Lokal əməliyyatların astanasında
10:13 13-01-2015
CƏMİYYƏT
Lokal əməliyyatların astanasında
Atəşkəsin pozulması dəfələrlə artıb
Artıq cəbhə bölgəsində atəşkəsin pozulması adi hala çevrilib və günbə-gün bu pozuntular daha da artır. Öncələr sutka ərzində bir neçə dəfə atəşkəs pozulurdusa, indi bu rəqəm bir neçə dəfə artıb. Elə götürək sonuncu dəfə atəşkəsin pozulma halını. Belə ki, Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sonuncu dəfə atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Şuraabad, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Atəşkəs rejiminin bu qədər pozulması isə heç də yaxşı əlamət deyil və hərbi ekspertlərin fikrincə bu yaz kompaniyasına hazırlıq kimi dəyərləndirilə bilər. Hesab edilir ki, hazırkı hava şəraitində və Dağlıq Qarabağın yerləşdiyi ərazidə qışın sərt keçməsinə görə hansısa sistemli əməliyyatların həyata keçirilməsindən danışmaq olmaz. Amma erməni tərəfinin atəşkəsi bu qədər sistmemli şəkildə pozması bir neçə amillə bağlı ola bilər. İlk növbədə Ermənistan tərəfi atəşkəsi tez-tez pozmaqla Azərbaycanı gərginlikdə saxlamaq istəyir, digər tərəfdən isə yazda görünür hərbi əməliyyatlar həyata keçirtmək üçün indidən kəşfiyyat xarakterli addımlar atırlar. Amma məsələ bununla kifayətlənmir. Diqqət yetirsək aydın olar ki, son bir neçə ay ərzində müharibə ilə bağlı çağırışların da sayı artıb.Rusiya politoloqları hesab edir ki, Dağlıq Qarabağ müharibəsi yenidən başlaya bilər. Elə sonuncu açıqlamada da bunun şahidi oluruq. "Tez, yaxud gec, Qarabağ münaqişəsinin gərginləşməsi real müharibəyə gətirib çıxaracaq". Bunu rusiyalı politoloq Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, situasiyanın gərginləşməsi ötən ildən açıq şəkildə hiss olunur: "Tez, yaxud gec, gərginləşmə real müharibəyə səbəb olacaq. Böyük müharibəsiz Qarabağ münaqişəsinin həlli mümkün deyil".Onun fikrincə, bütün oxşar insidentlərə səbəbi öz-özlüyündə Qarabağdakı situasiyadır: "Qeyri-adi heç nə baş vermir, situasiyanın bundan sonra gərginləşməsi tendensiyası da qaçılmazdır". Maraqldır, müharibə çağırışlarının bu qədər artmasının bəs səbəbi nədir? Politoloqların fikrincə son iki il ərzində dünyada baş verən proseslər bir daha sübut etdi ki, güc kimdədirsə, son söz sahibi də o olur. Götürək Yaxın Şərq siyasətini, İraq, Suriya olaylarını. Açıq şəkildə aydın oldu ki, bu əsr heç də danışıqlar, diplomatiya əsri kimi yadda qalmayacaq. Hətta demokratiyanın beşiyi hesab edilən ABŞ belə bir sıra ciddi problemlərini məhz hərbi yolla həll etməyə çalışır. Sonuncu dəfə isə Rusiya Ukrayna timsalında bunu təsdiqlədi. Belə olan halda ümumilikdə bir ab-hava yaranıb ki, hazırda mövcud olan münaqişələr də hərb yolu ilə həll oluna bilər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də. Artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılır və demək olar ki, zərrə qədər də olsa irəliləyiş əldə etmək mümkün olmayıb. Belə olan halda müharibə haqqında düşünmək yeganə yol kimi görünür. Amma hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, indiki məqamda genişmiqyaslı hərbi əməliyyatlardan danışmaq düzgün olmazdı. "Unikal"a açıqlamasında hərbi ekspert bildirdi ki, 2015-ci il Azərbaycan üçün əlamətdar bir ildir və bu il Azərbaycanda Avropa Olimpiadası olacaq. Bu cür beynəlxalq bir tədbir ərəfəsində Azərbaycan hərbi əməliyyatlara başlamaz. Ermənistana gəldikdə isə ekspert bunları düşünür:" Ermənistan sözsüz ki, hansısa addım atarsa Rusiyanın razılığı ilə bunu edəcək. Rusiya isə indiki məqamda belə bir məsələyə qol qoya bilməz. Ermənistan tək başına belə bir yol seçərsə bunun nəticələri Ermənistan üçün çox ağır olacaq. Buna görə istənilən halda genişmiqyaslı əməliyyatların olmasına inanmıram. Amma lokal münaqişələr mümkündür. Hesab edirəm ki, Azərbaycan lokal əməliyyatlara başlasa, hardasa 4-5 günlük əməliyyatlar nəticəsində işğal olunmuş rayonlarımızdan 3-4 rayonu tam azad edə
bilər. Özü də indi elə bir durumdur ki, Rusiyanın başı öz problemlərinə qarışıb".Sonda bunuda qeyd edək ki, Ermənistan Gömrük İttifaqına daxil olandan sonra daha çox aqressivliyə meyillənirlər və az qala belə rəy yarandı ki, Ermənistan bu ittifaqa daxil olandan sonra Dağlıq Qarabağ üzərində üstünlüyünü artırıb. Əslində isə yaranan bu ittifaq nə hərbi təşklilatdır, nə də təşkilata üzv olan dövlətlər Ermənistana dəstək verməyəcək. Əksinə Belorusiya və Qazağıstan prezidentləri Ermənistan Gömrük İttifaqına daxil olanda şərt qoydular ki, Ermənistanın sərhəddi ilə Dağlıq Qarabağ sərhəddi eyniləşdirilə bilməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46