesləri davam etdirəcək. Əksər ekspertlər hesab edirlər ki, hakimiyyət sadəcə olaraq "Eurovizion" mahnı müsabiqəsinə qədər müxalifətin bu şıltaqlıqlarını izləyəcək. Amma bundan sonra oyun qaydalarını pozmağa çalışmalar, sadəcə, mümkünsüz olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42