Dünyanı şoka salan Paris teraktı ilə bağlı yeni təfərrüatlar
Satirik qəzetə qanlı hücumu həyata keçirənlərin kimliyi və fotoları üzə çıxdı
Srağagün Fransa paytaxtı Parisdə bütün dünyanı şoka salan terror aktı həyata keçirənlərin şəxsiyyəti müəyyən olunub.
Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlər arasında nəşrin baş redaktoru da var.
Şahidlərin sözlərinə görə, hadisəni törədənlər islami şüarlar qışqırıb və Məhəmməd Peyğəmbərə görə qisas aldıqlarını bildiriblər.
Dünənsə əvvəlcə məlumat yayılıb ki, Fransa polisinin keçirdiyi əməliyyat nəticəsində 3 nəfər əslən Əlcəzairdən olan Şərif Kuaşi, Səid Kuaşi və Həmid Murad adlı Fransa vətəndaşları həbs olunub. Həbs olunanlardan iki nəfərinin qardaş olduğu bildirilirdi.
Onların Parisdən cənubda yerləşən Jenvilye şəhərinin sakinləri olduğu vurğulanırdı. O da qeyd edilirdi ki, terrorçuları 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar.
Amma çox keçmədən Fransanın Daxili İşlər Nazirliyi Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına hücumda şübhəli bilinən 3 nəfərin saxlanılması barədə məlumatı təkzib edib.
Terror qurbanı olan
qəzet haqqında arayış
Bəs "Charlie Hebdo" nə qəzetdir, məqsədi nədir və niyə terrorçuların hədəfinə çevirilib?
Satirik həftəlik qəzet olan "Charlie Hebdo" 1969-cu ildə digər yumoristik nəşr "Hara-Kiri"-nin bazasında yaradılıb. Qəzet istənilən aktual mövzuları çox sərt şəkildə intim xarakterli yumorla şərh edirdi. Əvvəlcə "Hara-Kiri Hebdo" adlanan qəzet Şarl de Qoll öləndə onun matəmini ələ saldığı üçün qapadılmışdı. Bundan sonra "Chari Hebdo" adı ilə yenidən nəşr olunmağa başlayır.
1981-ci ildə nüfuzunu itirərək bağlanan qəzet 1992-ci ildə yenidən nəşrə başlayır. Və bu dəfə uğurlu olur: birinci sayını 100 mindən çox adam almışdı.
Yenilənmiş "Charlie Hebdo"nun redaksiyası anti-dini və radikal sol mövqedən çıxış edir. Qəzet bütün dinləri ələ salır, siyasi liderləri lağa qoyur.
Danimarkanın "Jullandes Posten" qəzetinin Məhəmməd Peyğəmbərlə bağlı verdiyi və böyük qalmaqal qoparan karikaturaları təkrar çap edəndən sonra qəzetin tirajı 1.5 dəfə artmışdı. Bundan sonra da müsəlmanların peyğəmbəri dəfələrlə qəzetin səhifələrində görünüb.
Niyə qəzet belə edir? Çünki "Charlie Hebdo" redaksiyası düşünür ki, din də daxil olmaqla heç bir mövzu toxunulmaz deyil. 2008-ci ildə müsəlmanlar onu məhkəməyə versələr də, qəzet qalib gəlmişdi.
2006-cı ildə qəzet "12-lərin manfesti" adlı bəyanat dərc edərək, islamı "Yeni totalitarizm" adlandırmışdı. "Faşizmə, stalinizmə, nasizmə qalib gələn dünya indi islamizmlə üzləşib. Biz insanları azadlığa, bərabərliyə, dünyəviliyə, dini totalitarizmə müqavimət göstərməyə səsləyirik",- deyə yazıda vurğulanırdı.
Buna qədər də redaksiya bir neçə dəfə islamçıların hücumlarına məruz qalmışdı. 2011-ci ildə redaksiya üz qabığında Məhəmməd Peyğəmbərin karikaturasını verəndə "Molotov kokteyli" atəşinə tutulmuşdu.
Yanvarın 7-də - yəni faciə baş verən gün - "Charlie Hebdo" yazıçı Mişel Uelbekin "Mütilik" adlı romanını dərc etmişdi. Romanda 2022-ci ilin prezident seçkisində Fransada müsəlmanın prezident seçilməsi və Avropanın islamlaşması təsvir olunur. Eyni nömrədə İŞİD-in rəhbəri Əbu Bəkr Əl-Bağdadinin karikaturası da vardı.
Fransa polisi "Charlie Hebdo" jurnalına
hücum etməkdə
şübhəli bilinən
qardaşların
fotolarını yaydı
Fransa polisi "Charlie Hebdo" satirik jurnalının redaksiyasına terror hücumu etməkdə şübhəli bilinən iki qardaşın fotolarını yayıb. Polis şahidlərdən lazımi məlumatlar əldə edə bilmək məqsədilə fotoları dərc edib.
Səid və Şərif Kaşi adlı qardaşların həbsi üçün order verilib. Basqında şübhəli sayılan daha bir şəxs - 18 yaşlı Hamid Murad isə polisə təslim olub.
Hadisə şahidindən
şok sözlər:
"Biz Əl-Qaidəyik"
Fransanın satirik nəşri "Charlie Hebdo"nun redaksiyasına edilən hücumun şahidlərindən biri olan karikaturaçı Korinne Rey danışıb.
Silahlılar karikaturaçıya jurnal redaksiyasının qapısını açdıraraq "Biz "Əl-Qaidə"yik" deyiblər.
Xəbərə görə, karikaturaçı qızını xəstəxanaya apardıqdan sonra redaksiyaya gəlib. Redaksiyanın qapısında onunla iki silahlı qarşılaşıb. O, silahlı şəxslərin təhdidi ilə şifrəli qapını açdığını və onların 5 dəqiqə binada qaldığını söyləyib.
Reyin ifadəsinə görə, silahlı şəxslər fransız dilində yaxşı danışırdılar. O, masanın altına oturmaqla xilas olduğunu bildirib.
Fransanı mitinqlər bürüdü
Fransanı etirazlar dalğası bürüyüb. Satirik nəşrin redaksiyasına islamçıların hücumu və 12 nəfərin öldürülməsi etirazlara səbəb olub.
Parisdə və başqa şəhərlərin mərkəzi meydanlarında keçirilən nümayişlərdə "Azadlıq", "Qorxmuruq!" şüarları səsləndirilib.
Fransa prezidenti Fransua Olland hadisədən az sonra ərazidə olub. O, baş verənləri "barbarlıq" adlandırıb.
Həmçinin Fransada baş vermiş dəhşətli teraktla əlaqədar 3 günlük matəm elan edilib.
Parisdə bir polis də güllələndi
Fransanın paytaxtı Parisdə daha bir polis güllələnib.
Belə ki, şəhərin Malakoff səmtində yol polisinə bir nəfər avtomobildən iki dəfə atəş açıb. 11:30-da baş verən hadisə nəticəsində polis ağır yaralanıb. Onu xəstəxanaya çatdırıblar. Hadisənin srağagün baş verən hücumla bağlı olub-olmaması araşdırılır.
Xatırladaq ki, yanvarın 7-də baş verən teraktda ölənlər arasında polis əməkdaşı da olub.
Fransada restoran
partladıldı
Fransanın şərqində yerləşən Vilfranş-syur-Son şəhərində partlayış olub. Xarici mətbuatın verdiyi məlumata görə, partlayıcı qurğu şəhər məscidi yaxınlığında yerləşən restoranda partlayıb.
Məlumata görə, partlayış nəticəsində zərər çəkən yoxdur. Hadisə yeri mühasirəyə alınıb.
"Qorxuram ki, bu hadisə Parisdə baş verən dramatik hadisələrlə bağlıdır", - şəhər meri Bernard Perruta bildirib.
"Paris teraktı dünyada qəzəbi aktivləşdirəcək"
"Bu jurnaldakı karikaturalara reaksiyada müsəlman emosionallığı həlledici rol oynayıb". Bunu rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk profilində yazıb.
O, bu jurnalın daha çox siyasi xarakter daşıdığını bildirib: "Çarli Hobda"da nəinki müsəlmanların, eyni zamanda, yəhudilərin və katoliklərin də şəkilləri çap olunmuşdu. Lakin müsəlman emosionallığı burada həlledici rol oynayıb. Ümumiyyətlə isə bu jurnal yumoristik deyil, daha çox siyasi xarakter daşıyır. Çünki fransız alkoqoliklərin karikaturaları dünyada belə səs-küyə səbəb olmayacaqdı. Beləliklə də dünən gecə bütün dünyaya edilən çağırış dünyanın konkret hissəsində bu qəzəbi aktivləşdirməyə yönəlib".
Fransadakı terrorun
arxasında
Qərb dayanır?!
İspaniyanın ən məşhur aktyorlarından olan Villi Toledonun Parisdə törədilən terror aktı ilə bağlı açıqlaması ölkəni silkələyib. Xarici mətbuatın verdiyi məlumata görə, Toledo şəbəkədə paylaşdığı mesajlarında terror aktının arxasında milyonlarla adamı öldürən Qərbin dayandığını bildirib.
"Siz heç bir səs-küy çıxarmadan milyonlarla adamı öldürürsünüz, onların bu hadisələr qarşısında səssiz qalacağınımı düşündünüz? - deyib.
Pentaqon və NATO-nun hücumlarının ölkələri belə yox edəcək səviyyəyə çatdığına diqqət çəkən aktyor Parisdəki terror aktını lənətlədiyini, amma hər kəsin yaxşı-yaxşı düşünməli olduğunu ifadə edib.
Keçi ilində kimi "günah keçisi" çıxaracaqlar?
"Avropalılar keçi ilində "günah keçisi"ni də tapıblar. Cinayətkarlar tutulmamış, terroru radikal islamçıların törətdiyi söylənilir. Fərqi yoxdur bunu kim törədib - "Əl Qaidə", yaxud İŞİD. Bütün müsəlmanlar bu cinayətə görə cavab verməli olacaqlar.
Kim nə deyir desin, bu terror aktı "11 sentyabr"ın yeni variantıdır. Ssenari əla yazılıb". Bu sətirlər isə publika.az saytında Parisdəki qanlı teraktdan bəhs edən İlqar Atabəyli imzalı yazıdandır.
Yazıda daha sonra deyilir: ""Charlie Hebdo" dəfələrlə islamı təhqir edən yazılarla çıxış edib və 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını yayıb. Jurnalın bu addımı müsəlman ölkələrində haqlı narazılığa və hətta qarşıdurmalara səbəb olub. Yəni müsəlmanların qisas almağa motivi vardı.
Elə də oldu. Qara maskalı terrorçular redaksiyaya daxil olur, bir-iki ağız "Allahu Əkbər" çığıraraq atəş açır. Daha kim inanmaz ki, bunu islamçılar etməyib?
Əslində isə, bu çox ciddi planlaşdırılmış aksiya olub.
Əvvəla, onu qeyd edək ki, fransız əks-kəşfiyyatı dünyanın ən güclü xüsusi xidmət orqanlarından biridir. Fransa ənənəvi olaraq Şərqdə həmişə aktiv olub. Odur ki, fransız xüsusi xidmət orqanlarının ərəb ölkələrində geniş agentura şəbəkəsi var. Bundan başqa, Parisdə terrorçuluqla mübarizə aparan "UCLAT" və "DRPP" kimi təşkilatlar var.
Terrorçular jurnalın binasına o anda daxil olublar ki, bütün kollektiv iclasda olub. Onları güllələyərkən də, adbaad çağırıblar. Bu informasiyanı terrorçular necə əldə edib? Belə çıxır ki, günlərlə jurnalistləri izləyiblər, telefonlarını dinləyiblər, aksiya hazırlayıblar. Bəs xüsusi xidmət orqanları harada olub? Axı Parisdə terror olacağı barədə əvvəlcədən xəbərdarlıq da edilmişdi.
Həm də kadrlardan görünür ki, terrorçu geyimində olan şəxslər çox professionallıqla hərəkət edir, soyuqqanlıqla atəş açırlar. 2 polis işçisini öldürüb aradan çıxa bilirlər. Onlar terrorçuya yox, uzun illər xüsusi hazırlıq keçmiş şəxslərə bənzəyirlər. Əlbəttə, kimlərsə həbs ediləcək və cinayəti onların etdiyi söyləniləcək.
Necə ki, 11 sentyabr hadisələrində dəvə minən ərəbləri təyyarələrə oturdub binaları partlatdılar. Soruşan olmadı ki, əgər əmri verən "Əl Qaidə" lideri Üsamə Bin Ladendirsə, niyə onun qardaşı Səlim Bin Laden Amerika Birləşmiş Ştatları Müdafiə Sənayesi səhmlərinin böyük bir hissəsinə sahibdir? Ata Buş, Kisencer dəfələrlə Bin Ladenlərin evində qonaq olublar.
Bu faktların üzərindən sükutla keçirilir. Əsas odur ki, o vaxt hər şey "Əl Qaidə"nin üstünə atdılar. Əfqanıstan, İraq az sonra işğal olundu. Dünyanın xəritəsi dəyişdi. Bir çoxları indi anlayırlar ki, "Əl Qaidə" də, İŞİD də ABŞ və Qərb projesidir.
İndi "cini" növbəti dəfə "butulkadan" buraxdılar. Qədim Romada belə bir ifadə vardı - CUİ PRODEST? Latıncadan tərcümədə "bu kimə sərfəlidir" mənasını verir.
Yəqin ki, yaxın zamanlarda bu terror aktının kimə sərf edəcəyini biləcəyik. Proses başladı".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15