Müsavatdaxili çəkişmə kritik həddə çatıb
10:26 01-04-2015
CƏMİYYƏT
Müsavatdaxili çəkişmə kritik həddə çatıb
Müstafa Hacıbəyli Vurğun Əyyubu "düşmən" elan edir
Müsavat Partiyası daxilində yaranan iki tirəlik davam edir. Qubad İbadoğlu partiyadan çıxarılsa da, tərəfdarları geri çəkilmirlər.
"Unikal"ın məlumatına görə, iş o yerə çatıb ki, Qubad İbadoğlunun tərəfdarları partiya rəhbərliyinə güc göstərə bilirlər. Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan Müsavat üzvlərinin fəaliyyətini şərh edərkən deyib ki, artıq onlar itaətsizliyə başlayıblar: "ADR rəhbərliyinin indi başqa məqsədləri ortaya çıxıb. Belə görünür ki, onlar alternativ siyahı hazırlayıblar və cəmiyyətdə belə bir rəy yaratmaq istəyirlər ki, guya Müsavatın parlament seçkilərində iki siyahısı var. Yəni çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu nümayiş etdirsinlər. Biz Müsavat Partiyası olaraq buna imkan verməyəcəyik". O bildirib ki, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlının ADR-dəki müsavatçılara müraciətini dəstəkləyir və Müsavat üzvlərinin iki yerdə təmsil olunması uzun müddət davam edə bilməz: "Ümid edirəm ki, o adamlar özlərinə hörmət qoyacaqlar. Müsavatçıların əksəriyyətinin mövqeyi Nüşabə Sadıqlının mövqeyi ilə tam üst-üstə düşür. Yəni onlar seçim etməlidirlər, ya ADR-də, ya da Müsavatda təmsil olunmalıdırlar. Bütün hallarda bu vəziyyət uzun müddət davam edə bilməz".
M.Hacıbəyli Müsavat rəhbərliyinin ADR-də olan partiya üzvlərinin parlament seçkilərində iştirakına əngəl yaratdığı barədə fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasının Nizamnaməsində göstərilib ki, partiyanın parlament seçkilərindəki namizədlərinin siyahısını Məclis müəyyənləşdirir: "Məclisi tanımayan, Məclisə qatılmayan insanların həmin səsvermədə səs yığacaqları gözlənilmir. Digər tərəfdən, burada Müsavat əleyhinə fəaliyyət göz qabağındadır. Uzun müddətdir ki, Vurğun Əyyub da başda olmaqla, bir neçə nəfər müsavatçıları itaətsizliyə sürükləyir və Müsavatın daxilində alternativ strukturlar yaratmağa çalışırlar. Düşünürəm ki, onların bu fəaliyyətlərinə görə müvafiq tədbirlər görülməlidir".
M.Hacıbəyli partiyanın Suraxanı rayon təşkilatının rəhbərliyini sabotaj yaratmaqda ittiham edib: "Müsavatın Suraxanı rayon təşkilatının rəhbərliyi artıq 6 aydır ki, sabotajla məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını ödəmir. Nümayişkaranə şəkildə Sədrlər Şurasına, Məclisə qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar partiyanın Nizamnaməsinə tamamilə ziddir. Müsavatın qərarlarını icra etməyən və Nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq. Onu da bildirmək istəyirəm ki, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin səlahiyyət müddəti artıq keçən il başa çatıb və onlar mütləq konfrans keçirərək Nizamnamə tələbinə uyğun olaraq yeni sədr seçməlidirlər".
Amma məsələ bununla bitmir. "Unikal"ın məlumatına görə, artıq bəzi Müsavat üzvləri, yəni, Qubad İbadoğlunun təşkilatında olmayanlar da partiya rəhbərliyinə kafa tuturlar. Mustafa Hacıbəyliyə qarşı sərt təpki sərgilənib. Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli Məclis üzvü Mustafa Hacıbəylinin fikirlərinə münasibət bildirərkən deyib ki, Mustafa Hacıbəyli ancaq şər-böhtan atmaqla, cəmiyyəti çaşdırmaqla məşğuldur. R.Dəmirli isə bildirib ki, Müsavat Partiyasının qurultayından sonrakı müddət ərzində Suraxanı rayon təşkilatında Mustafa Hacıbəylinin dediyinin əksinə olaraq, azı 3 dəfə Şura toplantısı keçirilib: "Şura toplantılarının birində hətta Müsavat başqanı Arif Hacılı özü və iki müavini iştirak ediblər. Həmin iclasda Arif Hacılı təşkilat üzvlərindən nəyə görə qurultayda ona səs vermədiklərini soruşdu. Biz də ona cavab verdik ki, seçim sərbəstdir və kimi müdafiə edəcəyimiz şəxsi işimizdir. Biz partiyanın üzvlük haqlarını da vaxtında ödəmişik. Mustafa Hacıbəyli ancaq şər-böhtan atmaqla, cəmiyyəti çaşdırmaqla məşğuldur. Suraxanı rayon təşkilatı 2010-cu ildə Arif Hacılının deputatlığa namizədliyini müdafiə edəndə ən yaxşı təşkilat hesab olunurdu, amma indi Arif Hacılını müdafiə etmədiyinə görə pis təşkilat olub. Mustafa Hacıbəyli kimi adamlarda demokratik prinsiplər yoxdur. Ona görə də mən onun dediklərini ciddiyə almıram".
Müsavatın Məclis üzvü Vurğun Əyyub da M. Hacıbəylinin fikirlərini yalan və iftira adlandırıb: "Mustafa Hacıbəyli kimi qeyri-ciddi, həyatını başqaları haqda yalan, iftira səsləndirməyə həsr etmiş adamların dediklərinə şərh verməyi artıq iş sayıram".
Görünən odur ki, Arif Hacılı artıq Qubad İbadoğlunun tərəfdarlarının ADR-də toplanmasını və o müstəvidə mübarizə aparmasını həzm edə bilmir. Ona görə də qardaşı Mustafa Hacıbəylini ADR-in faktiki rəhbəri olan Vurğun Əyyubun üstünə göndərir. Bu isə o deməkdir ki, artıq yeni "düşmən" Vurğun Əyyubdur.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24