Mingəçevirin icra başçısı da əvəzlənəcək?
Mingəçevirin icra başçısı da əvəzlənəcək?

Niyazi Bayramovdan olan şikayətlər onun postunu itirməsi ilə nəticələnə bilər

Azərbaycanda vəzifəsini itirməsi gözlənilən icra başçıları sırasına yeni ad əlavə olunub. Bildirilir ki, bu, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Xatırladaq ki, N. Bayramov ölkə rəhbərliyinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü olan icra başçısı Qarabağ müharibəsi iştirakçısıdır.
Son vaxtlar Mingəçevir şəhəri ilə bağlı korrupsiya iddialarının artmasının təsadüfi olmadığı bildirilir. Qeyd edilir ki, bu, daha çox rayon rəhbərliyinin əvəzlənməsinin siqnalı kimi qəbul oluna bilər.
Xüsusilə təxminən iki il əvvəl icra başçısının gənclər və idman naziri Azad Rəhimovla quda olduğu və bundan sonra daha da arxayınlaşdığı bildirilir. Qeyd edilir ki, Kür çayı sahilindəki ərazilər çox baha qiymətə restoranlar, istirahət mərkəzləri və digər obyektlər tikmək istəyən şəxslərə satılıb.
Bundan başqa, Mingəçevir şəhər İcra Hakimiyyətinə ötən illər ərzində təmir, tikinti, yaşıllaşdırma, yolların təmiri, yeni binaların tikintisi və təmiri, parkların, xiyabanların salınması, təmiri və sair işlər üçün milyonlarla manat dövlət vəsaiti ayrılsa da, onların təyinatı üzrə xərclənməsinə dair ciddi şübhələr var.
Bütün bunlar barədə KİV-lərdə artan tənqidi materiallar belə iddiaların ortaya çıxmasına səbəb olub ki, Niyazi Bayramov qarşıdakı dövrdə vəzifəsini itirməsi gözlənilən icra başçılarından biri ola bilər. Həmin iddiaların nə qədər həqiqətəuyğun olub-olmadığını isə zaman göstərəcək.
Aliyə