Fransa hadisələri əhatəsini genişləndirəcək
10:25 10-01-2015
CƏMİYYƏT
Fransa hadisələri əhatəsini genişləndirəcək
Azərbaycanlı ekspertlər bədbin fikirdədirlər
Bu günlərdə Fransada baş verən və hələdə davam edən terror olayı bütünlükdə regionda bir çaşqınlıq yaradıb. Əksər mütəxəssislər bu terror olayının şübhəli olduğunu və bundan hansısa güclərin yararlanmaq istədiyini iddia edirlər. Hətta Liviya kəşfiyyatı bəyan edir ki, bu terror olayı ilə bağlı öncədən Fransanı xəbərdar ediblərmiş. Bəs belə olan halda nədən qabaqlayıcı addımlar atılmayıb? Bu cür suallar çox olsada hələ ki, real bir cavab yoxdur.
Başqa bir tərəfdən isə mütəxəssislər güman edir ki, bu terror olayı İslam və xristian dünyasını üz-üzə qoyacaq. Hələlik isə məlum olan budur ki, məlum terror olayından sonra Avropada aparıcı media orqanları gözlənilmədən Məhəmməd peyğəmbəri təhqir edən karikaturanı çap ediblər. Bu isə sözsüz ki, əlavə qıcıq yaradacaq. Bəs bu olaylar siyasi proseslərə və dinlərarası dialoqa necə təsir edə bilər? Suala politoloq Qabil Hüseynlinin cavabı konkret oldu və o "Unikal" a bunları bildirdi: "Əksəriyyət hesab edirdi ki, bu əsr dünyada barış əsri, dinlərarası dialoqun inkişaf edəcəyi bir əsr olacaq. Amma çox təəssüflər ki, bunun tam əksini gördük. Elə bu günlərdə Fransada baş verən terror aktı da bunun təsdiqidir. Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Terror aktının baş verdiyi jurnal artıq neçə müddət idi ki, İslam dinini aşağılayacaq məqalələr, karikaturalar çap edirdi. Amma bunun qarşısını heç kəs almırdı. Düzdür onların əksəriyyəti ateistlər idi. Amma hədəfləri konkret olaraq İslam dini oldu. Çox təəssüflər ki, Avropada bu tendensiya çox inkişaf edib. Avropada belə bir prosesin baş verməsi isə sözsüz ki, dinlərarası dialoqa mənfi təsir göstərir. Qərbdən fərqli olaraq Şərq dünyasında xristian dinini aşağılayacaq heç bir nümunəyə rast gəlməmişik. Başqa bir nüans isə budur ki, hazırda Avropada İslamla terror az qala eyniləşdirilir.Belə olan halda hansısa barışdan danışmaq mümkünsüzdür.Bunların baş verməsi azad sözlə, mətbuatın azadlığı ilə bağlıdır. Amma hər bir şeydə sərhəd olduğu kimi görünür bu məsələdə də sərhədlər olmalı, medianın dinə yanaşmasında həssaslıq nümayiş olunmalıdır".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Mirzəbəyli isə "Unikal"a açıqlamasında başqa məqamlara aydınlıq gətirdi: " Məhəmməd Peyğəmbərin karikaturasını yayan "Charlie Hebdo" jurnalının redaksiyasına hücum Avropanın təhlükəsizliyi məsələsini yenidən və daha qabarıq şəkildə gündəmə gətirəcək, mühacirlərə qarşı sərt tədbirlərin həyata keçirilməsinə, miqrasiya şərtlərinin sərtləşdirilməsinə, ən əsası isə Avropanın "vahid düşmən"ə qarşı ABŞ-ın ətrafında daha da sıx birləşməsinə imkan yaradacaq. Avropa ölkələrinin liderləri müdafiə və təhlükəsizlik xərclərini artırmaq məcburiyyətində qalacaqlar. Daha doğrusu, bunun üçün əlverişli ictimai rəy qazanacaqlar.
Seçkilər zamanı verilən sosial xarakterli vədlərin arxa plana keçirilməsi isə onlara heç bir problem yaratmayacaq. Eyni zamanda son günlər bəzi Avropa ölkələrində, o cümlədən Almaniyada və Fransada islamafobiyaya qarşı həyata keçirilən aksiyalar, dinlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı bəzi xristian din xadimlərinin və ictimaiyyət nümayəndələrinin atdığı addımlar da öz effektini itirəcək. Fransua Ollandın ABŞ-dan Rusiyaya qarşı sanksiyaları yüngülləşdirmək tələbinə birdəfəlik nöqtə qoyuldu...
Şübhəsiz ki, baş verən hadisə terror aktıdır və lənətlənməlidir. Amma... ortalıqda çoxsaylı suallar var. "Charlie Hebdo" jurnalının redaksiyasına hücum oluna biləcəyi ilə bağlı Avropa mətbuatı az qala hər gün həyacan siqnalı çalırdı.
Baş verən hadisə sübuta yetirir ki, ciddi təhlükəsizlik tədbirləri görülməyib.
Kəsəsi, şetyanın (İŞ) İ(D)T-i yenə də öz işini gördü.
"Charlie Hebdo" jurnalının redaksiyasına silahlı basqınla bağlı ehtimallarım özünü doğrultdu...
Amma məni narahat edən başqa məqamlar var. Dünəndən bəri bu hadisə ilə bağlı yazılan bəzi statusları və şərhləri oxuyuram və... gözlərimə inanmıram. Bəziləri az qala baş verən hadisəyə haqq qazandırmağa çalışırlar. Aralarında hətta hüquqi bilgiləri olanlar, özünü siyasətdə sınayanlar da var. Baş verən hadisənin arxasında hansı qüvvənin dayanmasından və və silahlı basqının hansı məqsədlərə xidmət etməsindən asılı olmayaraq, bu, bir TERROR AKSİYASIDIR!!! Hüquq dövləti barədə anlayışı olan, normal, sağlam düşüncəli insan terrora, qətlə, linçə haqq qazandıra bilməz. Əgər hər kəs durub öz ağlına, inancına və əqidəsinə görə başqalarını mühakimə edərsə, hökm verərsə dünyanı xaos bürüyər. Mənim qənaətimə görə dinindən, irqindən, siyasi dünyagörüşündən asılı olmayaraq, radikal düşüncəli və əhval-ruhiyyəli bütün insanlar psixoloji xəstələrdir. Onları müalicə etmək, müalicə olunmayanları isə cəmiyyətdən təcrid etmək lazımdır.
İnsanın inancı onun ürəyində, düşüncəsində olur! Karikaturaya, tənqidi, yaxud təhqiramiz sözə, şəkilə görə insanları qətlə yetirənlərin Tanrıya tapındıqlarına şübhə ilə yanaşıram. Əgər sən tapındığın inancın Tanrıdan gəldiyinə həqiqətən inanırsansa, o zaman hansısa şəklin, karikaturanın, tənqidi sözün Tanrının düzənini poza bilməyəcəyinə də inanmalısan. Əgər inanmırsansa, deməli ya imanın kamil deyil, ya da cahilsən, nadansan...
İman, Tanrı sevgisi, tapındığın inanca sədaqət özünü elmdə, təhsildə, mədəniyyətdə, yaradılanlara humanist münasibətdə, dözümlülükdə büruzə verməlidir.
Elminizlə yüksək elmi-texniki tərəqqiyə nail olun və ağlınızla dünyaya hökm edin!
Yarıdan çoxu və bəlkə də əhəmiyyətli hissəsi məzhəb və təriqətlərinin fərqliliklərini gözə soxan, feodal təfəkkürü ilə yaşayan, "təsbehi necə fırlatdın", "dəstnamazı necə aldın", "namazı necə qıldın", "əlini, yaxud başını necə və hara qoydun" müzakirələri ilə ömür sürən kütlə heç zaman üstün elmə və mədəniyyətə yiyələnə, dünyada söz sahibi ola bilməz! Heç bir din islam qədər elmə, təhsilə önəm vermir. Amma Qurani-Kərimin və İslam Peyğəmbərinin məhz bu istiqamətdə buyurduqlarına önəm verənlərin sayı heç 10 faiz də deyil. Nədir bunun sirri?
Elm üçün zəhmət çəkmək, oxumaq, öyrənmək lazımdır. Baş kəsmək, qan tökmək üçün isə ibtidai icma təfəkkürü... Nadan kütləni idarə etmək, yönəltmək, başını nağıllarla qatmaq daha asandır.
İslamın təqdimatında modernləşməyə, elmlə, mədəniyyətlə bağlı olan məqamları daha çox qabartmağa və bəlkə də cəhalətə, xurafata, gerilikçiyə qarşı bütün müsəlman ölkələrinin dəstək verdiyi etirazçı hərəkata ehtiyac var...". Ekspertlər bunu da hesab edirlər ki, hadisələrin inkişafı digər Avropa ölkələrini də əhatə edəcək. Çünki hələ bir ay öncə İŞİD rəhbərliyi bəyan etmişdi ki, onlara qarşı savaş açan Avropa ölkələrinə dərs verəcəklər. Qeyd edək ki, İŞİD yaranandan sonra istər ABŞ, istərsə də Avropa bu məsələyə loyal yanaşırdılar və onlara hər hansı formada müdaxiləni mümkünsüz hesab edirdilər. Amma Avropanın maraqlarına zidd addımlar atılandan sonra hərəkətə keçdilər.İŞİD qüvvələri bombarduman edildi. Nəticədə Avropa İŞİD-in hədəfinə çevrildi. Məhz bu arqumenti əsas gətirərək hesab edirlər ki, bu proses zəncirvari şəkildə inkişaf edəcək və daha qanlı terror aksiyalarının şahidi olacağıq. Amma İnsan Hüquqları və Maarifçilik İctimai birliyinin sədri Rəfail Becanov hesab edir ki, nə olmasından aslı olmayaraq bu hadisə terror olayı kimi qəbul edilməli və pislənilməlidir. Rəfail Becanovun "Unikal"a dedikləri:" Baş verən hadisənin bircə adı var - terror. Hansı halda, nə üçün törədilməsindən, hansı hisslərə toxunulmasından asılı olmayaraq bu insan adına yaraşmayan əməldir və dini, peyğəmbəri müdafiə deyil. Əksinə, islam adına böyük təhlükədir. İslam inanclı insanlar haqqında mənfi fikir yaratmaq, vəhşi, qaniçən, dözümsüz obrazı yaradılmasına cəhddir. Allahın yaratdığı ən ali məxluqu qətlə yetirmək islamın müdafiəsi sayıla bilməz. Ona görə hesab edirəm ki, islam alimləri, bütün müsəlman ölkələri bu hadisə ilə bağlı öz sözünü deməlidir.
Törədilən terrorun islam təəssübkeşliyindən irəli gəlməsini iddia etmək mümkün deyil. Böyük ehtimalla bu yerli və ya xarici kəşfiyyat orqanlarının, yaxud hansısa terror təşkilatının, məsələn İŞİD-in əməlidir və məhz dinlərarası münasibətlərin kəskinləşməsinə hesablanıb. Amma Avropanın bunu başa düşməsi, avropalıların baş verənləri anlayışla qarşılamsını gözləyirik. Hazırda, indiki təbliğatla baş verən terror hadisəsinin istər siyasi prosəslərə, istərsə də dinlərarası münasibətlərə mənfi təsir etməsi ehtimalı böyükdür. Amma dövlətlər, siyasətçilər, din xadimləri bunun fəsadlarını indidən görməlidir. Baş verənləri olduğu kimi – terror kimi qəbul etmək vacibdir. Fransada törədilən bu terror 2011-ci ildə Norveçin Utoya adasında yerləşən gənclər təşkilatının düşərgəsində insanların kütləvi qətli, bu terrordan iki gün fərqi ilə İstanbulda bir qadın-kamikadzenin, hansı ki, Rusiya vətəndaşı olduğu deyilir, törətdiyi partlayışla eyni qəbildəndir.
Terrorun törədilməsindən sonra baş verən bəzi olaylar, məsələn Fransa prezidentinin hadisədən 10 dəqiqə sonra həmin ərazidə olması, yayılan videolarda yerə uzanmış polisin yaralanmaması, zərər çəkən 32 nəfər üçün cəmi 2 təcili yardım maşının gəlməsi kimi məlumatlar terrorun siyasi proseslərə və dinlərarası münasibətlərə təsir etməsinə cəhd olunacağı ehtimalını aktual edir. Amma bu kimi düşüncələrdən qaçmaq lazımdır. Çünki hadisələr daha pis nəticələr verə bilər".
Mehti Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22