Qarabağ münaqişəsinin "Vyana" revanşı
12:02 02-04-2015
CƏMİYYƏT
Qarabağ münaqişəsinin "Vyana" revanşı
İlqar Altay: "İndiki status-kvo, münaqişənin hazırkı "nə müharibə, nə sülh" durumu həmsədr tərəfləri qane edir"
ATƏT-in Minsk qrupu həmsədrləri Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Vyanada biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə atılacaq sonrakı addımlar barədə ATƏT-in Minsk qrupunun nümayəndələri ilə səmərəli danışıqlar keçirdik", - deyə Uorlik qeyd edib. Maraqlıdır, bu görüşdən nəsə gözləməyə dəyərmi?
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi İlqar Altay deyib ki, 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminin elan olunması barədə razılığa gəliblər. O vaxtdan bəri ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hələlik bir nəticə verməyən danışıqlar aparılır. Onun sözlərinə görə, nəticə isə təəssüflər olsun ki, yoxdur: "Bu Minsk Qrupu danışıqları o dərəcədə durğunluqdadır və nəticəsiszdir ki, ictimaiyyət onun nəticələri barədə azacıq məlumatı artıq həmsədrlərdən birisinin Twitter səhifəsindəki bir iki cümləsindən alır: "Münaqişənin həlli üzrə növbəti addımlar barədə faydalı danışıqlar apardıq". Vəssalam. Çünki, deməyə söz qalmayıb, rəsmi bəyanatın, mətbuat konfransının yeri yoxdur. Görünür ki, 20 ildən artıq aparılan bu danışıqlar heç nəticəyə də hesablanmayıb və sadəcə baş qatmaq üçündür. Cənub-şərqi Ukrayna münaqişəsi barədə Fransa, Almaniya, Rusiya və Ukrayna tərəflərinin "Normand dördlüyü" adlanan Minsk Qrupunda baxın, nə qədər gərgin keçir. Mübahisəli vəziyyətlər yaranır. Tərəflərin bir -birinə qarşı kəskin bəyanatları olur. Bu iyirmi ildə görünübmü ki, bir dəfə tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli barədə kiçik bir mübahisə, narazılıq yaransın? Hətta Qərblə Rusiyanın bu günkü ən kəskin qarşıdurması dövründə ABŞ, Fransa və Rusiya təmsilçiləri Qarabağ barədə danışıqlara gülə-gülə girib, gülə-gülə də dostcasına çıxırlar. Belə cıxır ki, indiki status-kvo, münaqişənin hazırkı "nə müharibə, nə sülh" durumu həmsədr tərəfləri qane edir. Ya da tərəflər onsuz da, Ukrayna və digər məsələlərlə bağlı aralarındakı digər ziddiyyətlərin üzərinə yenisini gətirmək istəmirlər".
Müsahibimiz onu da deyib ki, Qərb əvvəlcədən bilirdi ki, Qarabağ münaqişəsi süni surətdə Moskva tərəfindən yaradılmış bir problemdir və bütövlükdə Cənubi Qafqazı Rusiyanın təsiri altında saxlamağa xidmət edir. Onun sözlərinə görə, Qərb məqsədli şəkildə, ikili standartla yanaşma ilə bu münaqişəni Rusiyaya peşkəş etmişdi: "Amma Qərb bu məsələdə heç bir dirəniş göstərməməklə böyük səhv etdi. SSRİ dağılandan sonrakı zəif Rusiyaya qonşu kiçik postsovet respublikalarına Rusiya şovinizmi təsir və təzyiqi üçün separatçılıq metodunun ilkinə şərait yaratdı. Bu ilk isə bir başlanğıc oldu və infeksion xəstəlik kimi yayıldı. Qarabağdan Dnestryanıya, Abxaziya və Osetiyaya və nəhayət, Krım və Ukraynanın Donbas hövzəsinə qədər gedib çıxdı. Bu gün Ukrayna məsələsində Qərb artıq başa düşüb ki, Rusiyaya geosiyasi məsələlərdə güzəşt etmək və ya onunla hər hansı regional bölgü və həmçinin də vaxtilə Cənubi Qafqaz bölgüsü razılaşmalarına getmək olmazmış. Çünki, Rusiya yaradıcı, istehsalçı yox, mənimsəyici xarakterli ölkədir. O bir danışıq, razılaşma və bir bölgünün üzərində heç vaxt dayanmayıb. Ona öz yaşamını təmin etmək üçün daima yeni-yeni Sibirlər, Qafqazlar lazımdır. Qərb indi başa düşüb ki, Rusiya şovinizmi, Krımdan sonra Kiyevi, Belqradı, Avropanın, dünyanın yarısını götürməsə sakitləşən deyil. Amma bütün bu səhvlər, indiki qlobal fəlakətli konflikt hamısı Qarabağdan, Azərbaycanın ərazi bütövlüyünə qarşı ədalətsiz, vecsiz yanaşmadan başlanıb. Ona görə də, bu gün artıq dünya müharibəsi həddinə çatmış bu separatçı xarakterli konfliktlər marafonunu dayandırmağın yolu, birinci növbədə onun ilkin start nöqtəsi olan Dağlıq Qarabağ münaqişəsinin çözülməsindən keçir. Bu münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupu daha çox önəmli xarakter alıb, daha ciddi və səmərəli işlə məşğul olmalıdır".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15