Vaşinqton-Bakı qarşıdurmasının pərdəarxası: Sekuta hansı tapşırıqla gəlir?
11:41 08-01-2015
CƏMİYYƏT
Vaşinqton-Bakı qarşıdurmasının pərdəarxası: Sekuta hansı tapşırıqla gəlir?
Vaşinqton – Bakı münasibətlərində növbəti gərginlik müstəvisi müşahidə olunur.
Bu məsələyə ABŞ-ın fövqəlgüc olaraq istədiyi ölkəyə müdaxilə etmək iqtidarında olması və "güclülər həmişə haqlıdır" prinsipi ilə yanaşanlar da var. Bu yanaşma demokratiya adı altında pərdələnir. Lakin rəsmi Bakı öz haqlı mövqeyi kontekstindən çıxış edir.
Azərbaycan ABŞ-ın əsas enerji tərəfdaşlarından biridir, böyük qonşusu Rusiyanı qarşısına almaq bahasına olsa belə Qərbin enerji təhlükəsizliyində önəmli yer alır. Bakı beynəlxalq terrorizmə qarşı mübarizədə də həmişə Vaşinqtonun yanında olub. Regionun təhlükəsizliyində mühüm rol alan Azərbaycanın bir sıra digər səbəbləri də var. Lakin ABŞ öz yaxın müttəfiqini sona qədər dəstəkləmir, xüsusilə Dağlıq Qarabağ məsələsində daha çox Ermənistan mövqeyinə yaxın yanaşma ilə çıxış edir. ABŞ-ın Bakıya qarşı qeyri-adekvat yanaşmasını bu ölkənin öz mediası da tənqid edir. Misal üçün, "The Hill" nəşri bu günlərdə Obama administrasiyasını Azərbaycan siyasətinə görə tənqid edib. Nəşr Vaşinqtonun Bakıya aid siyasətini məntiqsiz adlandırıb.
"Obama administrasiyası heç bir məntiqə sığmayan yanaşma sərgiləyərək İsrailin dostuna üz çevirir. Əslində bəzən ABŞ-ın dünyadakı maraqlarını müəyyənləşdirmək çətin olur. Bu gün biz Yaxın Şərq problemi kontekstində bu bölgədə dostlarımızı artırmalıyıq. Neft hasil edən dost ölkələri daxili və xarici düşmənlərdən qorumalıyıq. Xüsusilə, Rusiya və İrandan fərqli enerji resurslarını qorumağa məcburuq. Bu baxımdan, İsrailin dostlarına üstünlük verilməlidir. O cümlədən Azərbaycana. Rusiya rəsmi Bakıya Avrasiya İttifaqına daxil olması üçün təzyiqlər edir. Bunun fonunda Obama administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" adlandırması Cənubi Qafqazda Moskvaya meydan verməsi deməkdir", - deyə "The Hill" yazır.
Göründüyü kimi, Vaşinqton-Bakı qarşıdurması müstəvisində ümumi olaraq Azərbaycan haqlıdır. Siyasət isə daha çox detallardan doğan prosesdir. Yəni, iki ölkə arasındakı gərginlik son proseslər fonunda baş verib. Burda nə hansısa jurnalistin həbsi, yaxud hansısa radionun bağlanması səbəb deyil.
Azərbaycan Cənubi Qafqazın əsas gücü olaraq bu bölgə üzərində savaş aparan ABŞ və Rusiyanın əsas hədəf aldığı məkandır. Biz bu iki cəbhə arasında məsafə saxlamaqla münasibətləri qorumağa çalışsaq da, daim iki tərəfdən də təzyiqlərlə məruz qalırıq. İstək birdir - mənim yanımda olmalısan.
Bakı çox yaxşı anlayır ki, tərəzinin hansısa gözünə ağırlıq versə, zərbə ilk olaraq özünə dəyəcək. Rusiyanın yanında olmaq illərdir ölkənin müstəqil siyasətinin əsas dayağı olan enerji siyasətinə böyük zərbədir. Burda ABŞ-ın özünəməxsus formada istifadəyə buraxdığı "Troya atlarının" törədə biləcəyi fəsadları, həmçinin, ərazi bütövlüyümüz məsələsinə və suverenliyimizə əlavə təhlükələri də unutmaq lazım deyil.
ABŞ-a üz tutub Rusiyaya arxa çevirmək isə Şimal qonşumuzun kəskin müdaxiləsinə səbəb ola bilər. Ən azından Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyi daha da möhkəmlənə, eləcə də etnik amillərdən tutmuş, hərbi müdaxilələrə qədər poblemlər yaşana bilər. Uzağa getmək lazım deyil, Gürcüstan və Ermənistan gözümüzün önündə olan bariz nümunədir. Bu baxımdan, rəsmi Bakının apardığı siyasət bəlkə də bu bölgə üçün ən uğurlu siyasətdir. Burda Bakının şəxsi xarakteri də mühüm rol oynayır. Belə ki, 1993-cü ildən bu günə qədər Azərbaycan müstəqil siyasət aparmağa çalışıb və kiminsə boyunduruğunda yaşamaq niyyətini heç vaxt özünə yaxın buraxmayıb. Çətin və ya asan olmasından asılı olmayaraq, bu siyasət uğur qazanıb.
Lakin son proseslər də göstərir ki, nə ABŞ, nə də Rusiya Bakını buraxmaq niyyətində deyil. Ukrayna hadisələrindən sonra Cənubi Qafqazda əsas güc olmaq hər iki tərəf üçün bir daha aktuallığını artırdı. Sirr deyil ki, Bakının tərəf olacağı cəbhə bu bölgədən qalib çıxacaq. Ən azı iqtisadi baxımdan Azərbaycandan asılı olan Gürcüstan məcbur şəkildə Bakının tutacağı tərəfdə yer alacaq. Türkiyənin Bakı və Tiflisi öz ətrafında cəmləmək cəhdləri Qərbin da hərəkətdə olduğunu göstərir. Lakin Rusiya da sakit dayanmayıb və öz qəlibinə uyğun siyasətini yürüdür.
Digər tərəfdən, Azərbaycanın öz yaxın qonşusu Rusiyaya bacardığı qədər iqtisadi dəstək verməsi ABŞ-ı qıcıqlandırır. Bakı bunu öz maraqları üçün edir, Vaşinqton isə öz maraqlarına zidd hərəkət kimi qiymətləndirir. Yəni, ABŞ Rusiyaya qarşı hücum kontekstinsə kiminsə Moskvanın yanında dayanmasını istəmir.
Ötən ilin son ayında iki mühüm hadisə də proseslərə aydınlıq gətirmək baxımından vacib oldu.
Dekabrın 21-də ABŞ dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyevlə telefon vasitəsilə danışdı. Ardından bir həftə keçmiş dekabrın 28- Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfər etdi. Bu iki hadisə baş verənlərə müəyyən mənada aydınlıq gətirir. Hər iki cəbhə Bakı yolunda "marafona" çıxıb.
Bəzi ekspertlər Bakı-Vaşinqton münasibətlərinin daha da gərginləşəcəyini düşünür. Lakin burda diqqətdən qaçan daha bir məqam da var. Belə ki, artıq Qərb siyasi çevrələrində Rusiyadan fərqli enerji mənbələri ilə işləmək haqda qəti qərar verib.
Avropa Birliyinin energetika nazirlərinin toplantısında Avropa Komissiyası başaqçısının müavini Maroşem Şefçoviçin sözləri bu mənada diqqət çəkir.
"Avropa Birliyi "Cənub qaz dəhlizi"nə üstünlük verir. Xəzər regionunun qaz yanacağının bu qaz kəməri ilə Avropanın enerjisini təmin etməyə çatacağı güman edilir", - deyə Şefçoviç bildirib.
Bu mənada əsas enerji mənbəyi olan Azərbaycanla gərgin münasibətlər ABŞ-ın xeyrinə deyil və güman ki, yaxın müddətdə münasibətlər elə Ağ Ev tərəfindən yoluna qoyulacaq.
Digər tərəfdən, ABŞ Azərbaycana yeni səfir təyin etdiyi Robert Sekuta artıq yoldadır və o, yaxın günlərdə Bakıda olacaq. Onun sələfi Morninqstar kimi enerji mütəxəssisi olması da qeyd olunan enerji amilini təsdiqləyir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Publika.az-a açıqlamasında yeni səfirin Bakıya gəlişinin iki ölkə arasındakı çox şaxəli əməkdaşlığı genişləndirəcəyini bildirib: "ABŞ - Azərbaycan tərəfdaş ölkələrdir. Bəzi məsələlərə bağlı fikir ayrılığı var. Amma yeni səfirin Bakıya gəlməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edəcək. Bizim ölkələrin çoxşaxəli əməkdaşlığını daha da genişlənəcək. Yeni səfirin enerji mütəxəssisi olması da unudulmamalıdır. Çünki ABŞ-la Azərbaycan arasında təhlükəsizlik, humanitar, mədəniyyət, iqtisadi və digər sahələrdə əməkdaşlıqla yanaşı, enerji sahəsində də sıx əməkdaşlıq var".
Millət vəkili iki ölkə arasında gərginliyin yoluna qoyulacağını düşünür.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, yeni səfir Sekuta Bakıya xüsusi tapşırıqla gəlir: "Ümumiyyətlə yeni səfirin təyinatı gərginləşən Bakı-Vaşinqton münasibətləri kontekstində ciddi siyasi hadisədir. O ciddi tapşırıqlarla Azərbaycana gələcək. Bir nömrəli vəzifəsi də əvvəlki isti, səmimi münasibətlərin yenidən bərpa olunmasıdır".
Politoloq ABŞ-la münasibətlərin pozulmasının rəsmi Bakının da maraqlarına uyğun olmadığını bildirib: "ABŞ hegemon dövlət olaraq bütün bölgələrə təsir etmək imkanına malikdir, o cümlədən bizim yerləşdiyimiz bölgəyə də. Bu baxımdan, onunla münasibətlərin yaxşı olması xeyrimizədir. Digər tərəfdən, biz bölgəmizdə Rusiya, Ermənistan və İran kimi bizim zəifləməyimizi ürəkdən istəyən qüvvələrin də olduğunu unutmamalıyıq. Ona görə də ABŞ-la münasibətlərimizi saxlamaq bizə lazımdır".
N. Miri Vaşinqtonun da Azərbaycan kimi strateji əhəmiyyətə malik olan ölkə ilə gərgin münasibətlərdə olmaq istəmədiyini deyib.
"Azərbaycan kimi strateji əhəmiyyətə malik dost ölkəni itirmək ABŞ-ın marağında deyil. Çünki Vaşinqtonun regionda maraqları var, xüsusilə, enerji məsələləri baxımından. Ona görə də Sekuta Bakıya xüsusi tapşırıqla gələcək və 2015-ci ilin ABŞ-Azərbaycan münasibətlərində istiləşmə ili olacağını düşünürəm. Bu hər iki tərəfin xeyrinədir", - deyə politoloq bildirib.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15