Azərbaycanlı alimlərin məmur övladları
Azərbaycanlı alimlərin məmur övladları

Alimin özündən sonra qoyub getdiyi ən yaxşı əsər onun övladlarıdır deyiblər. Kitablar və nəzəriyyələr isə bu "canlı əsər"dən sonra gəlir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəetmə sahəsində mühüm post tutan bir çox şəxslər alim övladlarıdır. Modern.az saytının bu araşdırmasında alimlərin məmur övladlarından bəhs olunur.

Xarici işlər naziri Elmar Məmmədyarov ictimaiyyətə nə qədər tanış olsa da, çox təəssüflər olsun ki, nazirin akademik atasını bir o qədər də yaxşı tanımırıq. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan Məhərrəm Məmmədyarov kimya sahəsində xeyli uğurlara imza atıb. Qocaman alim bir müddət Naxçıvan Dövlət Universitetində çalışsa da, sonradan həyatını akademiya ilə bağlayır. 90 yaşlı Məhərrəm Məmmədyarov 1969-cu ildən bu günə qədər AMEA-ın Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda çalışır.
Akademik Əhməd Mahmudovun adı yəqin ki, çoxlarına tanış deyil. Amma ömrünü akademiyaya, iqtisadiyyat elminin inkişafına yönəldən Əhməd Mahmudovun övladını demək olar hamı tanıyır. Bu, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovdur.
Ə.Mahmudov 1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə AMEA-nın İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. Akademik 1989-cu ildə vəfat edib.
Baş nazir Artur Rəsizadə də alim ailəsində böyüyüb. Atası, böyük şair Hüseyin Cavidin qardaşı oğlu olan Tahir Rəsizadə Azərbaycanın ilk kənd təsərrüfatı mütəxəssilərindən biri olub. Şeir və pyeslərin müəllifi olan Tahir Rəsizadə uzun müddət Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini, direktoru vəzifələrində çalışıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan dilçilik elminin banilərindən olan professor Muxtar Hüseynzadənin oğludur. Əməkdar elm xadimi və respublika dövlət mükafatına layiq görülən alim nitq mədəniyyəti, Azərbaycan dilinin morfologiya və terminologiyası, dil tarixinə aid əsaslı araşdırmaların müəllifidir. Çingiz Hüseynzadənin özü də atasının yolunu davam etdirir və elmi fəaliyyətlə məşğul olur.
Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı prezidenti akademik Akif Əlizadənin atası Ağamehdi Əlizadə Bakının adlı-sanlı ziyalılarından və həkimlərindən olub. Bundan əlavə, A.Əlizadə peşəkar səviyyədə diş xəstəliklərinin müalicəsi və onun nəzəri əsaslarının hazırlanması istiqamətində işlər görüb. O, əvvəlcə Diş Həkimliyi Texnikumunun, sonra isə Diş Həkimliyi İnstitutunun direktoru kimi bir sıra alimlərlə bu xəstəlikdə ağrıların dəfi və ondan sonra yaradıla biləcək fəsadlarının qarşısını kəsmək üçün nəzəri müddəalar hazırlayıb.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov hüquq üzrə elmlər doktoru, professor Murtuz Ələsgərovun oğludur. Doğrudur, mərhum Murtuz Ələsgərov daha çox Milli Məclisin sədri kimi tanınmışdı, amma o, elmlə də məşğul olub və bütün ömrü Bakı Dövlət Universiteti ilə bağlıdır. Hüquq fakültəsində sıravi müəllimdən dekan vəzifəsinə qədər yüksəlib. 1993-96-cı illərdə isə BDU-nun rektoru vəzifəsində çalışıb.
Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov da elm adamlarının ailəsində formalaşıb. Onun anası Şəfiqə Məhərrəmova "Əməkdar müəllim" adına layiq görülən ilk qadın pedaqoqdur. Atası Məmmədəli Məhərrəmov isə Qərbi Azərbaycanda elmin, təhsilin inkişafında, gənclərin maariflənməsində müstəsna işlər görüb. Məhərrəmovların daha bir övladı akademik, deputat, BDU-nun rektoru Abel Məhərrəmovdur.
Azərbaycanın Belarusdakı səlahiyyətli və fövqəladə səfiri İsfəndiyar Vahabzadə də alim ailəsinin üzvüdür. Onun atası hamımızın çox yaxşı tanıdığı xalq şairi və şair olduğu qədər də güclü alim, Bakı Dövlət Universiteti Müasir Azərbaycan ədəbiyyatı kafedrasının keçmiş professoru Bəxtiyar Vahabzadədir. Razılaşarsınız ki, Bəxtiyar Vahabzadə haqqında danışmağa o qədər də ehtiyac yoxdur. Sadəcə, onu deyək ki, şairin elmi fəaliyyəti yaradıcılığının yanında nisbətən kölgədə qalıb. Amma o, ömrünün 50 ildən çoxunu BDU-un filologiya fakültəsinə həsr edib. Sonda AMEA-ın da müxbir üzvü seçilib.
Ömrünü Bakı Dövlət Universiteti və akademiyaya həsr edən başqa bir görkəmli ziyalı akademik Həmid Araslının oğlu Elman Araslı da Azərbaycanın Səudiyyə Ərəbistanı və İosrdaniyadakı səfiri olub. Təəssüf ki, hazırda ata və oğulun heç biri həyatda deyil.
Başqa bir filoloq alim professor Afat Qurbanovun da övladları onun yolunu davam etdirir. Beş övladdan dördü həkim və elmi fəaliyyətlə məşğul olsa da, alimin sonuncu oğlu Ramin Qurbanov Yasamal rayon Məhkəməsinin hakimidir.
Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov akademik, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur. Əhliman Əmiraslanov AMEA-da bölmə katibi kimi də fəaliyyət göstərir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov fəlsəfə elmləri doktoru, professor, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri Rəbiyyat Aslanovanın övladıdır. Rəbiyyət Aslanova 2004-cü ildən bu kafedranın professorudur.