Politoloq: "Əliyev heç vaxt buna imkan verməz..."
"Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz".
Bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.
O, Jirinovskinin Azərbaycanı Rusiyanın təhlükəsiz olduğuna inandırmağa çalışdığını söyləyib:
"Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dağlıq Qarabağ probleminin həlli üçün ora Rusiya qoşunlarının yerləşdirilməsinin vacibliyini bildirib. Əgər Jirinovski bu təklifi səsləndirirsə, deməli, Kremldə bu haqda ciddi düşünürlər. Çünki Jirinovski adətən Rusiya hakimiyyətinin istəklərini səsləndirir. Mümkündür ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə keçən ilin sentyabr ayında keçirdiyi sonuncu görüşdə bu təklifi səsləndirib. Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Yaxın tarixdə baş verən hadisələr də bundan xəbər verir. Jirinovski Azərbaycan hakimiyyətini və cəmiyyətini inandırmaq istəyir ki, rus qoşunlarının olduğu yerlərdə toqquşmalara imkan verilmir, qayda-qanun yaradılır. Ancaq faktlar fərqlidir. Dağlıq Qarabağda 1980-ci illərin ortalarında başlayan separatizm məhz SSRİ hərbi birləşmələrinin Xankəndində var olduğu dönəmdə başladı. Separatçıları silah və hərbi texnika ilə Xankəndidəki sovet hərbi birləşmələri təmin edirdilər. O illərdə separatçıların əllərində "Kalaşnikov" avtomatları olduğu halda azərbaycanlıların əllərində köhnə ov tüfəngləri var idi. Bu faktor erməni separatçıların xeyrinə işlədi və onlar sürətlə azərbaycanlıların yaşadıqları kəndləri boşaltdılar".
Politoloq Azərbaycanın Rusiya hərbi bazalarının dağıdıcı rolundan ehtiyat etdiyini bildirib:
"SSRİ dağıldıqdan sonra isə separatçılara dəstək Rusiyanın hərbi birləşmələrindən gəldi. Elə Xocalı soyqırımının planlanmasında və həyata keçirilməsində ən böyük rolu həmin Rusiya hərbi birləşməsi oynadı. Bu baxımdan rəsmi Bakının yenidən Rusiya qoşunlarının bölgədə yerləşdirilməsinə razılaşması Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması imkanlarını heçə endirərdi. Rusiyanın harada hərbi birləşməsi varsa, orada separatizmə dəstək var və ölkələrin ərazi bütövlüyü məsələsi sual altındadır. Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri buna əyani sübutdur. Başqa bir nümunə yoxdur ki, Rusiya qoşunlarının yerləşdirildiyi ölkədə separatizmə dəstək verilməsin. Rusiya Şərqi Ukraynanın da Kiyevin nəzarətinə keçməsini istəmir. Bir müddətdən sonra Kremlin Donetsk və Luqansk vilayətlərinin "müstəqilliklərini" tanıması və orada qoşun birliklərini yerləşdirməsi də mümkündür. Rəsmi Bakı Kremllə isti münasibətlərə, strateji tərəfdaşlığa çalışır. Ancaq Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz. Elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Azərbaycandakı sonuncu hərbi bazası – Qəbələ RLS-in boşaldılmasına nail oldu. Halbuki Rusiya prezidenti və müdafiə naziri RLS-lə bağlı Bakı ilə müqavilənin uzadılmasına çalışırdılar. Ancaq İlham Əliyev buna getmədi. Çünki Azərbaycan prezidenti də Rusiya hərbi bazalarının dağıdıcı rolundan ehtiyat edirdi. Azərbaycan nə vaxtsa Qəbələdəki hərbi bazaya görə problemlə üzləşə bilərdi".
E.Şahinoğlu Azərbaycanın ABŞ və Fransanın sülhməramlılarından imtina etdiyini vurğulayıb:
"Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin hansısa mərhələsində bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi aktuallaşacaq. Ancaq rusiyalı əsgər və zabitlərin hətta bu ad altında bölgədə yerləşdirilməsi rəsmi Bakı tərəfindən mənfi qarşılanır. Çünki Rusiya qoşunları birmənalı şəkildə Xankəndində yerləşdiriləcək və erməni separatçıların tərəfini tutacaqlar. Təsadüfi deyil ki, bunun qarşısının alınması üçün rəsmi Bakı fərqli formul təklif edib: Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi - həmsədr dövlətlərin qoşunları iştirak etməsinlər. Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Fransa və ABŞ hərbi birləşmələrindən Azərbaycana təhlükə olmaz. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrini bölgəyə yaxın buraxmamaq üçün ABŞ və Fransanı sülh missiyasından imtina etmək məcburiyyətində qalıb. Ən yaxşı halda sülhməramlı qüvvələr Şərqi Avropa və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər".
Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15