Müxalifətin birlik təşəbbüsləri suya düşür
10:01 30-01-2015
CƏMİYYƏT
Müxalifətin birlik təşəbbüsləri suya düşür
Məlum olduğu kimi hər seçkidə, xüsusən də parlament seçkiləri ilində müxalifətin birliyinin yaradılması təşəbbüsü irəli sürülür.
Ayrı-ayrılıqda heç bir gücə sahib olmayan müxalifət partiyalarının bir araya gəlməsi zərurəti indi də ortadadır. Demokratiya və İnsan Haqları Mərkəzi də yeni blok yaratmaq ideyasını müzakirəyə başlayıb, amma deyəsən, bu ideyanı gerçəkləşdirmək müşkülə çevrilib.
Bu barədə "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, bu cür təşəbbüslər var və seçki blokunun yaradılması istiqamətində danışıqlar gedir. Onun sözlərinə görə, hələ hansı partiyaların bir yerdə seçkilərə gedəcəyi ilə bağlı konkret fikir bildirmək çətindir: "Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində müxalifət düşərgəsi ən azı 3-4 seçki blokları ilə seçkilərə qatılacaq. Bu da təbiidir. Çünki, elə partiyalar var ki, onların bir-biri ilə ideoloji baxışları üst-üstə düşmür. Belə olan halda onların bir seçki blokunda təmsil olunması çətindir. Digər tərəfdən mövcud seçki məcəlləsində seçki blokları tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsi uzun bir prosedurdur ki, bu da xeyli vaxt aparır. Nəzərə alsaq ki, seçki məcəlləsinə edilən son dəyişikliklərdə seçki kampaniyasının müddətinin 60 günə endirilməsi seçkilərə qatılan siyasi qüvvələrin vaxt resursunu da iki dəfə azaldıb".
ADP yetkilisi bütün bunları nəzərə alaraq, müxalifətin böyük birliyinin yaradılacağını real hesab etmir. "Bütün müxalifət partiyalarının bir seçki blokunda təmsil olunması praktik baxımdan belə mümkün görünmür. Bu o halda mümkün ola bilər ki, eyni təmayüllü siyasi partiyalar bir seçki bloku yaradır, amma təsisçilərin sayı 3 və 4 partiyadan artıq olmasın. Belə olan halda da umu-küsülər yaranır. Çünki, əksəriyyət istəyir ki, təsisçilikdə onun partiyası da olsun", - deyə T.Əliyev fikrini tamamlayıb.
Fikirlərini "Unikal"la bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, müxalifət parlament seçkilərinin hazırlıq işlərinə artıq gecikib, çünki vaxt daralmaq üzrədir. Onun fikrincə, 11 aya belə ağır prosesə hazırlaşmaq və uğur qazanmaq müşkül məsələdir: "Müxalifət düşərgəsinin bütün resursları tükənməkdədir, olan-qalan imkanları da səfərbər etmək, toparlanmaq və mövcud əngəlləri aradan qaldırmaq heç də asan deyil. Təəssüflər olsun ki, siyasilərimiz vaxt amilinə diqqət yetirmirlər. Halbuki qalib gəlməyin ən vacib şərtlərindən biri də vaxtdan düzgün istifadədir. Siz özünüz də şahidi olacaqsız ki, seçkilərə start verilməsi ərəfəsində müxalifət düşərgəsində bir hərəkətlilik müşahidə olunacaq, tələm-tələsik nəsə yaradacaqlar. Tələm-tələsik yaradılan qurumlarda da o qədər səhvlər, qüsurlar buraxılır ki, bunları da aradan qaldırmaq faktiki alınmır. Ona görə də mən birlik istiqamətində irəli sürülən təşəbbüsləri gecikmiş təşəbbüslər hesab edirəm. Amma bu təşəbbüslər, cəhdlər uzandıqca cəmiyyətin daxilində də inamsızlıq daha dərinlərə kök salır. Mənim düşüncəmə görə, parlament seçkilərində müxalifət əvvəlki illərdən fərqli olmayacaq. Yenə də bu düşərgə seçkiyə dağınıq və pərakəndə gedəcək ki, bu da itiriləcək daha bir şans olacaq. Bu heç də o demək deyil ki, mən pessimist əhvaldayam. Qətiyyən. Birlik üçün imkanlar hələ də tükənməyib. Ona görə də ilk növbədə ləngimələr aradan qaldırılmalı, xırda məsələlərin gündəmi zəbt etməsinə imkan verilməməli, real güclər və siyasi qüvvələrin ortaq və fərdi maraqları cızılmalıdır. Hər kəs qabaqcadan bilməlidir ki, sonradan narazılıqlar, incikliklər və umu-küsülər olmasın".
Ə.Orucov onu da nəzərə çatdırıb ki, müxalifətin bu seçkidə uğur qazanacağı müşkül görünür: "Bu boyda qarşılıqlı ittihamlardan, daxili münaqişələrdən sonra müxalifətin yenidən bir araya gəlməsi, bloklaşması baş tutan deyil. Xüsusən də, son 3-4 ay ərzində aparıcı hesab olunan siyasi partiyalar arasında bütün normaları aşan, söyüş səviyyəsinə çıxan atışmalar müxalifət arasındakı ziddiyyətləri və qarşıdurmaları daha da dərinləşdirib. Məncə, müxlifət düşdüyü acınacaqlı durumun fərqinə varmasa və əvvəlki hikkəsini, ambisiyasını, mübarizə və yanaşma metodunu saxlasa bu onun sonu demək olacaq. Lakin dünyada , regionda və ölkədə gedən proseslərdən, eləcə də müxalifətin sponsorlarından da çox şeylər asılı olacaq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15