Almaniyada Azərbaycan saatı
11:00 22-01-2015
CƏMİYYƏT
Almaniyada Azərbaycan saatı
Prezident İlham Əliyevin Avropa səfərinin önəmi
Azərbaycan prezidenti Almaniyaya səfər etdi və səfər çərçivəsində mühüm görüşlər keçirildi. Görüşlərdə əsasən Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı,bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, "Şərq tərəfdaşlığı" Proqramında iştirakla bağlı məsələlər müzakirə olunub. Bunuda qeyd edək ki, son zamanlar Avropa ilə Azərbaycan arasında müəyyən gərginliklər yaşanırdı və bu gərginliyin kökündə Azərbaycanın "Şərq tərəfdaşlığı" Proqramı ilə çərçivəli münasibət qurması oldu. Xatırlayırsınızsa bir il öncə Avropa İttifaqı Azərbaycan və Ukraynanın bu proqrama qoşulmasını istədi və Azərbaycan o an həm Rusiyanın, həm də Avropa İttifaqının tələbindən imtina etdi. Ukrayna isə bu tələbə əməl etdi və nəticə göz qabağındadır. Məhz bu proseslərdən sonra ortada gərginlik müşahidə olunmağa başladı və erməni lobbisi bundan maksimum dərəcədə yararlandı. Həmçinin Azərbaycanda fəaliyyətləri şübhəli görünən QHT-lərin araşdırılması zamanı, Bakıda bir erməni şəbəkəsinin ortaya çıxması da Qərblə durumu gərginləşdirdi. Çünki bəzi Qərb təşkilatları heç bir arqument göstərmədən bu şəbəkəyə daxil olan və Azərbaycana qarşı xəyanət yolu tutmuş şəxslərin azadlığa buraxılmasını tələb etdilər. Maraqlıdır, belə bir məqamda prezident İlham Əliyevin Almaniyaya səfəri hansı proseslərə təsir edə bilər? Ekspertlər düşünür ki, ümumiyyətlə Azərbaycanla Almaniyanın münasibətləri hər zaman isti olub və müəyyən məqamlarda iki dövlət daha rahat şəkildə anlaşa biliblər. Hətta bir neçə il öncə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Almaniya ilə əvəzlənməsi tələbləri də səsləndirilirdi ki, bu da iki ölkə münasibətlərinin istiliyini sübut edirdi. Buna görə analitiklər hesab edir ki, prezident İlham Əliyevin Almaniyaya səfərindən sonra ciddi uğurlar olacaq. Bu uğurlar ilk növbədə enerji sahəsindəki əməkdaşlığa təsir edəcək. "Unikal"a açıqlama verən politoloq Qabil Hüseyinli hesab edir ki, prezidentin səfəri çox effektli olacaq:"Azərbaycanın Avropa Birliyi, AŞPA ilə münasibətlərinin gərgin olduğu bir zamanda İlham Əliyevin Almaniyaya səfəri təqdirəlayiqdir və bu səfərdən çox şey gözləyirəm. Düzdür, Azərbaycanın Almaniya ilə münasibətləri hər zaman yaxşı olub. Amma bu səfərlə əməkdaşlıq daha yüksək həddə çatacaq. Bunu da unutmayaq ki, Almaniya hazırda Avropanın lokomotivi rolunu oynayır və bildiyiniz kimi bu gün Avropa ilə problemlər yaşayan bir çox dövlətlərlə Almaniya sistemli şəkildə iş aparırı və Avropa siyasətinə təsir edə bilir. Buna görə hesab edirəm ki, Almaniya ilə münasibətlərin istiləşməsi,Avropa Birliyi, AŞPA ilə istiləşmə deməkdir və yaxın zamanlarda bunun müsbət nəticələrini görəcəyik" . "Unikal"la fikirlərini bölüşən Ekspert Rufiz Qonaqov isə hesab edir ki, hansısa təşkilatla münasibətlərin sərinləşməsi heç də o demək deyil ki, ümumilikdə Qərblə münasibətlər gərginləşib:" Mən düşünmürəm ki , Avropa ilə Azərbaycanın münasibətləri gərginləşib. Sadəcə bəzi beynəlxalaq təşkilatların ölkəmizə qarşı ikili standartlardan irəli gələn qərəzli münasibəti var.
Prezident İlham Əliyevin Almaniyaya səfəri ölkəmizin Qərbə inteqrasiyası yolunda növbəti əməkdaşlıq , münasibətlərin daha da yaxınlaşması deməkdir. Bu səfər Qərb və beynəlxalq təşkilatlarla ölkəmizin münasibətlərini daha da yaxınlaşdıracaq, ortada olan anlaşılmaz məsələlər varsa , aradan qaldırılacaq.Almaniya Avropanın ən nüfuzlu ölkələrindən biri kimi bu istiqamətdə ölkəmizlə əməkdaşlıq edəcəyini və müttəfiq olduğunu bəyan edib". BAXCP-in sədr müavini Niyaməddin Orduxanlı isə "Unikal"a açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman istər Qərblə, istər ABŞ-la, istərsə də Rusiya ilə müttəfiqliyin tərəfdarı olub. Amma bəzi qüvvələr Azərbaycana bərabərhüquqlu dövlət kimi yanaşmayanda çatlar da ortaya çıxır:" Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərin indiki gərgin vəziyyətində Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edərdim. Azərbaycan dövləti indiyə qədər xarici siyasətində Qərbyönümlü siyasət aparıb və bu siyasət müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət çərçivəsində olub. Heç bir ölkə Azərbaycanı özünün forpostu hesab edə bilməz.Bu siyasəti arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqının iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi imperia dövlətinin süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı azadlıq hərəkatının başlamasından sonraya təsadüf edib. Azərbaycan istər Qərblə, istərsə də şimal qonşularımızla normal, ikitərəfli qonşuluq siyasətini davam etdirməlidir.Heç bir ölkə Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət buna hesablanıb. Heç bir halda Azərbaycanla diqtə ilə danışmaq olmaz... Digər məqam isə odur ki, prezidentin səfəri radikal müxalifətə tərs bir sillə kimi dəyib. Xüsusən də Əli Kərimliyə...".
Beləliklə hesab etmək olar ki, İlham Əliyevin belə bir durumda Almaniyaya səfər etməsi Avropa ilə Azərbaycan arasında yeni mərhələyə keçid edəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15