"Rəfsəncani gələndə Zəngilan işğal olundu, Ruhani gələndə isə..."
İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanan sənədlərdəki müddəaların reallaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç kəsin ağlına gəlməyən şərait yaradır.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, İran-Azərbaycan iqtisadi əməkdaşlığı günün tələbidir: "Bu əməkdaşlığa İranın şimal regionlarının daha çox ehtiyacı var. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsas nüvəsini hələlik "Araz Azad İqtisadi Zonası"nın fəaliyyətə başlaması təşkil edir. Araz AİZ-in fəaliyyətə başlaması Araz çayının lazımi standartlara cavab verməsini tələb edir. Ona görə İran və Azərbaycan ilk olaraq Araz çayı boyu iki ölkənin sərhədləri məsələsini razılaşdırmalıdırlar. Razılaşmanın əldə olunması üçün Azərbaycan sərhədçiləri Araz çayı boyunca keçən sərhədlərinə sahib çıxmalıdır. İranın bu məsələdə marağı olduğu üçün Azərbaycan sərhədçilərinin Araz çayı boyunca işğal olunmuş ərazilərə keçməsinə şərait yaratmağa məcburdur. Azərbaycan sərhədçilərinin hərbi-texniki təminatı yüksək səviyyədədir. Zərurət yaranacağı təqdirdə Daxili qoşunlar və Müdafiə Nazirliyi də Sərhəd Qoşunlarının müdafiəsinə qalxacaq. Ermənilərin təxribatı yanğın və s. formada olacaqsa, Fövqəladə Hallar Nazirliyi də bu prosesə qoşulacaqdır. İranla Azərbaycan arasında su sərhədlərinin möhkəmləndirilməsi barədə xüsusi müqavilə imzalandı. Eləcə də iki ölkə prezidentlərinin imzaladığı bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti qəbul edilmir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın dövlət suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi ciddi şəkildə qoyulmuşdur".
M.Əhmədoğlunun sözlərinə görə, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi tezisi də öz əksini tapıb: "İlk dəfədir ki, sənədlərdə yazılmış maddələrin ümumi fonunda "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi" tezisi sanki münaqişənin real tənzimlənmə mexanizmlərini gizlətmək üçündür. İranla Azərbaycan arasında imzalanan sənədlərin əsas leytmotivi əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, sonra genişmiqyaslı iqtisadi, enerji və tranzit əməkdaşlıqlardır".
Politoloq hesab edir ki, "İran-Dağlıq Qarabağ münaqişəsi" kontekstində hədsiz diqqətçəkən paralel var: "İranın keçmiş prezidenti Ə.H.Rəfsəncani 1993-cü ilin 8-9 noyabr tarixlərində Bakıya səfərə gəldiyi zaman Zəngilan işğal olundu. İndiki prezident H.Ruhani isə Azərbaycana qədəm qoyan kimi azərbaycanlı hərbçi ermənilərin vertolyotunu vurdu. Bu mühüm psixoloji amildir".
M.Əhmədoğlu qeyd edib ki, İranın prezidenti H.Ruhani İran-Azərbaycan münasibətlərində indiki aktiv proseslərin ilkin təşəbbüskarıdır: " Azərbaycan İranla münasibətləri inkişaf etdirməyə həmişə hazır olduğu üçün Ruhaninin münasibətləri inkişaf etdirməklə bağlı təşəbbüsü dərhal Rəsmi Bakı tərəfindən qəbul edildi".
Politoloq vurğulayıb ki, H.Ruhani və onun komandası əvvəlki prezident M.Əhmədinecad və onun komandasından bütün parametrlər üzrə yerdən göyə qədər fərqlidir: "H.Ruhani və onun komandası yüksək mədəni və intellektual səviyyəli komandadır. Lakin İranda prezident əsas səlahiyyət sahibi deyil. Bütün hakimiyyət Ali rəhbər, dini lider S.Ə.Xameneidədir. Ruhaninin Azərbaycanla münasibətləri istiləşdirmək istiqamətindəki addımlarına dindarların münasibəti neqativ idi. Rəsmi Tehran Rəsmi Bakı ilə münasibətləri istiləşdirdikcə dini İran Rəsmi Bakıya qarşı mövqeyini sərtləşdirirdi. Məhərrəmlik başlayan kimi İranın Azərbaycana qarşı işləyən təbliğat maşını Azərbaycan dindarlarını Aşura mərasimini mitinq forması ilə keçirməyə çağırdılar. Azərbaycan hökuməti adından Aşura mitinqlərinə icazə verildiyini bildirdilər. "Səhər" kanalının Azərbaycan hökumətinin səlahiyyətlərini mənimsəməsi təəccüblü deyildi. Çünki İranın təbliğat maşını islam dininin normalarını təhqir etməkdən xüsusi ləzzət alır və bununla da islami quruluşa özlərinin müxalifətçiliyini nümayiş etdirirlər. İranın Azərbaycanla həmsərhəd ostanlarından birinin imamcüməsi isə mitinqi ən vacib islami ibadət elan etdi: Mitinq namazdan, orucdan, həccdən, hicabdan vacibdir. "Namazınızı qılmayın, orucunuzu tutmayın, həccə getməyin, qadınlar hicab taxmasın - mitinqə çıxsanız, bütün günahlarınız bağışlanacaq və cənnətə gedəcəksiniz".
M.Əhmədoğlunun sözlərinə görə, İranın Ali dini lideri İran prezidentinin Azərbaycana səfərinə hazırlıq dövründə özünün mətbuat üzrə səlahiyyətli nümayəndəsi, İran Teleradio Yayımı Təşkilatının sədri İ.Zərqamini vəzifəsindən uzaqlaşdırdı: "Daha iki məsələ diqqəti çəkir: Birincisi, İ.Zərqaminin rəhbərlik etdiyi teleradio yayımı şirkətinə tabe olan "Səhər" kanalı həm Azərbaycan rəhbərliyi adından Azərbaycan dindarlarını çaşdıran məlumat yaymışdı, həm də imamcümənin islamda ən böyük günah sayılan müşrik bəyanatını da bir neçə dəfə səsləndirmişdi. İkincisi, Zərqami yaxınlarda Bakıya səfəri zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam A.Paşazadə tərəfindən "Səhər" kanalının Azərbaycanda ixtişaş yaratması cəhdlərinə, işğal altındakı şiə abidələrinə diqqət ayırmamasına görə kəskin tənqid edilmişdi. Bəzi rəsmilərimiz də bu tənqidi davam etdirmişdilər".
Politoloq vurğulayıb: "Ümumiləşdirsək, çox mühüm nəticəyə rast gəlirik: İranın Ali rəhbəri Seyid Əli Xamenei İran-Azərbaycan münasibətlərinin inkişafının, güclənməsinin tərəfdarıdır. Ali Rəhbər prezident Ruhaninin bu istiqamətdə atdığı addımlara dəstək verir. Ali Rəhbərin dəstəyi həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aiddir".
M.Əhmədoğlunun sözlərinə görə, İran nəhayət ki, erməni hipnozundan ayıldı və bu məsələdə Rusiyanı qabaqladı.
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42