Politoloq: "Jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr və şirkətlər qadağan etməlidir"- BBC-nin reportajına münasibət
11:23 09-04-2015
CƏMİYYƏT
Politoloq: "Jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri
ölkələr və şirkətlər qadağan etməlidir"- BBC-nin reportajına münasibət
"BBC"-nin müxbiri Reyhan Demitrie Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və reportaj hazırlayıb. APA-nın məlumatına görə, reportajda müəllif ermənilər və azərbaycanlıların bu torpaqlar uğrunda 1990-cı illərdən vuruşduğunu qeyd edib: "Azərbaycan bu torpaqlar üzərində nəzarəti itirib və yüz minlərlə etnik azərbaycanlı evlərindən qaçmalı olub. 20 ildir, atəşkəsin elan olunmasına baxmayaraq təmas xətti ağır şəkildə hərbiləşdirilib.
Orada tez-tez atışma və ölüm halları baş verir. Dağlıq Qarabağ özünü müstəqil respublika elan edib. Onun özünün hökuməti, universitetləri, hətta beynəlxalq aeroportu var. Realıq isə budur ki, Qarabağ erməniləri dünyadan təcrid olunublar".
Reyhan Demitrie ötən il "Dağlıq Qarabağ Respublikası"nın özünün "20 illik müstəqilliyi"ni qeyd etdiyini bildirib: "Lakin bu müstəqillik və respublika bu torpaqları Azərbaycanın bir hissəsi hesab edən beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bu münaqişə həll olunmamış qalır və bunun nümunələrindən biri bir neçə ilə əvvəl bərpa olunmuş aeroportdur ki, orada oturacaqlar boşdur. Ora heç bir uçuş həyata keçirilmir. Burada təyyarələrin Azərbaycan tərəfindən vurulması riski var. Çünki tərəflər arasında hələ də sülh razılaşması yoxdur. De-fakto hökumət hesab edir ki, onların danışıqlardan kənarda qalması prosesi ləngidir".
Daha sonra müəllif özünü qondarma qurumun xarici işlər naziri elan edən Karen Mirzoyanın müsahibəsini təqdim edib. Reportajın sonunda uşaqlar üçün minalardan qorunmaq üçün təşkil olunan təlimlər göstərilib.
Politoloq Qabil Hüseynli isə açıqlamasında bu cür reportajları pisləyib. O bildirib ki, xarici jurnalistlərin Dağlıq Qarabağa səfərlər etməsi oradakı separatçı rejimin apardığı təbliğat siyasətinin əsas elementlərindəndir.
Onun sözlərinə görə, bu rejim mediadan bir alət kimi istifadə edir: "Separatçılar guya həmin ərazidə milli azadlıq hərəkatının olması, işğal altındakı ərazilərin oranın erməni xalqına məxsusluğu barədə uydurduqları mifləri media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Digər tərəfdən, jurnalistlərin bu bölgəyə hərəkəti onların hüquqi cəhətdən tanınmasına da yardım edir. Jurnalistlərin, incəsənət adamlarının, Azərbaycanın icazəsi olmadan bu ərazilərə səfər etməsi və onun təbliği ilə məşğul olması ciddi hüquqi pozuntudur. Çünki qondarma respublika heç kəs tərəfindən tanınmayıb, dünya ölkələri, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib".
Q. Hüseynli bildirib ki, işğal altındakı ərazilərə yalnız rəsmi Bakının icazəsi ilə gedilməlidir: "Bakı həmin bölgəyə qanunsuz səfər edən jurnalistlərin hamısını "qara siyahı"ya salır, gələcəkdə onların Azərbaycana səfər etməsi qadağan edilir. Bu məsələ Azərbaycanın yaralı yeridir. Azərbaycan bu istiqamətdə fəal iş aparır və yəqin ki, bunun nəticəsi olacaq".
Politoloqun fikrincə, həmin jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr, işlədikləri şirkətlər qadağan etməlidir: "Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkə bu bütövlüyü pozan hərəkətlərə şərait yaradırsa, hüquqi pozuntuya şərait yaratmış, bir növ beynəlxalq hüquq normalarını ayaqlar altına atmış olur. Bu işdə təkcə jurnalistlər deyil, onların təmsil etdiyi media korporasiyaları, televiziyalar və həmin jurnalistin təmsil etdiyi ölkə də məsuliyyət daşıyır".
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47