Əli Həsənov: "Heç bir qurum bu işdə yaxasını kənara çəkməməlidir"
10:02 30-01-2015
CƏMİYYƏT
Əli Həsənov: "Heç bir qurum bu işdə yaxasını kənara çəkməməlidir"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a verdiyi müsahibəni təqdim edirik:
- Əli müəllim, ölkə Prezidenti İlham Əliyev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq olunması ilə bağlı sərəncam imzalayıb. Bu sənəd hansı zərurətdən meydana gəldi?
- Hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan dövlət proqramları qəbul olunmuşdur ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və ciddi uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılmışdır. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 30-a yaxın şəhər və rayonunda gənclər mərkəzlərinin inşası və s. ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.
Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, əldə olunan uğurlar, Azərbaycanın yeni inkişaf imkanları, habelə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri edir. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" cənab Prezident tərəfindən təsdiq olunmuşdur.
- Bu sənədin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr nədən ibarətdir?
- Məqsəd və vəzifələrə keçməzdən əvvəl istərdim ki, qısa şəkildə Strategiyanın hədəf qrupları ilə bağlı fikirlərimi bildirim. Təsdiq olunmuş sənəddə gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından, onların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zərurəti yaranmışdır. Buna görə də ilk dəfə olaraq, Strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilmişdir.
Əsas məqsədinə gəlincə isə, Strategiya 2015-2025-ci illəri əhatə edən dövrdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.
Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və s. bu kimi digər məsələlər Strategiyanın əsas vəzifələri sırasındadır.
Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi fəaliyyət dayanır. Buna görə də gənclərlə işləyən heç bir qurum bu işdə yaxasını kənara çəkməməli, yeni nəslin hərtərəfli inkişafına səy göstərməlidir.
Strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlərin həyata keçirilməsini, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasını, gənclər arasında ixtisas və peşə seçimini, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmağı, əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirməyi, gənclər üçün aktual olan məsələlərin həllində qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə dəstək verilməsini və digər məsələləri əhatə edir.
Tam əminliklə deyə bilərəm ki, bu Strategiya ölkə gənclərinin həyatına yeni rəng qatacaq və ciddi əhəmiyyətə malik olacaqdır.
- Əli müəllim, son olaraq, Strategiyadan gözləntilərinizi öyrənmək istərdik.
- Bu günə qədər gənclərlə birbaşa bağlı olan "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası, habelə əldə olunan nəticələr söyləməyə əsas verir ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da Azərbaycan gənclərinin iqtisadi, humanitar və sosial həyatında yeni səhifə açacaqdır.
Sözsüz ki, belə əhatəli sənəddən gözləntilər çox böyükdür. Eyni zamanda görülən hər bir işin məntiqi sonluğu olmalıdır.
Strategiyanın gənclərimizin sosial problemlərinin həlli, onların işsizlik səviyyəsinin aşağı salınması, təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, elm və texnika sahəsində çalışan gənclərin sayının artması və digər sahələrdə əhəmiyyətli nəticələr verəcəyinə əminəm.
Şübhə etmirəm ki, əlaqədar dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və fəal gənclərimizin birgə səyləri nəticəsində Strategiyada müəyyənləşdirilən vəzifələr uğurla həll olunacaq, qarşıdakı 10 ildə gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar atılcaqdır.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15