Bakı beynəlxalq güclərin mərkəzi olacaq
11:22 09-04-2015
CƏMİYYƏT
Bakı beynəlxalq güclərin mərkəzi olacaq
Fransa və Rusiya prezidentlərinin Azərbaycan səfəri
Məşhur diplomat Henri Kissincer III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissincer III Qlobal Açıq Cəmiyətlər Forumunda iştirak etmək üçün aprel ayının sonunda Azərbaycana gələcək. Henri Kissincerin "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.
H.Kissincer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissincer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissincer hazırda "Kissenger Associates" beynəlxalq konsaltinq firmasının rəhbəridir.Xatırladaq ki, III Qlobal Açıq Cəmiyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub. Sözsüz ki, bu xəbərin rəsmi tərəfidir. Amma bir məqamı da unutmayaq ki, Henri Kissincer hər zaman Ağ Evin qeyri-rəsmi təmsilçisi olub və onun apardığı danışıqlar əslində Ağ Ev tərəfindən aparılan danışıqlar kimi dəyərləndirilir. Çox böyük ehtimal ki, Bakıya gələn diplomat ən yüksək səviyyədə danışıqlar aparacaq və bu ABŞ-Azərbaycan münasibətlərinə köklü təsir göstərəcək. Bununla yanaşı Dağlıq Qarabağ problemi də müzakirə mövzusu olacaq və yəqin ki, yeni ideyalar gündəmə gələcək. Xatırladaq ki, Henri Kissencer possovet məkanına yanaşmada fərqli baxışlara sahibdir və o hesab edir ki, bu bölgədəki münaqişələr çox qısa zamanda həll olunmalı və bununla Rusiyanın mövqelərini zəiflətmək olar. Ukrayna olaylarından sonra diplomat bəyan etdi ki, Rusiya işğalçı siyasətini Pribaltika və Azərbaycanda davam etdirməyə çalışacaq və buna görə Avropa ləngiməməlidir. Diplomatın Azərbaycana səfəri həm də ona görə maraqlıdır ki, yaxın zamanlarda Rusiya və Fransa prezidentləri də Azərbaycana gələcəklər. Beləliklə aydın olur ki, dünya gücləri yaxın zamanlarda Azərbaycanda proseslərə təsir etməyə çalışacaqlar. Bununla bağlı "Unikal"a açıqlama verən VİP sədri Əli Əliyev maraqlı məqamlara aydınlıq gətirib:" Səfərlərin hər ikisi nəzakət səfəridir.Uydurma tədbirdə iştirak üçün İrəvan yolunda "balansı" nümayiş üçün təyyarələr Bakıya enəcək. İstisna deyil ki, başqa - ciddi məsələlər də müzakirə edilsin. Hər iki dövlət Minsk qrupunun həmsədri, nüfuzlu və təsirli imkanlara malik tərəflərin təmsilçisi olaraq, rəsmi Bakı ilə müzakirə edəcəyi mövzular kifayət qədərdir. Hesab etmirəm ki, nə isə ciddi dəyişikliklərə gətirəcək səfərlərdir".
Politoloq Ülkər Abdullayeva isə daha çox bədbin proqnozlar verdi:" ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin başçılarının sülhyaratma missiyası dəfələrlə fiasko ilə nəticələnib. Çünki onlar münaqişənin həllinə yardım etmək niyyətində deyillər.Azərbaycan dəfələrlə Minsk qrupunun tərkibinin dəyişdirilməsi zərurəti barədə ATƏT qarşısında məsələ qaldırsa da, məsələ həll olunmamış qalır. Rusiya münaqişədə birbaşa maraqlı tərəfdir. Fransa birmənalı surətdə Ermənistanın mövqeyini dəstəkləyir. ABŞ isə erməni lobbilərinin qarşısında acizlik nümayiş etdirir.Belə bir mənzərə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə həmin dövlətlərin birmənalı surətdə yardım etməsini əngəlləyir.Təkcə Rusiya Ermənistanın işğalını dəstəkləməkdən imtina eləsə, bu problemi Azərbaycan təkbaşına da həll edə bilər. Hələliksə mənzərə bundan ibarətdir ki, Minsk qrupu münaqişənin həllinə yardım etmir, əksinə mane olur.Buradan da məntiqi nəticə çıxır: prezidentlərin səfərləri münaqişənin həllində heç bir irəliləyişə gətirib çıxarmayacaq. Onlar sadəcə növbəti dəfə yerinə yetirilməyəcək vədlər verərək Azərbaycandan öz xeyirlərinə nəsə qoparmağa çalışacaqlar. Diqqət etmisizsə, hər dəfə Qarabağla bağlı danışıqlardan, görüşlərdən sonra dövlət başçıları təqribən belə bir bəyanat verirlər ki, "münaqişənin həlli istiqamətində irəliyə doğru addım atılıb".Əgər bu addımlar irəliyə doğrudursa, onda məntiqlə Minsk qrupu işə başlayandan keçən 21 il müddətində xeyli məsafə qət edilmiş olmalı, biz Ermənistanın sərhədlərinə yaxınlaşmalı idik. Amma işğal olunmuş ərazilərimizin bir qarışı belə geri qaytarılmayıbsa, hansı irəliləyişdən söhbət gedə bilər.?! Həmsədr dövlətlərin başçıları üçün Qarabağ problemi heç vaxt prioritet olmayıb.Onlar bu tip qlobal əhəmiyyət daşımayan problemləri tərpədib başlarını ağrıtmaqdansa, onları uzunmüddətli dondurmağa üstünlük verirlər.Qlobal siyasətdə bu günün qayğıları başqadır.Ona görə də belə səfərlərdən çalışıb Qarabağla bağlı heç nə gözləməyək. Sadəcə növbəti dəfə xəyal qırıqlığına uğrayacağıq".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34