VİP sədri terror aktını analiz etdi
10:24 10-01-2015
CƏMİYYƏT
VİP sədri terror aktını analiz etdi
Əli Əliyev: "Terrorla bərabər, qarşıdurmaya çağırış edən fitnəkarlar qınanmalıdır"
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev yanvarın 8-də Parisdə törədilmiş qətliama münasibət bildirib.
Bu barədə "Unikal"a açıqlama verən Əli Əliyev qanlı olayların meydana gəlməsində təhrikçilik amilinin də ciddi rol oynadığını önə çəkib: "Dünən baş vermiş Paris terror aktı bütün dünyanı silkələyib. Xüsusən Fransada baş verənlər diqqəti çəkir. İnsanlar "Qorxmuram" şüarları ilə Respublika dəyərlərini qorumaq üçün küçələrə axışıb. Baş verənlər qan donduran hadisələrdir. Təbii ki, qətliamı törətmişlərin İslamla bağlılığı yoxdur. Bu formada vəhşiliyi bəşəriyyətin ən mükəmməl dini- İslamın ayağına yazdırmaq, insanları qətlə yetirərək, bəşəriyyətin ən layiqli nümayəndəsi, bəşər övladı olmaqla yanaşı, Allahın seçim etdiyi peyğəmbərin- Məhəmmədin müdafiəsi adı ilə terror törətmək İslama zidd əməldir. İslam dinini nüfuzdan salmaq üçün bundan böyük ziyanlı addım mümkün deyildi. Gün ərzində hadisələrə müxtəlif qiymətlər verilib. Yanaşmaların hamısı bir nöqtədə uzlaşır bu vəhşilikdir, hamı Fransa xalqına səbr diləyir. Biz də bu məqamlarla həmrəyik".
VİP sədri deyir ki, məsələnin bir neçə maraqlı paralelləri var: "İlk növbədə fransızların dərhal verdiyi spontan reaksiya mənə Bakı qətliamını xatırlatdı. 90-cı il 20 yanvar qırğınından sonra insanlarımız gündüz, indiki Prezident Aparatının qarşısına yığılaraq, mitinq keçirməyə, vəhşiliyə etiraz etməyə nail oldular. İşğalçı imperiya qoşunlarının şəhərddə olmasına, komendant rejimi tətbiqinə baxmayaraq, insanlar tankların qarşısından qaçmırdı. Şəhidlərin dəfn mərasiminə isə milyondan çox insan küçələrə çıxmışdı. Ən böyük daxili özünütəşkil nümunəsi isə, şəhidlərin 40 günlük yas mərasimini millət olaraq, bütövlükdə tətillərlə saxlamağımız idi. Azərbaycanda 40 gün, həyat təminatlı müəssisələrdən savayı, heç bir müəssisə işləmədi. Paris qətliamı eyni zamanda 30 aprel 2009-cu il tarixdə Bakıda Neft akademiyasında törədilmiş qətliama da çox bənzəyir. Heç bir günahı olmayan insanlarımız soyuqqanlı şəkildə terror aktı ilə kütləvi şəkildə qətlə yetirilmişdi. Ölənlərin sayı da Parisdə öldürülənlərin sayı qədər idi-12 nəfər. Bu 2 hadisənin ikisində də Dövlətə və xalqa təhdid məqsədi güdülürdü. Bu qədər oxşar məsələnin digər maraqlı tərəfi son zamanlar Qərbdə İslam dininə qarşı baş verən demarşlardır. Heç bir halda terrorçulara bəraət qazandırmadan, müsəlmanların heysiyyatına toxunan belə hərəkətləri də qınamaq lazımdır. Söz, ifadə, düşüncə azadlığı digərlərinin dəyərlərinə həqarətdə biruzə verməməlidir. İnsanlar müxtəlifdir. Təhqiri və aşağılanmanı hərə öz tərbiyəsinə, prinsiplərinə, psixoemosional statusuna uyğun qəbul edir.
Aydın məsələdir ki, Qərb dəyərləri ilə Şərq dünyagörüşü, Qərb məişəti ilə Şərq həyata baxışları arasında ciddi fərqliliklər vardır. Bəzi hallarda eyni məsələyə baxışlarda bu 2 sivilizasiya nümayəndələrinin bir- birinə diametral zidd, hətta antoqonist yanaşmalarına rast gəlinir. Dəyərlərin belə ziddiyyəti təbii qarşılanmalı, bir reallıq olaraq qəbul edilməlidir. Misal üçün bu gün Qərb dünyası cani dildən insan azadlıqlarını əsas gətirərək, eyni cinsli ailələrin rəsmiləşməsi uğrunda mübarizə aparır, bu anormallığı təbliğ edir, qəbul etməyənləri isə qınamağa cəhd göstərirlər. Şərq dünyasında bu "mədəniyyət" normaları yumşaq ifadə etsək, tabudur. Sonda əhalisinin xeyli hissəsi müsəlman olan Rusiyada prezidentliyə can atan Xodorkovckini Avropaya xoş gəlmək üçün verdiyi bəyanata dair demək istərdim ki, bütün növ aqressiyalar ziyanlıdır. Nə qədər Parisdə terror törətmiş insanları qınayırıqsa, bir o qədər də qarşıdurmaya çağırış edən fitnəkarları qınamalıyıq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24