"Bu günə kimi müxalifət qüvvələrinin heç bir əməkdaşlığı müsbət nəticələnməyib"
12:08 26-02-2015
CƏMİYYƏT
"Bu günə kimi müxalifət qüvvələrinin heç bir əməkdaşlığı müsbət nəticələnməyib"
Musa Ağayev: "Bu ittifaqların müsbət nəticələnməməsinin də öz səbəbləri var. Çünki hər bir partiya öz iddiasını ortaya qoyur, ambisiyasının qurbanına çevrilir, nəticədə ortada olan ittifaq da pozulur"
Yeni Zman Partiyasının sədri Musa Ağayev "Unikal" qəzetinə müsahibə verib. O, ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri və partiyalararası münasibətlər barədə fikirlərini bizimlə bölüşüb.
- Musa müəllim, artıq seçki ilinə start verilib. Rəhbəri olduğunuz partiya seçkiyə hazırlaşırmı?
- Bizim partiya artıq 8 ildir ki,yaranıb və təşkilati, ideoloji işlərlə məşğuldur. Sözsüz ki, Yeni Azərbaycan Partiyası olaraq, seçkidə iştirak etmək niyyətindəyik. Hazırda bizim qeydiyyat məsələmiz həll olunmamış qalır. Bütün instansiyalara müraciət etmişik, məsələ həll olunmayıb. 9 məhkəmədə bu məsələyə baxılıb. Artıq dörd ildir ki, partiyanın qeydiyyata alınmaması ilə bağlı məsələmiz Avropa Məhkəməsindədir. Hazırda Azərbaycan hakimiyyəti ilə Avropa Məhkəməsi arasında kommunikasiya başlayıb. Çox güman ki, yaxın vaxtlarda məsələyə baxılacaq və müsbət qərar veriləcək. Payız aylarına qədər partiyanın qeydiyyat məsələsi həll olunmalıdır. Məsələ həll olunsa, seçkiyə partiya formasında gedəcəyik, həll olunmasa da, fərdi şəkildə seçkiyə qatılacağıq.
- Onsuz da, proporsional seçki sistemi yoxdur ki, partiya şəklində qatılmaq vacib olsun…
- Proporsional seçki sistemi məsələsi olduqca önəmlidir. Ötən il bu məsələlərlə bağlı müzakirələr aparıldı. Təəssüf ki, Azərbaycanda partiyalar birinci bu məsələni qaldırmırlar. Əslində, ölkədə çoxpartiyala sistem mövcuddursa, bu istiqamətdə təbliğat qurulursa, hakimiyyət də istəyirsə ki, çox partiyalı sistem olsun, o zaman bu prosesə dəstək verməlidir. Ümumiyyətlə, çoxpartiyalı sistemdə proporsional seçki olmalıdır. Proporsional seçki sisteminin olmaması partiyaları zəiflətmək, prosesdən kənarda qoymaq kimi bir şeydir. Söz yox ki, mojaritar sistemin də müsbət tərəfləri var və onun da olması müsbətdir. Amma ən optimal variant qarışıq sistemin tətbiqidir. İnanmıram ki, budəfəki parlament seçkilərinə kimi bunu tətbiq eləsinlər. Buna baxmayaraq, biz seçkilərə gedəcəyik. Düzdür, hələlik seçkiyə hazırlığa başlamamışıq, amma müvafiq planlarımız var. Çox güman ki, bir sıra dairələr üzrə mübarizəyə qoşulacağıq.
- Konkret olaraq seçki komandası müəyyənləşdirmisizmi ki, bu qədər namizədlə seçkidə iştirak edəcəyik?
- Hələlik yox. Amma çalışırıq ki, mart ayında bu istiqamətdə müzakirələr aparaq və müvafiq qərarlar verək. Seçkiyə gedəcəyimiz qətidir, amma komandanın tərkibi martda müəyyənləşəcək.
- Adətən parlament seçkiləri ərəfəsində partiyaların fəaliyyətləri əlaqələndirilir, yeni əməkdaşlıqlar formalaşır. Bu yöndə Sizin fikriniz nədir?
- Siz özünüz də müşahidə etmisiniz ki, Azərbaycanda seçkilər öncəsi bloklaşma, yeni ittifaqların yaranmasına daha çox üstünlük verilir. Mən də hesab edirəm ki, partiyaların fəaliyyətinin koordinasiya edilməsi lazımdır. Amma indiyə qədər baş verən birliklərin aqibətini görmüşük. Bu günə kimi müxalifət qüvvələrinin heç bir əməkdaşlığı müsbət nəticələnməyib. Bu ittifaqların müsbət nəticələnməməsinin də öz səbəbləri var. Çünki hər bir partiya öz iddiasını ortaya qoyur, ambisiyasının qurbanına çevrilir, nəticədə ortada olan ittifaq da pozulur. Ən acınacaqlısı odur ki, ortaya qoyulan ambisiyalar partiyanın gücünə hesablanmır. Nəticədə məğlubiyyət qaçılmaz olur.
Ona görə də bizim hələlik hansısa blokda iştirak etmək niyyətimiz yoxdur, amma yenə də qapılarımız açıqdır. Hər hansı bir məsələ ilə bağlı müzakirələr, məsləhətləşmələr apara bilərik. Əlbəttə ki, ənənəvi bloklaşma prosesində iştirak etməyəcəyik.
- Yeni Zaman Partiyası hansı partiyalarla əməkdaşlıq edə bilər. Müsavat, AXCP və bu qəbildən olan partiyalarla yaxınlaşmanız mümkün görünürmü?
- Ümumiyyətlə, Yeni Zaman Partiyası ölkədə fəaliyyət göstərən və bizim ideoloji xəttimizə zidd olmayan bütün siyasi təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Bizim partiyanın əsas məramı odur ki, hər şey xalqın iradəsi ilə həll olunsun. Əgər hansısa qüvvələr ortaya ciddi konsepsiya hazırlayıb qoysa, hüquqi dövlət quruculuğu ilə bağlı ciddi təkliflər irəli sürsə, müzakirələrə qoşula bilərik. Çünki bizim özümüzün də istəyimiz bundan ibarətdir. İndi bəziləri iddia edir ki, filan vaxt vəzifədə olmuşam, filan işləri görmüşəm, öndə də mən olmalıyam. Bu cür iddialarla, bu cür yanaşma ilə uzağa getmək olmaz.
- Adətən Müsavatla AXCP belə iddiada bulunurlar ki, birlik onların ətrafında formalaşmalıdır. Həqiqətənmi güc onlardır və hər kəs onların ətrafında birləşməlidir?
- Bu cür yanaşmaya münasibətim olduqca pisdir. Heç bir halda, bunu qəbul eləmək olmaz. Artıq son 20 il göstərdi ki, bu gün özlərini ana müxalifət adlandıran qüvvələr xalqı öz arxaları ilə aparmaq iqtidarında deyillər. Digər tərəfdən, o da məlum oldu ki, parlament seçkilərində belə hər hansı bir yer götürə bilmədilər. Yenə də deyirəm ki, ambisiyaları bu qüvvələri inkişaf etməyə də qoymur. Hər bir siyasi təşkilat öz üzərində işləməlidir, inkişaf etməlidir, amma onlar 20 ildir ki, eyni mövqedədirlər, eyni yanaşma ilə fəaliyyət göstərirlər. Niyə hamı onların ətrafında birləşməlidir? Əgər bu cür iddialar olacaqsa, sözsüz ki, imtina edəcəyik. Hansısa partiya buna layiqdirsə, başqa məsələ, amma məsələ ondadır ki, Azərbaycanda belə bir partiya tanımıram. Azərbaycanın ən böyük bəlalarından biri də güclü müxalifətin olmamasıdır.
- Yaxşı, güclü müxalifətin olması üçün nələr edilməlidir?
- Ölkədə prosesləri idarə edən, hər hansı bir situasiyanı formalaşdıran hakimiyyətdir. Azərbaycanda güclü müxalifətin olması üçün hakimiyyət müəyyən addımlar atmalıdır. Təəssüf ki, hakimiyyət güclü müxalifətin olmasını istəmir. Hakimiyyətin dediyi ilə razılaşmaq müxalifətçilik deyil. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Nə görülən işləri danmaq olar, nə də problemləri ört-basdır etmək olar. Müxalifətçilik haqqı deməkdir və bunun bacarmaq lazımdır.
- Musa müəllim, son dövrlər iqtidar-müxalifət görüşü oldu. Siz, bu siyasi qüvvələrarası dialoq təşəbbüsünü necə qiymətləndirirsiniz?
- Təbii ki, iqtidar-müxalifət dialoqu müsbət qiymətləndirilməlidir. Amma məsələ burasındadır ki, bu, imitasiya şəklində olmamalıdır. Bir partiyanın qeydiyyat məsələsi heç bir əsas olmadan uzadılırsa, məhkəmələrdə süründürülüsə, o zaman həmin ölkədə iqtidar-müxalifət dialoqunun səmimiliyinə inam azalır. Amma ümumi götürdükdə, ölkənin inkişafı üçün dialoq lazımdır. Artıq dünyada birqütblü idarəetmə siyasətinə son qoyulur. Belə bir məqamda iqtidar-müxalifət danışıqlarının gündəmə gəlməsi vacibdir. Bu cür təmaslar Azərbaycana xarici təsirlərin də qarşısını alar.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15