Misir Mərdanovdan rəqiblərinə sensasion ismarış
10:27 01-04-2015
CƏMİYYƏT
Misir Mərdanovdan rəqiblərinə sensasion ismarış
Təhsil nazirinin "diqqətdən kənar" qalan müsahibəsinin müdhiş pərdəarxası
Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov bir həftə öncə maraqlı müsahibə verib. Amma nədənsə, sabiq nazirin müsahibəsi diqqətdən kənarda qalıb. Halbuki keçmiş "təhsil şefi" müsahibəsində bəzi maraqlı məqamlara toxunub.
Belə ki, hazırda AMEA-nın Riyaziyyat institutunun direktoru olan sabiq nazir İnterAz TV-də yayımlanan "Antrakt" verilişinin qonağı olarkən onun hələ də ayağının altını qazanların olduğunu bildirib. Bununla kifayətlənməyən sabiq təhsil naziri daha sonra əlavə edib: "Qazsınlar, mən yıxılan adam deyiləm".
Maraqlı burasıdır ki, təhsil naziri "ayağının altını qazarkən" öz ətrafına işarə vurub və faktiki olaraq yaxın bildiyi şəxslərin naxələfliyi nəticəsində nazir postundan "vurulduğunu" dilə gətirib. Amma Misir Mərdanov bu zaman konkret adlar çəkməkdən yayınıb.
Mərdanovun "ayağının altının hələ də qazılmasından" şikayətlənməsi isə xeyli ilgincdir. Belə çıxır ki, keçmiş təhsil nazirini bu yüksək postdan "məhrum edənlər" onun AMEA-nın Riyaziyyat institutunun direktoru vəzifəsinə təyinat almasını da həzm etmirlər və elə bu səbəbdən də Mərdanovun bu postdan da kənarlaşdırılmasına çalışırlar.
Keçmiş nazirin "Qazsınlar, mən yıxılan adam deyiləm" sözlərini isə onun həm "vurulmasında" maraqlı olan dairələrə, həm də bu dairələrin niyyətinə çatmasında iştirak etmiş ətrafına meydan oxuması kimi də dəyərləndirilə bilər. Belə çıxır ki, sabiq təhsil naziri özünü hələ də kifayət qədər güclü kadr hesab edir və bununla eyni zamanda mesaj verməyə çalışır ki, onun "yıxıldığını" düşünənlər yanılırlar.
Hələ AMEA-nın adıçəkilən institutuna direktor təyin edilərkən bunu bir çoxları Mərdanovun fəndi kimi dəyərləndirirdilər.Bildirirdilər ki, sabiq "təhsil şefi" kifayət qədər yüksək postdan - nazir vəzifəsindən institut direktoru kimi aşağı dərəcəli vəzifəyə təyinata razılaşmaqla rəqibləri qarşısında məğlubiyyətini həzm etmədiyini, tamamilə ofsayd vəziyyətinə düşmədiyini göstərmək istəyib. Hətta o vaxtlar Misir Mərdanovun bir müddət institut direktoru kimi fəaliyyət göstərdikdən sonra yenidən daha yüksək təyinat almağa çalışacağını deyənlər də tapılırdı.
Keçmiş nazirin yuxarıdakı məlum açıqlamalarından da belə görünür ki, bu cür düşünənləri haqsız saymaq doğru deyilmiş. Misir Mərdanov hələ də iddialı fiqur kimi qalır və nazir postundan kənarlaşdırılmasını, arxa plana atılmasını asanlıqla qəbul etmək fikrində deyil.
Yeri gəlmişkən, keçmiş təhsil nazirinin nəyə görəsə medianın diqqətindən kənarda qalan və bir çox maraqlı məqamlarla əlamətdar olan həmin müsahibəsinə dünən tanınmış təhsil eksperti Etibar Əliyev sərt reaksiya verib. "15 il təhsilin ayağının altını qazıyanın ayağının altını qazırlar. Bəli, burda da Misir müəllimin dediklərində həqiqət var: O, yıxılmadı, amma təhsil yıxıldı. Bəs görəsən kimdir onun ayağının altını qazanlar: Fərzəli Qədirov, Səməd Seyidov, Həbib Zərbəliyev, Ağababa İbrahimov, Problemli Qulu, xalaoğlu Allahverdi, yoxsa Bayram Hüseynzadə? Mənim burada şübhələndiyim adamlar var, ancaq onların adlarını çəkməyəcəm" yazan ekspert əlavə edib: "İntervü zamanı Misir Mərdanovun etdiyi jestlər insanları təəccübləndirməyə bilməzdi. O, intervünün ortasında gəlib gedənlərə əl edərək deyirdi ki, "görürsünüz, camaat mənimlə indi də hal-əhval tutur və bu onların mənə olan hörmətidir". Bəlkə də o, bununla demək istəyirdi ki, təhsilimiz də artıq onun üçün darıxmağa başlayıb. Nazir işlədiyi dövrdə bir dəfə də olsun vətəndaşlarla qəbul keçirməyən bir adam indi vətəndaşların ona əl etməsindən qürur duyur. Böyük artistlik nümunəsidir".
Digər ekspertlərin Mərdanovun bu ilginc müsahibəsinə reaksiyasının necə olmasından asılı olmayaraq maraq doğuran başqa məqamdır: görəsən, keçmiş təhsil nazirinin sensasion sayıla biləcək ismarışları onun rəqibləri və tənqid etdiyi ətrafından necə qarşılanacaq, hansı reaksiyalara səbəb olacaq?
Bu suala birmənalı cavab vermək hələlik çətindir. Odur ki, gözləyək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15