Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ciddə şəhərinə səfər ediblər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ciddə şəhərinə səfər ediblər

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər.
Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılandılar.
Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirildi. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edildi. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.
Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulandı.
Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparıldı. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edildi. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olundu.