Ərəstun Mehdiyev: "Qələbə Günü Azərbaycan üçün xüsusi məna ilə doludur"
11:16 03-04-2015
CƏMİYYƏT
Ərəstun Mehdiyev: "Qələbə Günü Azərbaycan üçün xüsusi məna ilə doludur"
"Qələbə Günü bayramı sakinləri faşist qoşunlarının hücumlarına şərəflə davam gətirən, rəşadət və qəhrəmanlıq göstərərək bəşəriyyəti XX əsrin qorxunc taunundan xilas edən keçmiş Sovet respublikaları üçün xüsusi məna ilə doludur".
Bunu cümə axşamı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Böyük Qələbənin yubileyi: canlı xatirə" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Böyük Vətən müharibəsində qələbə bizim ümumi dəyərimizdir: "Azərbaycan xalqı bəşəriyyət tarixinin ən amansız müharibəsində digər xalqlarla çiyin-çiyinə vuruşub və ümumi ölkəmizin hər qarış torpağını qoruyub. Həmin ağır yoxsulluq dövründə 700 min həmyerlimiz cəbhəyə yollanıb və onların yarısı müharibədən geri qayıtmayıb".
Ə.Mehdiyev qeyd edib ki, həmin illərdə Azərbaycanda 130-dan çox adda silah-sursat istehsal edilirdi: "Məhz Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edirdi. Azərbaycan xalqı bu müharibədə həlak olan qəhrəmanların xatirəsini yad edir".
Şöbə müdirinin müavini Azərbaycanda müstəqilliyin ilk illərində Böyük Vətən müharibəsinə olduqca ziddiyyətli qiymət verilməsi və ölkənin tarixindən bu parlaq səhifəni çıxartmaq cəhdləri ilə bağlı təəssüfünü ifadə edib: "Lakin Heydər Əliyev Azərbaycan prezidenti seçildikdən sonra ölkədə Qələbə Gününə və veteranlara münasibət yaxşı mənada dəyişdi".
O, tədbir iştirakçılarına Heydər Əliyevin sözlərini xatırladıb: "Tarix tarixdir və 1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik".
Ə.Mehdiyev əlavə edib ki, hazırda Azərbaycan rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına qayğı və diqqət göstərməyə davam edir: "Hər il Azərbaycanda Qələbə Günü təntənəli şəkildə qeyd edilir və prezident İlham Əliyev veteranlarla şəxsən görüşür, onları təbrik edir".
PA rəsmisinin sözlərinə əsasən, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində ölkədə müvafiq tədbirlər keçirilir: "Bu ilin fevralında Azərbaycan prezidentinin sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı təsdiq edilib. Dövlət başçısı, həmçinin Azərbaycandan olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bundan başqa, veteranların sosial həyatının yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilir, o cümlədən onlara avtomobillər, prezident təqaüdləri verilir, birdəfəlik maddi yardımlar ayrılır və sair"
O qeyd edib ki, hər şeyə rəğmən, ən ağır sınaqlara tab gətirdik və mənəvi güc və qəhrəmanlıq nümayiş etdirərək müharibənin çətin yolunu şərəflə keçdik.
Ə.Mehdiyev deyib ki, həmin ağır günlərdə heç kəs heç bir kəsi özümüzünkü və yada bölmürdü və SSRİ xalqları bir-birinə kömək edərək eyni cərgədə müharibəni keçiblər: "Bəs hazırda nəyi müşahidə edirik? Faşist işğalçılarına qarşı keçmiş Sovet respublikalarının digər xalqları ilə yan-yana, fədakarcasına vuruşan Azərbaycan xalqı ölkənin 20 faiz torpağını işğal etmiş Ermənistan tərəfindən açıq hərbi təcavüzə məruz qalır. Təəssüf ki, bu işğal nəticəsində zərər görmüş və həlak olmuş dinc sakinlər arasında veteranlar da var".
Onun sözlərinə görə, erməni işğalı nəticəsində Böyük Vətən müharibəsinin bir çox veteranları qaçqın və məcburi köçkünə çevrilib: "Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçı siyasət yürüdür. Hazırda işğalın dayandırılması və münaqişənin ədalətli şəkildə nizamlanması məsələsində MDB ölkələrinin anlayışına və dəstəyinə ümid edirik. Görəsən, Ermənistan Böyük Vətən müharibəsindən dərs çıxarmayıb? Böyük Vətən müharibəsinin bütün bəşəriyyət üçün əhəmiyyətini başa düşməyib? Mahiyyətcə orada faşizm ideologiyası canlandırılır. Faşizm ideologiyası milli üstünlük nəzəriyyəsini yenidən yaradır".
Ə.Mehdiyev xalqların birliyi məqsədinə xidmət edən bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib: "Son dövrlər Böyük Vətən müharibəsinin nəticələrini təftiş etməyə cəhdlər göstərilir. Bu zaman Sovet İttifaqının faşizm üzərində qələbəsindəki rolu inkar edilir. Biz nasist cinayətkarların və onların keçmiş Sovet respublikalarında, o cümlədən Ermənistanda Njde Qaregin kimi köməkçilərinin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış edirik. Onların ətrafında qəhrəman şöhrəti yaratmaq üçün Rusiyada da resurslardan qismən istifadə olunur".
Tədbir "Şimal-Cənub" Politologiya Mərkəzi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15