Etibar Pirverdiyevin "vurulmasında" milyonlarla manatlıq sirr
07:23 08-04-2015
CƏMİYYƏT
Etibar Pirverdiyevin "vurulmasında" milyonlarla manatlıq sirr
"Azərenerji" prezidentinin mövqeləri nə üçün zəiflədilib?
2015-ci il "Azərenerji" prezidenti üçün "qara il" kimi başladı. Belə ki, yeni ilin elə ikinci ayındaca "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırıldı və "Azərenerji"nin olduqca mühüm səlahiyyətləri yeni yaradılan quruma verildi.
Bununla bağlı, ölkə başçısının imzaladığı sərəncama əsasən, "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
Etibar Pirverdiyev üçün bu qərar gözlənilməz olub. O, səlahiyyətlərinin kəskin azaldılmasının şokunu hələ də yaşayır.
Pirverdiyevin vurulmasında ən mühüm faktor isə "Azərenerji"də milyonlarla manatın qaranlıq taleyi ilə bağlıdır. Bu barədə "Unikal"ı bilgiləndirən mənbənin sözlərinə görə, hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Bu borcun əhəmiyyətli hissəsini isə Pirverdiyevin rəhbərlik etdiyi qurumun borcu təşkil edir. ""Fitch Ratings" beynəlxalq agentliyinin hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Həmin borc böyük ölçüdə davam edir. Bu isə hökumət çevrələrində ciddi narazılığa yol açıb və "Azərenerji"nin öz səlahiyyətlərini layiqincə yerinə yetirməsi məsələsində mübahisələri gücləndirib. Nəticədə yeni quruma ("Azərişıq"dan söhbət gedir) ehtiyac duyulduğu yönündə qənaətə gəlinib və məlum qərar verilib" deyə qaynağımız bildirib.
Amma məsələ bununla da bitmir. Belə ki, "Azərenerji" 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub. Bu da hökumət daxilində müəyyən şübhələrin yaranmasına gətirib çıxarıb. Pirverdiyevin qurumunun vergi ödənişlərinin azalmasından narazılıq da onun səlahiyyətlərinin vacib hissəsindən məhrum edilməsini qüvvətləndirib. Hökumətdə bir çoxları belə hesab edirlər ki, "Azərenerji"nin vergi ödənişlərinin ilbəil azalması bu qurumda dərin kök salan korrupsiyanın məntiqi nəticəsidir.
Beləliklə, Etibar Pirverdiyevin rəhbərlik etdiyi ASC-nin həm dövlətə borcunun fantastik rəqəmlərlə müşaiyət olunması, həm də bu qurumun vergi ödənişlərindəki azalma onun əhəmiyyətli səlahiyyətlərini itirməsi ilə yekunlaşıb. Artıq "Azərenerji" prezidenti hökumət daxilindəki əvvəlki təsir imkanlarından da məhrumdur. Onun bu qədər zəiflədilməsinin isə tamamilə "vurulması"na bir hazırlıq ola biləcəyi istisna edilmir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22