İranda Azərbaycan "təbliğatı"
10:06 31-03-2015
CƏMİYYƏT
İranda Azərbaycan "təbliğatı"
Bu ölkədə elə qüvvələr var ki, onlara İran prezidenti də təsir edə bilmir
Zaman-zaman İran və Azərbaycan münasibətlərində ciddi gərginliklər yaşandı və bəzi hallarda bu soyuq müharibə həddinə çatdı. Hələ bir neçə il öncəyə qədər İran tərəfi sistemli şəkildə Azərbaycanı İsrailin az qala hərbi bazası kimi təqdim edirdi və iddia olunurdu ki, İsrail və ABŞ məhz Azərbaycandan istifadə etməklə İrana kəşfiyyat qrupları göndərir.
Amma hər zaman deyilən bu ittihamlar özünü doğrultmurdu və açıq şəkildə aydın olurdu ki, İran sadəcə bu bəhanələrdən istifadə etməklə Azərbaycana təsir etməyə çalışır, Azərbaycan-İsrail münasibətlərini zədələmək xətti tutur. Azərbaycan tərəfi isə bu ittihamları rədd edir, həmçinin istənilən dövlətlə münasibətlər yaratmağı dövlətin daxili işi hesab edirdi. Nəhayət bu gərginlik prezident İlham Əliyevin İrana səfərindən sonra aradan qalxdı və iki dövlət arasında yeni mərhələ başladı. Çünki İran tərəfi də bilir ki, Azərbaycan həlledici bir dövlətdir və İranın sabahı Azərbaycandan çox asılıdır. Məsələn, hazırda Azərbaycan Bakı-Ceyhan, TANAP, TAP kimi layihələrin müəllifidir və sabah İran neftini və ya qazını Avropaya çıxartmaq istəyərsə bu xətlərdən istifadə edə bilər. Başqa cür desək Azərbaycan İranın Avropaya çıxan qapısıdır.Amma deyəsən hələ də İranda bunu həzm etmək istəməyən və Azərbaycanın daxili işlərinə qatışmağa cəhd edən qüvvələr var. Elə son günlər Azərbaycanın cənub bölgəsində İrana məxsus bir telekanalın yayımlanmağa başlaması buna sübutdur.Belə ki,Azərbaycanın cənub bölgəsində "Kanal 12" adlı kanal yayımlanır. Maraqlıdır ki, "Kanal 12" yayımladığı proqramlarla sanki Azərbaycana məxsusdur təsiri bağışlayır. Çünki verilişlərinin əksəriyyəti Azərbaycan, bir qismi isə türk dilində yayımlanır. Həmçinin aparıcılar da bu iki dildə səlis danışa bilir. Bundan əlavə, verilişlər boyu titrlərdə latın qrafikasından istifadə olunur.
Qeyd edək ki, kanalda ancaq dini verilişlər yayımlanır. Məsələn, verilişlərin danışmanlarından "Zühur TV"-nin Türkiyə müdiri olan Cəvat Gök, Dünya Cəfəri Alimlər Birliyinin başqanı Hasan Karabulutun adını çəkmək olar. "Azərbaycan məddahlar birliyi" adlı veriliş də bu kanalın efirində yayımlanır.TV-nin YouTube kanalı da fəaliyyət göstərir.
Verilişlərdə xüsusilə şiə təriqəti ilə bağlı mövzulara toxunulması izləyicilərin arasında birmənalı qarşılanmır. Eyni zamanda bu kanalın yayımlanması dini təbliğat kimi qəbul edilir.Nəzərə alsaq ki, cənub bölgəsində yaşayan gənclər əsasən İranda dini təhsil almağa üstünlük verir.Sözügedən kanal da onların dini düşüncələrinə birbaşa təsir edir.
Həmçinin əlavə edək ki, yayımın adında 12 rəqəminin olması isə 12 imama işarə kimi qəbul edilir.Qeyd etdiyimiz kimi, efirdə Azərbaycan dilində səlis çıxışlarına və titrlarda latın qrafikasındakı hərflərdən, hətta "ə", "ö" dən istifadə etmələrinə baxmayaraq, kanalın Azərbaycanla heç bir əlaqəsinin olmadığı məlum oldu.
Məsələ ilə bağlı MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, "Kanal 12" İran kanalıdır: "Cənub bölgəsi İranla həmsərhəd olduğu üçün oranın ötürücüləri bu bölgədə qəbul edilir.Tezliklər güclüdür. Ona görə də bu kanal cənub bölgəsində yayımlanır.Qeyd edim ki, Azərbaycanda tezlik problemi var. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezliklərin gücləndirilməsi istiqamətində iş aparır.Bu problem həll ediləcək".Amma məsələnin başqa tərəfi bu kanalın məqsədli şəkildə yayımlanmasıdır.Yəni bəzi hallarda hətta televiziyanın ekranında Azərbaycan bayrağı göstərilir və əsas məqsəd dini və siyasi təbliğat aparmaqdır. Hələ bir neçə il öncə də belə bir kanal fəaliyyətə başlamışdı və əsas məqsədi Azərbaycan müxalifətinin təbliği idi. Azərbaycan hakimiyyətinin ciddi aktivliyindən sonra bu kanalın fəaliyyəti dayandırıldı.İndi isə yenidən başqa adla,başqa bir kanal fəaliyyətə başlayıb. Bunu da unutmayaq ki, qarşıdan parlament seçkiləri gəlir və çox böyük ehtimal ki, bu kanal da Azərbaycan müxalifətinə dəstək olmağa çalışacaq.Onda belə bir sual ortaya çıxır. Əgər iki ölkə arasında ən yüksək səviyyədə razılaşma olubsa nədən yenə belə olay baş verir? Ekspertlərin fikrincə bu gün İranda elə nüfuz sahibi olan qüvvələr var ki, hətta onlara İran prezidenti belə təsir edə bilmir və onlar dini qanadda hansısa qüvvələrin təsir dairəsindədirlər. Məhz bu qüvvələr daima İran-Azərbaycan münasibətlərinin gərgin olmasında maraqlıdırlar və bu gərginlikdən istifadə etməklə İran daxilində öz nüfuz dairələrini daha da genişləndirirlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23