Oqtay Şirəliyev "dərman mafiyasının" öhdəsindən gələ bilmir
11:11 03-04-2015
CƏMİYYƏT
Oqtay Şirəliyev "dərman mafiyasının" öhdəsindən gələ bilmir
Eyni dərmanların başqa-başqa apteklərdə müxtəlif qiymətə satılması halları tüğyan edir
Azərbaycanda əhalinin tibbi müayinədən keçirilməsi prosesi başa çatıb. Səhiyyə Nazirliyi tərəfindən ənənəvi olaraq ölkəmizdə hər il keçirilən "Sağlamlıq ayı" çərçivəsində əhalinin icbari tibbi dispanserizasiyasının məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi olub.
"Ans press"in məlumatına görə, bu il fevralın 1-dən martın 31-dək Bakı şəhər əhalisinin 30 faizi tibbi müayinədən keçib. Müayinədən keçən əhali arasında xəstəlik aşkarlanması 10 faiz təşkil edib. Aşkar olunan xəstəliklər arasında 16 faiz qan dövranı, 13 faiz həzm sistemi, 12 faiz əsəb sistemi xəstəlikləri üstünlük təşkil edib. Xəstəlik aşkar olunmuş posientlər əlavə olaraq müayinə müalicəyə cəlb ediliblər. Belə xəstələrin 4 faizi hospitalizasiya olunub, qalanları isə ambulator müayinəyə götürülüb.
Ötən ilin dekabrında baş tutan aylıq çərçivəsində isə respublika üzrə 5 milyon 240 min əhali tibbi müayinələrdən, o cümlədən Bakı şəhəri üzrə 1 milyon 250 min əhali tibbi müayinələrdən keçib. Müayinələrdən keçmiş əhali arasında 10%-ə yaxın xəstə aşkarlanıb. Bu xəstələr müayinələrə cəlb olunub, digərləri isə dispanser qeydiyyata götürülüb.
Statistik rəqəmlər bu kimi tədbirlərin əhalinin sağlamlığının profilaktikası baxımından mühüm olduğunu bir daha sübut edir. Bu onu göstərir ki, ölkə üzrə ciddi xəstəliklər qeydə alınmayıb, eyni xəstəliklər 10 faiz göstəricidə qalıb. Aylıq çərçivəsində Səhiyyə Nazirliyi ötən ildə olduğu kimi, bu ildə də ölkənin müxtəlif bölgələrinə tələbat olduğu halda tibbi heyət də göndərib.
Xüsusilə vurğulamaq lazımdır ki, əvvəllər müəyyən xəstəliklərin müayinəsi və müalicəsi üçün xəstələr mütləq paytaxta üz tuturdularsa, bu gün regionlarda yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə tam şəkildə təmin olunması üçün veni müəssisələr yaradılır. Təkcə son illərdə bölgələrdə 20-ə yaxın yeni diaqnostika-müalicə mərkəzi, son on ildə isə təqribən 500-dən çox tibb müəssisəsi tikilib və ya təmir olunub.
Bəs, bu gün ölkəmizin dərman preparatları ilə təminat, bölgələrə göndərilən dərman preparatlarının keyfiyyəti ilə bağlı vəziyyət necədir?
Paytaxtda və ölkənin Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şamaxı, Lənkəran, Şəki, Xaçmaz, Qazax, Sabirabad, Bərdə, digər şəhər və rayonlarda yaradılan regional satış bazaları ən müasir saxlama və çatdırılma vasitələri, avadanlığı ilə təchiz olunmaqla əczaçılıq bazarında ticarətin təşkilinin ən qabaqcıl üsullarını tətbiq edilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəyə dərman preparatları xüsusi lisenziyaya malik olan şirkətlər tərəfindən gətirilir. Bunun üçün əvvəldən tender elan olunur. Tenderin qalibi elan edilən şirkət lazım olan dərman maddələrini gətirir və sahibkarlar həmin şirkətlərdən alıb özəl apteklərə paylayır. Amma imtiyazlı xəstələr üçün dərmanlar bölgələrdə Səhiyyə Nazirliyinin İslahatlar Mərkəzi tərəfindən gətirilir və çatdırılır. İstər dövlət, istərsə də sahibkarlar tərəfindən gətirilən dərmanların hər birinin keyfiyyəti nazirliyin Dərman Vasitələri Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılır.
Ümumiyyətlə, paytaxta, bölgələrə, aptekə göndərilən dərmanların keyfiyyətində seçim aparılmır. Çünki ölkəyə gətirilən dərman vasitələrinin hamısının keyfiyyəti yoxlanılır. Apteklərdən əlavə, stasionar qaydada müalicə olunan, yaxud imtiyazlı xəstələrə də dərmanlar paylanılır. Bu gün ehtiyacı olan imtiyazlı xəstələrə 166 adda dərman verilir.
Paytaxtda, regionlarda, eləcə də sosial şəbəkələrdə vətəndaşlar dərman bazarında çox ciddi problemlər yaşandığını və həblərin vahid qiymətə satılmadığından, ayrı-ayrı apteklərin hərəsi bir qiymət qoymasından gileylidir: "Dərman gətirən bir neçə şirkət tabeçiliyində olan apteklərə çox ucuz həblər verir. Digər apteklər isə o dərmanları həmin şirkətlərdən, nisbətən, baha qiymətə alırlar. Nəticədə, rəqabət zamanı müstəqil apteklər sıradan çıxır. Bu isə dərman bazarındakı vəziyyəti pisləşdirir."
Onların fikrincə, Azərbaycanın dərman bazarında xeyli keyfiyyət parametrləri aşağı olan, istehsal yeri müəmmalı həblər mövcuddur. Qeyd olunan məsələlərdə tənzimlənmə mexanizmi olmasa, dərman bazarında vəziyyət daha da çətinləşəcək.
"Unikal" onu da əlavə etməyi lazım bilir ki, müstəqil ekspertlərin bir çoxu eyni dərmanların başqa-başqa apteklərdə müxtəlif qiymətə satılması hallarının tüğyan etməsinə görə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyini məsul sayırlar. Onların fikrincə, Şirəliyevin nazirliyi faktiki olaraq, "dərman mafiyasının" qarşısında acizlik nümayiş etdirir və bu səbəbdən belə halların aradan qaldırılması istiqamətində sərt addımlar atmaqda çətinlik çəkir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15