Baba Tağıyev yenidən "deputatlıq eşqi"nə düşdü
10:32 20-11-2014
CƏMİYYƏT
Baba Tağıyev yenidən "deputatlıq eşqi"nə düşdü
Tanınmış biznesmenin gözlənilmədən mətbuatda peyda olmasına səbəb nədir?
Sabiq millət vəkili, "Avropa qapıları" şirkətinin sahibi Baba Tağıyev gözlənilmədən mətbuatda peyda olub. Tağıyev uzun müddətdən bəridir davam edən səssizliyini nədənsə pozmaq qərarına gəlib və publika.az saytına müsahibə verib.
Müsahibəsində Tağıyev maraqlı, maraqlı olduğu qədər də qeyri-ciddi açıqlamalar verib. Məsələn, ""Avropa qapıları" şirkətinin sizə məxsus olması barədə mediada tez-tez məlumatlar yayılır. Bəs buna münasibətiniz necədir" sualına o belə cavab verib: "Yazsınlar da. Amma mən heç bir bizneslə məşğul olmuram. Müxalifət mətbuatının yazdığı yazılar heç yerə yapışmır. Ataların da gözəl misalı var ki, yalan ayaq tutar, yeriməz. Bu gün kimsə mənə böhtan yazırsa, buna bəzən indi, bəzən də sonra zamanı çatanda cavab verilir". Jurnalistin "Biznesiniz ümumiyyətlə yoxdur" sualına isə Baba müəllimin cavabı belə olub: "Mən dedim ki, bizneslə məşğul deyiləm. Bu cavab sizi qane etməlidir".
Tağıyevin biznesinin olmasını inkar etməsi, ən əsası, guya "Avropa qapıları"nın ona məxsus olmadığını israrla söyləməsi gülüş doğurur. Çünki adıçəkilən qapı-pəncərə istehsalçısı olan şirkətin məhz Baba Tağıyevə məxsus olduğunu ölkədə 7-dən 77-yə bilməyən yoxdur. Elə isə sabiq deputat-biznesmenin belə israrla heç bir biznesinin olmadığını söyləməsi nəyə lazımdır, hansı məqsəd daşıyr?
Əslində bu sualın cavabını Tağıyevin müsahibəsindəki bir başqa nüansda axtarmaq lazımdır. Belə ki, sayt əməkdaşının "Gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə namizədliyinizi irəli sürməyi düşünürsünüz" sualını o belə cavablandırıb: "Parlament seçkiləri çox önəmli mövzudur. Bütün Azərbaycan vətəndaşları üçün vacib əhəmiyyət daşıyır. Əlbəttə ki, mənim üçün də çox əhəmiyyət kəsb edir. Ancaq seçkilərə qədər daha əhəmiyyətli işlər var. Bunlar haqqında düşünməyə və danışmağa dəyər".
Göründüyü kimi, Baba Tağıyev seçkilərdə iştirak edəcəyini dolayısı ilə təsdiqləyib. Elə onun uzun aradan sonra səssizliyini pozmasının və biznesinin varlığını israrla təkzib etməsinin səbəbini onun yenidən Milli Məclisə mandat qazanmaq istəyi ilə əlaqələndirmək lazımdır.
O, başqa bir suala cavabda "Ölkənin ictimai-siyasi həyatında baş verən prosesləri nəinki izləyirəm, faktiki olaraq, bunun içərisindəyəm" deməklə də gələnilki deputat seçkilərində mandat qazanmağa iddiasını bir daha dolayı yolla da olsa ortaya qoyub.
Elə onun həmin müsahibədə müxalifət haqqında kəskin fikirlər səsləndirməsi də 2010-cu ildəki parlament seçkilərində gözdən düşərək itirdiyi millət vəkilliyi mandatını geri qaytarmaq üçün özünü sığortalamaq cəhdi hesab oluna bilər.
Qeyd edək ki, "Unikal" qəzeti olaraq keçən saylarımızda bir çox sabiq məmurların və keçmiş millət vəkillərinin 2015 seçkilərində Milli Məclisə mandat qazanmaq üçün hərəkətə keçəcəklərini hələ bir müddət əvvəl yazmışdıq. Artıq belə sabiqlərdən birinin Baba Tağıyevin timsalında aktiv mövqeyə keçdiyi aydın görünür. İstisna deyil ki, yaxın vaxtlarda biz digər bir çox sabiqlərin də 2015 seçkiləri üçün bəri başdan "nəbz yoxlamağa" start verəcəklərinin şahidi olacağıq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32