ATV-nin efirində görünməmiş rüsvayçılıqlar
11:49 07-03-2015
CƏMİYYƏT
ATV-nin efirində görünməmiş rüsvayçılıqlar
Telekanal tənqidlərdən nəticə çıxarmaq əvəzinə daha da "irəli gedir"
Azərbaycan telekanallarının səviyyəsi uzun müddətdir müzakirə mövzusudur. Tanınmış ziyalılardan millət vəkillərinədək cəmiyyətin az qala bütün təbəqələrinin gileyləndiyi telekanallarımızın efirində milli-mənəvi dəyərlərə zidd halların baş alıb getməsi hətta Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məsələyə müdaxilə etməsinə, bu barədə kəskin tənqid tonunda məqalə yazmasına səbəb olmuşdu.
Həmin məqalənin üzərindən 5 ilə yaxın vaxt keçməsinə, telekanalların efirindəki vəziyyətin az qala hər gün cəmiyyətin müxtəlif təbəqələrinin tənqidlərinə məruz qalmasına baxmayaraq, vəziyyət ağır və arzuolunmaz olaraq qalır. Bu gün də telekanallar milli-mənəvi dəyərləri yox sayaraq, bayağı şouların arxasınca qaçır, ekran-efiri xüsusilə gənclərin təlim-tərbiyəsini aşındıracaq qədər məzmunsuz, diletant səviyyəli, ən əsası isə qeyri-etik verilişlərlə doldururlar.
Bu sırada ATV telekanalının adı xüsusilə ön plana çıxır; elə son günlərdə bu telekanalın efirində baş verənlərə nəzər salsaq, vəziyyətin nə qədər ağır olduğunu görərik.
Son vaxtlar bu telekanalın efirində baş verən bir neçə biabırçılıq faktını xatırlayaq.
Təxminən bir il əvvəl ATV telekanalında yayımlanan "Ümid var" verilişi Ağcəbədi rayonunda aksiyaya səbəb olmuşdu. Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o "Ümid var" verilişindən ona kömək etmələrini istəyib. Bu hal Ağcəbədi sakinlərinin haqlı qəzəbinə səbəb olub; onlar bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər. Sakinlər aparıcının ağcabədililərdən üzr istəməsini tələb edərək bu cür görüntülərin efirə verilməsinə etirazlarını bildiriblər.
Ötən ilin sonlarında ATV-də aparıcı Mətanət Əliverdiyevanın təqdimatında canlı yayımlanan "Gündəlik" verilişinin əcnəbi xanım qonaqlarından biri yer tapmadığı üçün başqa bir qonağın - aparıcı Samirin qucağında oturub. Verilişin aparıcısı isə bu səhnəyə gülərək "Amerikada deyilsən, özünü bir az abırlı apar" şəklində reaksiya verməklə kifayətlənib.
Və yaxud bu il fevralın 13-də müğənni Röya Ayxanın ATV efirində nümayiş etdirdiyi geyimi xatırlayaq. Bu cəmiyyət tərəfindən haqlı olaraq birmənalı qarşılanmadı. Tanınmış televiziya mütəxəssisi, professor Qulu Məhərrəmlinin adıçəkilən telekanalın canlı efirindəki həmin biabırçılığa münasibətini xatırlayaq: "Bu cür düşük, səviyyəsiz və bayağı adamların efiri zəbt etməsi böyük biabırçılıqdır. Bəzən müğənnilər və hətta bəzi xanım aparıcılar elə formada ekrana çıxır, elə jestlər edirlər ki, başa düşmürsən, bunlar televiziya studiyasına çəkilişə gəliblər, yoxsa "qırmızı fanarlar" küçəsində vitrinə çıxmağa? Bu adamlar üçün meydan o qədər genişlənib ki, onlar geyim və davranış məsələsində özəl televiziyaların rəhbərləri qarşısında şərtlər də qoya bilirlər. Ona görə bəzən kanal rəhbərlərini qınamaq olmur, reklam asılılığı ciddi güzəştlər tələb edir. Məncə, səviyyəli müğənninin soyunmağa, erotik davranışa ehtiyacı yoxdur, bu kimi jestlər dayazlığı ört-basdır etmək üçün kara gəlir. Bəzi dayaz media qurumlarının bu müğənniləri reklam etməsi də öz mənfi təsirini göstərir. Amma bütün bunlarla yanaşı, həm televiziya rəhbərləri, həm də MTRŞ açıq-saçıq geyimlə bağlı ortaya kəskin mövqe qoymalıdır".
Bir neçə gün əvvəl isə ATV telekanalı Rəqsanə adlı müğənnini olduqca açıq-saçıq geyimdə efirə çıxarıb. Sadaladıqlarımız adıçəkilən telekanalın efirində baş verən və cəmiyyətdə etirazla qarşılanan biabırçılıqların kiçik bir qismidir.
Ümumiyyətlə, axı hər hansı musiqi istedadı olmayan "palatka" müğənnilərini, "bozbaş sənətçilərini" səhər-axşam efirə çıxarmaqla adıçəkilən telekanal tamaşaçıların sənət zövqünü haradək korlamaq niyyətindədir?
Artıq iş o yerə çatıb ki, efirə az qala alt paltarında çıxanlar tapılır. Kimsə "şpakat" açır, kimi də başqa bayağı hərəkətlərlə məşğul olur. Bütün bu biabırçı halları zorla evlərimizə gətirənlərə qarşı Milli Teleradio Şirkətinin (MTRŞ) və onun sədri Nuşirəvan Məhərrəmlinin dözümlü münasibətini isə anlamaq çətindir. Belə hallara qarşı ardıcıl və təsirli addımlar atmaq əvəzinə sadəcə ötəri tənqidlərlə kifayətlənmək heç bir effekt verə bilməz. MTRŞ və onun rəhbərliyi öz səlahiyyətlərindən qanun çərçivəsində və maksimum yararlanmalı, güzəştsiz davranmalıdır ki, başda ATV olmaqla telekanallarımız bu zərərli tendensiyanı davam etdirməkdən əl çəksinlər.
Bir maraqlı məqama da toxunmaq istəyərdik. Söhbət ondan gedir ki, telekanal rəhbərləri sözügedən mövzularda irad və tənqidlərə bəzən "heç kimi məcbur etmirik, kim istəyir baxmasın" şəklində reaksiya verirlər. Bu, ictimai rəyə meydan oxumaqla bərabər, ekran-efirdə baş verən biabırçılıqlara təpki göstərən tanınmış, adlı sanlı ziyalılara, millət vəkillərinə qarşı açıq hörmətsizlikdir. Unutmamaq lazımdır ki, telekanallar ictimai məsuliyyətdən sığortalanmayıblar, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, cəmiyyətə qeyri-etikliyi, bayağılığı aşılamaq əvəzinə tamaşaçıların zövqünü formalaşdırmağa, əxlaqi-tərbiyəvi funksiya yerinə yetirməyə borcludurlar.
İnanmaq çətin olsa da hər halda ümid edirik ki, ATV telekanalı öz efirində səliqə-sahman yaratmağa başlayacaq, əlaqədar qurumlar, xüsusilə MTRŞ və onun sədri Nuşirəvan Məhərrəmli bu telekanal başda olmaqla, bütün TV-lərimizin öz fəaliyyətini milli-mənəvi dəyərlərə uyğun şəkildə qurması istiqamətində lazımi addımlar atmağa başlayacaqdır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54