Bəzi rektorların "çörəyi" əldən çıxır
11:26 16-01-2015
CƏMİYYƏT
Bəzi rektorların "çörəyi" əldən çıxır
Bir sıra universitetlərin birləşdirilməsi gözlənilir
Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərin ixtisar olunaraq birləşdirilməsi gündəmə gəlib. Hesab olunur ki, yalnız bunun sayəsində ölkədə ali təhsilin səviyyəsini artırmaq mümkündür.
Ekspertlərə görə, dövlət universitetlər rəsmi qərarla birləşdirilməli və gücləndirilməlidir. Özəl universitetlərin isə özləri birləşməyə getməlidirlər. Dünyada artıq birləşmə prosesləri gedir. Yalnız bu şəkildə inkişaf olacaq. İnzibati qaydalarla deyil, insanların öz seçimi əsasında inkişaf yaratmaq lazımdır.
Bu təklif artıq ən müxtəlif dairələrdə təqdirlə qarşılanmaqda və dəstək qazanmaqdadır. Məsələn, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, ölkədə fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının maddi-texniki bazasının vəziyyəti ürəkaçan deyil və müasir tələblərə cavab vermir: "Universitet məfhumu geniş kompleks təsəvvürünü canlandırır. Ölkədəki universitetlərin xeyli qismi bir və ya iki binadan ibarətdir. Əslində, bu ocaqlar yüksək ali təhsil verən müəssisədirsə, onun hər fakültəsinin bir binası, laboratoriyası, emalatxanası, xəstəxanası, klinikası, konservatoriyası olmalıdır. Məsələn, Türkiyə universitetləri müasir standartlara cavab verir. Azərbaycanda isə həmin tələblərə cavab verən yalnız Naxçıvan Dövlət Universitetidir. Bu universitetin ərazisi o qədər genişdir ki, yorulmamaq üçün orada avtomobillə hərəkət edirlər".
Ə. Ağayevin sözlərinə görə, uyğun ixtisaslı universitetlərin birləşdirilməsi vacibdir. Sözügedən məsələnin lehinə və əleyhinə olanlar var: "Universitetlərin ərazisində xeyli təchizat tələb edən işləri görmək üçün zaman lazımdır. Universitetlər birləşsə, həmin təchizat ali təhsil ocaqlarının öz daxili imkanları hesabına reallaşacaq. Bakı Dövlət Universiteti özünə uyğun digər təhsil ocaqlarının ixtisaslarını birləşdirə bilər. Mərkəz adını daşımaqla filiallarla, şöbələrlə fəaliyyət göstərə bilər. BDU kimya-biologiya sahəsinə aid olan bir cihazı milyon yarım manata alıb. Digər təminatlar da görülüb. Amma geniş kampus müxtəlifliyi yoxdur. Mən elmi əsaslı universitetlərin birləşdirilməsinin tərəfdarıyam".
Ə. Ağayev hər yerdə göbələk kimi yayılan universitetlərin lüzumuna ehtiyac olmadığını bildirib: "Belə universitetləri bitirənlərin nə idarəetmədə, nə də təlim səviyyəsində uğuru olmayacaq. Azərbaycanda universitet yaratmaq təsəvvürü çox bəsit olub. Universitetləri valideynlərdən yığılan pulla açmaq olmaz. Belə universitetlər Avropaya inteqrasiya edə bilmir, beynəlxalq səviyyəyə çıxa bilmir və bilməyəcək. Onlar böyük universitetlərin bir komasıdır. Qafqaz və Xəzər Universitetlərindən başqa bütün özəl ali təhsil ocaqları valideynlərin hesabına açılıb və fəaliyyət də göstərməkdədir".
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən ekspert bildirib ki, belə bir təklifin müzakirəsindən xəbərdardır: "Amma onun reallaşması çətin məsələdir. Çünki ölkədə bir sıra rektorlar müəyyən nüfuzlu şəxslərin himayəsindədir. Onlar "çörəklərinin" əllərindən çıxmasına asanlıqla imkan verməyəcək, himayə olunduqları nüfuzlu dairələrin dəstəyi ilə belə bir prosesə start verilməsini əngəlləməyə çalışacaqlar".
Bununla belə, istər dövlət, istərsə də özəl universitetlərin bəzilərinin birləşdirilməsini ölkədə ali təhsilin səviyyəsinin yüksəldilməsi üçün əsas çıxış yollarından biri kimi gördüyünü deyən ekspert, həmin təklifin reallaşması istiqamətində hökumətin ortaya açıq istək və iradə qoyacağı təqdirdə prosesin start götürəcəyinə inanır: "Gəlin razılaşaq ki, bir çox rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisələrinə daha çox şəxsi biznes obyekti kimi baxırlar. Universitetlərə belə bir münasibətin dəyişməsi lazımdır. Biz ali təhsil sistemini dünya standartları ilə ayaqlaşdırmaq istəyiriksə, universitetləri də qazanc yerindən çox bilik məbədi, elm ocağı kimi görməliyik. Bu da müəyyən islahatların reallaşmasından gedir. Haqqında danışılan təklif də belə islahatlardan biri ola bilər. Əgər kimlərsə bundan maddi olaraq nəsə itirəcəklərsə, eybi yox, əsas odur ki, təhsilimiz və bunun da nəticəsində ölkəmiz qazansın".
Hər halda görünən odur ki, məlum birləşmə təklifi ilə bağlı böyük əksəriyyətdə müsbət rəy var. İndi qalır bu təklifin hökumətdə açıq müzakirəsi və yekun qərarın verilməsi. Ekspertlər əmindirlər ki, belə bir qərarın verilməsi üçün çox gözləmək lazım gəlməyəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44