Şok! "Hafka" ilə Mübariz Mənsimov pul davasına çıxdı
11:48 07-03-2015
CƏMİYYƏT
Şok! "Hafka" ilə Mübariz Mənsimov pul davasına çıxdı
İki tanınmış biznesmenin arasında nə baş verir?
Maliyyə problemləri içində çabalayan "Bakı" futbol klubunun prezidenti, son vaxtlar adı ətrafında qalmaqallar səngiməyən Hafiz Məmmədov xeyli müddət idi, ortalıqda görünmürdü.
Elə ona görə də klubu dağılmaq təhlükəsiylə üz-üzə olan Məmmədovun AFFA-nın dünən keçirilən konfransında və İcraiyyə Komitəsinin iclasında iştirak edib-etməyəcəyi maraqla gözlənilirdi.
Nəhayət, intizara son qoyulub və "Hafka" ləqəbli iş adamı federasiyanın toplantısında iştirak edib. O, jurnalistlərə açıqlamasında isə ilginc iddialar səsləndirib: ""Palmali" şirkətinə səslənərək, onları rəhbəri olduğum "Baghlan group"a borcunu qaytarmağa çağırıram. Əks halda, bunun yaxşı nəticələri olmaya bilər. Biz "Lans" klubuna pul ödəməliyik. Bu olmasa, sabah klubun oyunçuları, azarkeşləri arasında ciddi narazılıq yarana bilər. Onlar təcili olaraq bizə olan borcunu qaytarmalıdı".
Qeyd edək ki, Hafiz Məmmədov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü. Onun rəhbərlik etdiyi "Baghlan group" borclu olduğunu açıqladığı "Palmali" isə "Xəzər Lənkəran" futbol klubunun əsas sponsorudur.
Əsas maraqlı məqam isə ondan ibarətdir ki, "Palmali" başqa bir tanınmış iş adamımıza - hazırda Türkiyədə yaşayan və biznes fəaliyyətinin əsas hissəsini burada davam etdirən Mübariz Mənsimova məxsusdur. Onun Hafiz Məmmədova borcunun haradan yarandığını demək çətindir. Amma istisna edilmir ki, bu neft daşımaları ilə bağlıdır. Məsələ burasındadır ki, "Hafka"nın biznesində neftin böyük payı var. Mətbuat onun Xəzərdəki offşor neft-qaz yataqlarının işlənməsi və hasilatı ilə məşğul olduğunu çoxdan yazır. Hələ iki il əvvəl yerli mətbuat yazırdı ki, Hafiz Məmmədov xarici ölkələrə neft və neft məhsulları daşınmasında qeyri-rəsmi kvotaya sahibdir. Ümumi ölkə üzrə neft və neft məhsullarının daşınmasında bu iş adamının kvotası yüksək deyil. Ancaq bununla belə, bir şirkətə ayrılan kvota baxımından yüksəkdir və illik dövriyyə on milyon dollarla ölçülür.
Mübariz Mənsimovun biznesinin özəyini dənizçilik fəaliyyəti təşkil edir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəmin 60-ı ötdüyünə dair məlumatlar var. Bir müddət əvvəl bildirilirdi ki, Mənsimovun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti təxminən 1,5 milyard dollarlıq varidata malikdir. Ancaq buna qarşılıq Mənsimovun şirkətinin 50 faiz nisbətində maliyyə borcu olduğu xəbərləri də yayılmışdı.
"Palmali"nin borcları arasında "Hafka"nın tələb etdiyi pulun neçə faiz təşkil etdiyini demək çətindir. Amma istisna deyil ki, Mənsimovun holdinqinin "Baghlan group"a borcu məhz ikincinin neft daşımalarını birincinin gəmiləri ilə həyata keçirərkən yaranıb. Hər halda görünən odur ki, Hafiz Məmmədov borcun məbləğini və yaranma səbəbini açıqlamaqda maraqlı deyil. O hazırda "Palmali"yə xəbərdarlıq ultimatiumu göndərməklə kifayətlənir. "Hafka"nın xüsusilə "Borc ödənilməzsə, bunun yaxşı nəticələri olmaya bilər" sözləri diqqət çəkir.
Mənsimovun borc iddiasına və yuxarıdakı bir cümləlik açıq təhdidə necə reaksiya verəcəyini demək çətindir. Ancaq mümkündür ki, biz qarşıdakı dövrdə iki iş adamı arasında pul ixtilafının daha açıq və sərt müstəviyə daxil olmasına şahidlik edək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15