Müsavatın bugünkü Məclisində ara qarışacaq
13:17 04-04-2015
CƏMİYYƏT
Müsavatın bugünkü Məclisində ara qarışacaq
Vurğun Əyyubun qurumdan çıxarılması məsələsi partiyada qarşıdurma yaradacaq
Müsavat Partiyasında növbəti gərginliyin təməli qoyulur. Belə ki, bu gün, yəni, aprelin 4-də Müsavat Məclisinin toplantısı keçiriləcək və bir sıra səs-küylü qərarlar qəbul ediləcək.
"Unikal"ın məlumatına görə, budəfəki toplantıda Müsavat başqanı Arif Hacılı daha bir rəqibini, Vurğun Əyyubu zərərsizləşdirmək üçün addımlar atacaq. Artıq bunun üçün ilkin zəmin də hazırlanır. Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü deyib ki, Vurğun Əyyub Müsavat Partiyasından çıxarılmalıdır. Onun sözlərinə görə, bu, çoxdan olmalı idi. Məclis üzvü hesab edir ki, partiya bu məsələ ilə bağlı öz qərarını verməlidir. V. Cümşüdlü bildirib ki, Müsavat Məclisinin 4 aprel toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılacaq: "Çünki Vurğun Əyyub indiyə kimi bütün açıqlamalarında Məclisi tanımadığını bəyan edib. Özünə hörmət edən hər bir Məclis üzvü həm Nizamnamə pozuntusuna görə, həm də Məclisə hörmət olaraq Vurğun Əyyubun Məclisdən çıxarılmasına səs verməlidir". O, V.Əyyubu Müsavata qarşı fəaliyyətdə ittiham edərək, onun partiyadan çıxarılmasını təklif edib: "Mən hesab edirəm ki, Müsavata qarşı Vurğun Əyyubun Qubad İbadoğlundan da artıq fəaliyyəti olub. Fikrimcə, Qubad İbadoğlu görünən tərəfdir, bütün proseslərin arxasında Vurğun Əyyub dayanır. Müsavatın qurultayından sonra baş verəcək prosesləri hələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında Vurğun Əyyub bildirimişdi, komitə üzvləri də buna şahiddir. Yəni, Müsavatda baş verənlər planlı şəkildə gedən prosesdir".
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Müsavat Partiyası sonuncu qurultayını keçirəndən dərhal sonra iki hissiyə parçalanıb. Onun sözlərinə görə, bölünən tərəflərin bir hissəsinə Arif Hacılı, digər hissəsinə isə Qubad İbadoğlu başçılıq edir: "Bu, bir faktdır və onu görməmək mümkün deyil. Qurultaydan sonra Qubad İbadoğlu kifayət qədər özünə Müsavatın üzvüləri hesabına sosial dayaq toplaya bilib. Baxın Qubad İbadoğlunun yaratdığı hərəkatın təsisçilərinə. Bunların böyük əksəriyyəti, elə Vurgun Əyyubun özü də daxil olmaqla, Müsavat Partiyasını İsa Qəmbərlə yaradan insanlardır. Qubad İbadoğlunun hərəkatına qoşulan xeyli sayda insanlar partiyadan xaric ediliblər. Yaxın günlərdə Arif Hacılı Vurğun Əyyubu da partiyadan xaric edəcək. Müsavatın iki bölünməsi prosesinin genişlənməsi daha da genişlənəcək. Yəqin ki, Qubad bəy sonda bu hərəkatı partiyaya çevirəcək və özünün partiyasını elan edəcək. Artıq Müsavat partiyasının üzvüləri nə İsa Qəmbərə, nə də Arif Hacılya inanmır və bu adamların gələcək perespektivinin olacağına şübhə ilə yanaşırlar. Bunlar daha çox Qubad bəyin partiyasının gələcək uğurlarına inanırlar. Yaxın zamanlarda Müsavat partiyasında parçalanma daha da dərinləşəcək. Bu qaçılmazdır.
Qeyd edək ki, son narazılıq qarşıdan gələn parlament seçkilərində Müsavatın hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı məsələyə görə gündəmə gəldi. "Unikal"ın məlumatına görə, Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib ki, Ellada Məmmədli və Vurğun Əyyuba tapşırıblar ki, deputatlığa namizədlərin siyahısını hazırlayın. Onun sözlərinə görə, Məqsəd Müsavat Partiyasının deputatlığa namizədləri ilə bağlı iki siyahısı olduğu barədə cəmiyyətdə rəy yaratmaq, Müsavatdaxili çaxnaşmanı davam etdirmək və ictimai rəyin gündəmində daim Müsavatdaxili məsələləri saxlamaqdır. M. Hacıbəyli bildirib ki, əgər həmin şəxslərin başqa niyyəti olmasaydı, bu addımları atmaz, məsələn, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı adından öz namizədliklərini irəli sürərdilər. O, ADR sədrinin müavini və Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Müsavat Qadınlar Birliyinin Şurasında deputatlığa namizədliyinin irəli sürülməsinə vadar edilməsi barədə söylədiklərinin səmimi görünmədiyini vurğulayıb: "Özü- öz təşəbbüsü ilə, yaxud ona tapşırıq verən adamın sifarişi ilə bu addımı atıb. Bu yaxınlarda Qubad İbadoğlunun müavini Ellada Məmmədli mətbuata açıqlamasında bildirmişdi ki, xalq nə müxalifətə, nə də iqtidara inanmır, ona görə də parlament seçkilərində iştirak etməyin mənası yoxdur. Ellada Məmmədli elə həmin gün deputatlığa namizədliyini irəli sürdü. Dedikləri ilə atdığı addım uyğun gəlmədi. Həm də Ellada Məmmədli indiyə qədər keçirilən parlament seçkilərində iştirak etməyib, ötən prezident seçkilərində də ümumiyyətlə, prosesdə iştirak etməmişdi. İndi çox qəribədir ki, seçkiyə qatılmağın əleyhdarı kimi çıxış etdiyi halda deputatlığa namizədliyini irəli sürür".
M. Hacıbəyli ADR sədrinin birinci müavini, Müsavat Partiyasının Məclis üzvü V.Əyyubun da tapşırıq yerinə yetirdiyinin açıq-aydın göründüyünü söyləyib: "Vurğun Əyyub bir tərəfdən deyir ki, Məclisi, Müsavatı tanımıram, o biri tərəfdən də öz dostlarına protokol yazdırıb göndərir ki, məni deputatlığa namizəd edin. Bütün bunlar ziddiyyətli məqamlardır. Vurğun Əyyub da ötən parlament seçkilərində iştirak etməmişdi, prezident seçkiləri dövründə də seçki prosesinə qatılmamışdı". M.Hacıbəyli bütün namizədlərin partiya Məclisində səsverməyə çıxarılacağını və yekun qərarı Məclisin verəcəyini bəyan edib.
Bütün bunlar göstərir ki, Müsavat Məclisinin aprel 4-də keçiriləcək iclası sakit keçməyəcək. Əgər toplantıda Vurğun Əyyubun Məclis üzvlüyündən, hətta partiyadan çıxarılması məsələsi gerçəkləşərsə, o zaman daha böyük qalmaqallar yaşanacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02