Manat nə vaxt bahalaşacaq?
11:20 09-04-2015
CƏMİYYƏT
Manat nə vaxt bahalaşacaq?
Ekspertlər Mərkəzi Bankın istəyindən çox şeyin asılı olduğunu deyir
"Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər". Bunu iqtisadçı ekspert Samir Əliyev deyir.
İqtisadçı ekspert "ans press" əməkdaşı ilə söhbəti zamanı neftin qiymətinin indiki səviyyəsinin yumşaq ucuzlaşma ilə yadda qalacağını deyir. "Neftin qiyməti 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək", - deyə bildirən Samir Əliyev məzənnənin fərqli ssenari ilə dəyişə biləcəyini də istisna etmir: "Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq".
Amma beynəlxalq proqnoz agentliklərinin səsləndirdikləri ehtimallar Samir Əliyevin neftin qiymətinin 50-60 dollar arasında dəyişən birinci ssenarisini daha real saymağa imkan verir. Məsələn, Rusiya paytaxtı Moskvada yerləşən iqtisadi proqnozlaşdırma agentliyi APEKON bu il neftin barrelinin qiymətinin 50 dollardan aşağı düşməyəcəyini vurğulayır. Agentliyin təxmininə görə, bu il neftin orta qiymətinin ən aşağı olacağı ay avqust olacaq. APEKON səkkizinci ay üçün neftin barrelinin orta qiymətinin 50 dollar olacağını düşünür. Daha sonra soyuqlar düşəcək və sentyabrda orta qiymət 53 dollar, oktyabrda 58 dollar, noyabrda 64 və dekabrda 70 dollar olacaq.
Yəni Samir Əliyevin təbirincə, bundan sonra Mərkəzi Bank manatı bahalaşdırmaq barədə düşünə bilər. APEKON-nun 2016-cı il üçün verdiyi proqnozlar da bu təxmini xeyli artırır. Agentliyin məlumatına görə, gələn il yanvarda neftin qiyməti durmadan artacaq və avqust ayında barrel üçün 103 dollara qalxacaq. Bahalaşma gələn ilin payızında da davam edəcək və dekabrda barrelin qiyməti 113 dollar olacaq. Neft Azərbaycan və MDB-nin bir çox neft ixracatçısı olan dövlətlərinin arzuladığı barrel üçün 125 dollar qiymətinə 2017-ci ilin mart ayında çatacaq.
Yəni bu, optimist yanaşmadır və bir çox ekspertlər bunun tam əksini ehtimal edən proqnozlar səsləndirirlər. Mediada tez-tez səsləndirilən bu proqnozlara görə, neftin qiyməti barrel üzrə 20 dollara düşəcək və bu, Azərbaycanı təkrar-təkrar devalvasiyaya məcbur edəcək. Mediada tez-tez səsləndirilən bu fikirlər İranla ABŞ arasında nüvə sənayesi üzrə əldə edilmiş anlaşmaya əsaslanır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu fikri əsassız sayır. "Bu fikri irəli sürənlər hesab edirlər ki, İran bazara gündə 1 milyon barrel neft çıxaracaq və tələb təklifi üstələyəcək. Qiymətlər sürətlə ucuzlaşmağa başlayacaq və neftin qiyməti 30 dollara düşəcək. Bu, publika üçün hesablanmış populist məlumatdır. Bazardakı oyunçular üçün bu, yenilik ola bilməz. 2012-ci ildə İran neft bazarından çıxarılan zaman Tehranın yerini kimin tutacağı məsələsi gündəmə gəldi. Hər halda, 1 milyon barrel bazardan çıxarılırdı. Bu öhdəliyi Səudiyyə öz üzərinə götürdü. Əgər 30 iyul 2015-ci ildə yekun sənəd imzalanarsa, İranın bazara qayıdıb müştərilərlə yenidən müqavilə bağlaması üçün ən azı beş ay gedəcək. İran öz payını artırdıqca, Səudiyyə Ərəbistanı kvotasını azaldacaq. İndi Səudiyyənin kvotası 9,5 milyon barreldir. Hesab edilir ki, 2016-cı ilin əvvəlinə 8,5 milyon barrelə düşəcək",- deyə neft eksperti "ans press"əbildirib.
Lakin İlham Şaban APEKON kimi agentliklərin 2017-ci ilə kimi neftin barrelinin qiymətinin 125 dollara çıxacağı barədə verdikləri proqnozlara da inanmır. Yeri gəmişkən, son bir neçə gündə neftin bahalaşaraq barrelinin 60 dollara çatması publikada bu fikrə inamı artırıb.
Amma neft ekspertinin fikrincə, son günlərdə neftin bahalaşması iki-üç gün öncə Səudiyyə Ərəbistanın Asiya bazarları üçün müəyyən qiymət güzəştlərini ləğv etməsi ilə bağlıdır. "Bu, bazarda qiymətinin artmasına təsir göstərib. Səudiyyə və digər yeni Körfəz ölkələri həmişə nefti dünya bazarı qiymətlərindən müəyyən güzəştlə, yəni ucuz satırlar. Əsas alıcılar isə ABŞ, Çin, Hindistan, Cənubi Koreya və Yaponiyadır. Ümumiyyətlə, bazar bu gün yüksək qiymətləri həzm etməyə qadir deyil. Bazarda neft həddindən artıqdır",- deyə İlham Şaban vurğulayır.
Onun fikrincə, cari il üçün ən optimist qiymət 57 dollardır: "İl çox pis başladı. Yanvar ayının orta qiyməti 49 dollar oldu. İqlim amilləri də öz rolunu oynadı. 2014-cü il son 140 il üzrə ən isti qış oldu. Şimal yarımkürəsində neftə olan tələbat həddindən aşağı düşdü. Bu qış Yaponiyada enerjiyə olan tələbat 50-55 milyard dollar azalıb. Yaponiya ildə enerjiyə 200 milyard dollar xərcləyir, yəni 25 faizdən çox azalma olub".
Neft eksperti gələn il üçün APEKON kimi agentliklərin barrel üçün verdiyi 100 dollarlıq proqnoza da inanmır. Onun fikrincə, neftin əsas istehlakçılarından biri olan Çinin bazara təsiri böyükdür və dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatının neftə olan tələbatı artmaq əvəzinə, azalır. Çünki Pekin enerji sektorunda diversifikasiya siyasəti aparır. "Çin əvvəllər qaz istehlak etmirdi. Neft alırdı və köhnə neft ayırma zavodlarında rafinə edib mazut alırdı və onu elektrik enerjisi istehsalına yönəldirdi. Çində həm də kömürlə işləyən çox böyük istilik elektrik stansiyaları (İES) var. Çin İES-lərinin 75 faizi kömürlə işləyir. Çin paytaxtı və böyük şəhərlər kömür tüstüsündən ekoloji fəlakət zonası sayılır. Buna görə də Çin qaz istehlakını artırır. Qazla işləyən İES-lərin faydalı iş əmsalı yüksəkdir. Qazın qiyməti də ucuzlaşır və yaxın 10 ildə ucuz qalacaq. Bu isə xam neftin idxalını azaldır. Həm də 2014-cü ildə Çində alternativ enerjiyə qoyulan xərclər bütün qalan dünya üzrə qoyulandan çoxdur", - deyə İlham Şaban vurğulayır.
Beləliklə, yaxın iki ildə dünyada neftin qiyməti daha çox ABŞ Energetika Nazirliyinin energetika məlumatları idarəsinin (EİA) ssenarisinə uyğun gələcək. EİA 2015-ci ildə Brent markalı neftin barrelinin orta qiymətinin 59,5 dollar olacağını, 2016-cı ildə isə 75 dollara qalxacağını proqnozlaşdırır. EİA-nın Texas nefti üzrə proqnozları bir qədər aşağıdır - 2015-ci il üçün barrel üzrə orta qiymət 52,15 dollar və 2016-cı il üçün isə 70 dollar olacaq.
Yəni iqtisadçı-ekspert Samir Əliyevin dediyi kimi, ilin sonuna kimi manat təxminən 10 faiz ucuzlaşacaq və manatın möhkəmlənməsi üçün yalnız 2016-cı il üçün şans yaranacaq. Ondan sonra isə iş Mərkəzi Bankın istəyindən asılı olacaq...
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47