2015-in
2015-in "Kənd təsərrüfatı ili" elan edilməsi təqdir olunur

Məlum olduğu kimi, prezident İlham Əliyev 2015-ci ili Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Bu barədə "Unikal"a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev ölkə başçısının imzaladığı bu sərəncamı müsbət qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, bu sərəncam Azərbaycanda aqrar sahədə inkişafa ciddi stimul verəcək: "Azərbaycan neft ölkəsidir, həm də bununla yanaşı kənd təsərrüfatı ölkəsidir. Bu səbəbdən də kənd təsərrüfatının inkişafı üçün atılan hər bir addım təqdir olunmalıdır. Onu da nəzərə çatdırım ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları keyfiyyətinə görə dünya standartlarına cavab verir. Bu mənada, Prezident Əlham Əliyevin bu sərəncamı ilə ölkəmizdə aqrar sektor daha da inkişaf edəcək, yalnız neft ixrac edən ölkə kimi deyil, kənd təsərrüfatı ixrac edən ölkə kimi də tanınacağıq. Bu yöndə atılan addımlardan sonra kənd təsərrüfatında yüksək inkişafa nail ola bilərik. Yəqin ki, qısa müddətdən sonra Azərbaycanda istifadə edilməyən torpaq sahəsi qalmayacaq. Bu isə həm yeni iş yerləri deməkdir, həm də kənddən iş arxasınca ayrı-ayrı ölkələrə, şəhərələrə üz tutanların geri qayıtmasına gətirib çıxaracaq. Təbii ki, bu məsələdə fermerlər daha fəal olmalıdırlar. Qeyd etməliyəm ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib. Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər".
Milli Məclisin deputatı Vahid Əhmədov "Unikal"a açıqlamasında deyib ki, 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsini müsbət qiymətləndirilməlidir. Onun fikrincə, bu sərəncamdan sonra kənd təsərrüfatının inkişafı yönündə mühüm tədbirlər həyata keçiriləcək: "Təbii ki, kənd təsərrüfatının inkişafı olduqca vacibdir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı olduqca vacibdir. Bu mənada, cənab prezidentin bu sərəncamı kənd təsərrüfatnın inkişafına töhfələr verəcək. Kənd təsərrufatı sektorunun ayrı-ayrı sahələrinin inkisaf edib. Ümid edirəm ki, 2015-ci ildə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olacağıq. Qeyri-neft sektorunun inkişafı yönündə davamlı tədbirlərin görülməsi uzun müddətdən bəri arzu olunurdu. Artıq bu yöndə addımlar atılmağa başlayıb".
V.Əhmədov onu da qeyd edib ki, kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi baxımından da vacibdir. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafı yönündə müvafiq tədbirlər görülməlidir. Yəqin ki, 2015-ci ildə bu yöndə müvafiq addımlar atılacaq.
Onu da nəzərə çatdıraq ki, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə qərara alıb ki, 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilsin.
Z.MƏMMƏDLİ