Səfər Əbiyevə qarşı təhlükə
11:44 08-01-2015
CƏMİYYƏT
Səfər Əbiyevə qarşı təhlükə
Keçmiş nazirin adı ətrafında qalmaqalla bağlı yeni iddia
Son günlər ölkə mətbuatında Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin adı ətrafında ciddi müzakirələr gedir. Sabiq nazirin adı vəzifəsini itirdikdən sonrakı müddət ərzində ilk dəfə belə geniş müzakirə predmetinə çevrilib.
Xatırladaq ki, ötən həftə Əbiyevin ölkəni tərk ertməsi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərdə qeyd olunub ki, S. Əbiyev Çexiyada vətəndaşlıq alıb.
Bu xəbər gündəmə bomba kimi düşüb və geniş disskusiyaya səbəb olub. Əksəriyyət sabiq nazirin Çexiyada vətəndaşlıq almasını ciddi skandal olaraq dəyərləndirib, belələri hesab edirlər ki, keçmiş müdafiə naziri dövlət sirlərinə açıq olan postda çalışdığı üçün müvafiq qanunvericiliyə əsasən ən azı beş il ölkədən kənara köçə bilməzdi.
İki gün əvvəl sabiq nazirin Çexiyada vətəndaşlıq alması ilk dəfə təkzib edilib. Dünənsə bu mövzuda növbəti xəbər yayılıb. "Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda Bakıdadır. Heç bir ölkəyə köçməyib. Deyilənlər ona qarşı böhtan və qarayaxmadır" - deyə Əbiyevin qayını, Quba rayon Pirvahid kənd sakini Oktay Məmmədov deyib.
O, qeyd edib ki, mətbuatda çıxan bütün xəbərlər yalandır: "Narahat olmağa heç bir səbəb yoxdur. İnternetdə yazılanlar boş-boş sözlərdir. O, indi Çexiyada deyil. Oradan çıxıb gəlib. Doğma kəndi olan II Nüqədiyə həmişə gəlir, orada qalır. Ölkədən çıxması ilə bağlı saytlardır da, yazırlar . 20 ildir ki, mətbuat ondan yazır".
O.Məmmədov daha sonra qeyd edib ki, S. Əbiyev öz vətənini heç vaxt tərk etmək niyyətində deyil: "Səfər müəllim indi Bakıdadır. Özü ilə mən tez-tez əlaqə saxlayıram. O, öz vətənindən heç yerə getməyib. Nə üçün getməlidir ki? Mətbuatda yalan yazırlar. Dekabr ayında bir ay onunla kənddə olmuşuq. Bayramı Azərbaycanda qeyd edib. Yalandan yazırlar ki, xaricdə olub. O, tez-tez kəndə gəlir, burada qalır. Adi insanlarla görüşüb söhbət edir. Övladları da yaxşıdır. Heç bir problemi yoxdur".
Sabiq nazirin qohumu qeyd edib ki, S.Əbiyevin səhhətində heç bir problem yoxdur: "Səhhəti də yaxşıdır. Şükür Allaha heç bir ağrısı yoxdur".
Maraqlıdır ki, Əbiyevin xarici vətəndaşlıq məsələsinin ardınca onun Çexiyada mülklərinin olması məsələsi də KİV-in gündəminə gətirilib. Bunun isə təsadüf olduğuna inanmaq çətindir. Aydın görünür ki, keçmiş nazirin Çexiyada vətəndaşlıq alması ilə bağlı xəbərlərin ortaya çıxmasının ardından onun bu ölkədə mülklərinin olması barədə iddiaların da yayılması əslində bir-biri ilə bağlıdır.
Mövzu ilə bağlı söhbətləşdiyimiz bəzi ekspertlər keçmiş nazirin adının bu şəkildə gündəmə gətirilməsini təsadüfi saymırlar. Hesab olunur ki, görünür kimlərsə keçmiş nazirin adını qalmaqallı şəkildə gündəmə gətirməkdə maraqlıdırlar. Burada isə məqsəd Səfər Əbiyevlə köhnədən - onun hələ vəzifədə olduğu dövrdən qalan siyasi haqq-hesablar ola bilər.
İstisna edilmir ki, adı ətrafında qalmaqallı iddiaların ortaya atılmasından keçmiş nazir özü də narahat olub. Elə onun yaxın ətrafından bir neçə gün içində deyilənlərlə bağlı ikinci yalanlamanın gəlməsi həm də bunun təzahürü kimi dəyərləndirilir. Sabiq müdafiə nazirinin belə bir narahatlığı varsa, bunu da təbii qarşılamaq lazımdır. Mümkündür ki, Səfər Əbiyev vəzifədən kənarlaşdıqdan bir müddət sonra adının yenidən bu şəkildə gündəmə gətirilməsindən məmnun deyil. Elə buna görə də əndişələnir ki, həmin məlumatlar onun "vurulmasında" mühüm rol oynamış iqtidar daxili çevrələrin hansısa gizli planından xəbər verir.
Qeyd edək ki, xüsusilə Əbiyevin Çexiyada mülklərinin olması iddiasının da ortaya atılmasının bir məqsədi ictimaiyyətin və medianın diqqətini yenidən onun nazir olduğu dövrdə ordudakı korrupsiya faktlarına yönəltmək ola bilər. Kim bilir, bəlkə də kimlərsə bununla sabiq nazirin fəaliyyət dövrünün təftişini aktuallaşdırmaq istəyirlər.
Hər bir halda Əbiyevlə bağlı qalmaqallı xəbərlərin bir-birini əvəzləməsi maraq doğurmaya bilməz. Bu, keçmiş nazirə qarşı hansısa siyasi təhlükənin mövcudluğu üzərində düşünmək üçün də əsaslar yaradır. Səslənən ehtimalların nə qədər həqiqətəuyğun olub-olmadığını isə zaman göstərəcək. Odur ki, gözləyək.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02