Məzhər Bağlı: "Azərbaycana qarşı ikili standartlar əsla qəbuledilməzdir"
10:22 06-01-2015
CƏMİYYƏT
Məzhər Bağlı: "Azərbaycana qarşı ikili standartlar əsla qəbuledilməzdir"
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Prof. Dr. Məzhər Bağlın Dağlıq Qarabağdan danışaraq deyib ki, Dağlıq Qarabağ hüquqi əsaslarla Azərbaycan ərazisidir. Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluqdan faydalanan ermənilər bu torpaqları işğal etməyə başladılar və hamımızın şahid olduğu qətliamlar yaşandı. Ermənilər burada xüsusilə də dinc insanlara qarşı qətliamlar törətdilər. Burada məqsəd Dağlıq Qarabağda erməni əhalinin say baxımından çox olması ilə bu torpaqların sahibi olmağa iddia etmək idi.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamların iki səbəbi vardı. Birincisi, yerli əhalinin sayını azaltmaq və onları öz yürdlarından köçməyə məcbur etmək idi. Ermənilər bu hədəflərinə çatmaq üçün hər vasitəyə al atdılar.
O zaman yaşanan ağrı-acıları hamımız ürəyimizdə yaşayırıq. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yaşadığı bu problemə biganə yanaşır. Bu isə əsla qəbuledilməzdir.
Türkiyə azərbaycanlı qardaşlarımızın yaşadığı ağrı-acıları paylaşmaqla kifayətlənmədi və kifayətlənə də bilməz. Türkiyə Azərbaycanı haqlı mövqeyində, mübarizəsində dəstəkləyib və bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmağa davam edəcək.
Türkiyə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın haqlı tələblərinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi nəticəsində mümkündür. Bunun üçün həm siyasi, həm də diplomatik səylər ciddi şəkildə davam etdirilir:" Erməni məsələsi Türkiyənin ən önəmli problemlərindən biridir. Bu problemin həlli üçün Türkiyənin əsas siyasəti tarixçilərdən ibarət komissiyanın təşkil olunmasından, sağlam tarixi faktlar və sənədlərə əsasən, iddiaların araşdırılmasından ibarətdir.
Bildiyiniz kimi, Türkiyə ermənilərin iddialarının araşdırılması üçün bütün tarixi arxivlərini açdı. Tərəflərin bir-birini əsassız iddialarla ittiham etməsi problemin həlli əvəzinə, onu daha da dərinləşdirir. Həmin dövrdə yaşanan ağrı-acılı günlərə görə düşmənçilik etmək regionda sülhə və sabitliyə zərər verir.
Türkiyə dövləti keçmişdə yaşanan ağrı-acılı günlərin olduğunu bilir və bunları dilə gətirməkdən əsla narahatlıq keçirmir. Buna baxmayaraq, Türkiyə haqsız bir şəkildə ittiham edilməyi də qəbul etmir. Düzünü desəm, mən Türkiyənin dost və qohum xalqlarla qurduğu diplomatik əlaqələrin güclənməsi nəticəsində ermənilərin qondarma "soyqırım" iddialarının gələcəkdə bir mənasının və əhəmiyyətinin olmayacağını düşünürəm.
Türkiyənin güclü bir ölkə olması bu kimi iddialara cavab verməsini daha da asanlaşdıracaq. Buna görə də Azərbaycan və digər türkdilli ölkələrlə əlaqələrimizin daha da güclənməsinin vacib olduğunu düşünürəm". O daha sonra Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə toxunaraq deyib ki,
Rusiya ilə Türkiyə arasında tarixi siyasi əlaqələr mövcuddur. Prezident Putin Türkiyənin sahib olduğu siyasi gücün və sabitliyin fərqindədir və məhz buna görə də bir çox sahədə birgə fəaliyyət göstərmək istədiklərini bəyan etdi.
Bu gün "yeni dünya" və "yeni Türkiyə" əslində "yeni Rusiya" deməkdir. Hazırda bölgədə ciddi problemlər var. Hər iki ölkə regional problemlərin həlli üçün birgə fəaliyyət göstərə bilər və RF Prezidenti də öz çıxışında bunu vurğuladı.
Digər tərəfdən isə Türkiyə əslində körpü ölkədir. Həm şərqlə, həm də qərblə ciddi iş birliyi və strateji ortaqlığı olan yeganə ölkədir.
Təbii ki, Rusiya bu faktı görür və buna görə də Türkiyəyə ciddi əhəmiyyət verir:" Türkiyə Aİ-yə üzvlüyü daha çox ölkənin demokratikləşməsi üçün istəyir. Ankara Aİ ilə münasibətlərinin təməlini insan haqları və demokratiya üzərində qurub. Avropa İttifaqı isə bu günə qədər Türkiyə ilə münasibətlərini hansı prinsip üzərində qurduğunu dəqiqləşdirməyib. Əsl problem də elə budur.
Bildiyiniz kimi, Türkiyə Aİ-yə üzvlük üçün əsas prinsiplər olan Kopenhagen siyasi və Maastrixt iqtisadi meyarlarını həyata keçirib və tamhüquqlu üzvlük üçün digər müzakirə fəsilləri açıb. Ancaq təəssüflər olsun ki, Aİ hələ də primitiv bəhanələrlə Türkiyənin başını qatmağa çalışır.
Aİ-nin Türkiyəyə qarşı bu cür münasibəti ölkənin quruma üzvlük üçün davam etdirdiyi səylərə təsir edir. Türkiyə Aİ meyarlarını öz vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsi üçün hədəf kimi görür və üzvlük olsa da, olmasa da islahatların faydalı olacağı düşüncəsindədir.
Əgər Aİ-yə tam üzvlük prosesi yaxın bir-iki il də uzanarsa, təbii ki, Ankara alternativ axtarmaq məcburiyyətində qalacaq".
Fuad
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30