İcra başçısı müavininin oğlunu həbs etdirdi
İcra başçısı müavininin oğlunu həbs etdirdi
Lütvəli Babayev yola getmədiyi müavininin polisə tabe olmayaraq harınlıq nümayiş etdirən oğlunu cəzalandırdı

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərovun oğlu həbs olunub. Məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib.
Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə,bu həbs adi bir hadisə deyil. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, müavin Allahverdi Səfərovun oğlunun həbsi ilə bağlı məsələ icra başçısının müdaxiləsindən sonra gerçəkləşib. Məlum olduğu kimi, son dövrlər prezident İlham Əliyevin xüsusi tapşırığından sonra bəzi harınlamış məmur övladlarına qarşı sərt tədbirlər görülür. Allahverdi Səfərovun da həbsi bu kontekstdə olan məsələdir. Əldə etdiyimiz məlumata görə, Zərdabın icra başçısı Lütvəli Babayevin müavini olan Allahverdi Səfərovla münasibətləri soyuqlaşıb. Elə bu səbəbdən də polisə tabe olmayan oğlunun bu şəkildə cəzalandırılmasına şərait yaradıb. Təbii ki, hər hansı bir rayonun icra başçısının müavininin oğlu polis tərəfindən həbs olunursa, məhkəmə bu barədə qərar verirsə, təbii ki, bununla bağlı başçının razılığı olur. Bu da onu göstərir ki, müavinin oğlunun bu şəkildə cəzalandırılması L.Babayevin istəyi ilə gerçəkləşib. Görünən odur ki, icra başçısı oğlundan sonra müavin atasını da cəzalandıra bilər.
E.Rüstəmov