Rövnəq Abdullayevin ilginc "karbamid müəmması"
07:57 13-05-2015
CƏMİYYƏT
Rövnəq Abdullayevin ilginc "karbamid müəmması"
Nazir SOCAR prezidentinin dediklərini niyə yalana çıxardı?
Hazırda Gürcüstanın energetika naziri vəzifəsində çalışan "Milan"ın keçmiş futbolçusu Kaxa Kaladze Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR-ın bu ölkədə karbamid zavodunun tikintisi layihəsi üzərində işi dayandırmasını şərh edib. Bu zaman o, olduqca ilginc məqamlara toxunub.
Layihənin dayandırıldığı haqda bu günlərdə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat vermişdi.Abdullayev deyib ki, layihə Gürcüstan hökumətiylə "müəyyən danışıqların alınmadığına görə" dayandırılıb.
Lakin Kaxa Kaladze deyib ki, layihə maliyyə baxımından sərfəli olmadığına görə dayandırılıb: "Səbəb odur ki, layihə həm Gürcüstan, həm Azərbaycan üçün maliyyə baxımından sərfəli deyil. Layihə üzərində işi dayandırmaq bizim ümumi qərarımız idi. Azərbaycan tərəfinin qazla bağlı problemləri olub. Məsələn, bu il biz lazım olan həcmdə qaz ala bilməmişik".
SOCAR prezidentinin açıqlamasında karbamid zavodunun sərfəli olmadığı barədə heç nə deyilmirdi. Əksinə, o deyirdi ki, karbamid Sumqayıtda neft emalı zavodu ilə birlikdə inşa etmək planlaşdırılmışdı. Karbamid zavodunun tikintisi layihəsi 700 milyon avrodu. Layihə barədə razılaşma 2012-ci ildə Gürcüstanın Saakaşvili hökuməti ilə əldə edilmişdi.
Qeyd edək ki, cəmi bir ay öncə R. Abdullayev demişdi ki, SOCAR Gürcüstanda da karbamid zavodu tikməyi planlaşdırır.Onun sözlərinə görə, Azərbaycanda karbamid zavodunun fiziki tikintisinə yaxın aylarda başlanacaq: "Ondan sonra biz Gürcüstanda da eyni gücdə zavodun tikintisini planlaşdırırıq. Bunun üçün artıq Gürcüstan hökuməti bizə yer ayırıb, azad iqtisadi zona elan edib. Orada dənizə çıxış üçün böyük kimya limanının tikintisi üçün də yer ayrılıb".
R.Abdullayev bildirib ki, Azərbaycanda tikilən zavod 700 min tona hesablanıb və ölkəni təmin edəndən sonra bunun bir hissəsi Qara dəniz bazarına çıxarılıb satılacaq: "Gürcüstanda da eyni zavodun olması gələcəkdə Qara dəniz bazarına milyon tona yaxın gübrə çıxarmaq imkanımızın olmasıdır. Qara dəniz və Türkiyə bazarında karbamid çatışmazlığı var və biz bu boşluğu doldurmaq niyyətindəyik".
Amma bu açıqlamanın üstündən bir ay keçmiş SOCAR prezidenti tamam fərqli bəyanatla çıxış edib. Belə ki, dörd gün öncə "Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırıb" deyən Rövnəq Abdullayev əlavə edib ki, zavodun tikinti layihəsi müvəqqəti dayandırılıb: "Buna səbəb Gürcüstan hökuməti ilə müəyyən danışıqlarımızı başa çatdıra bilməməyimiz oldu".
Göründüyü kimi, SOCAR prezidenti ilə gürcü nazirin açıqlamaları arasında kifayət qədər ciddi ziddiyyətlər var. R. Abdullayev zavodun tikintisinin müvəqqəti dayandırıldığını, səbəbin isə Gürcüstan hökuməti ilə müəyyən danışıqları başa çatdırılmaması olduğunu deyir. Gürcü nazir isə tamamilə əks açıqlamalar verir. Onun dediyindən aşkar şəkildə belə başa düşülür ki, layihənin icrasının həm Azərbaycan, həm də Gürcüstan üçün sərfəli olmamasıdır.
İndi burada maraq doğuran Kaladzenin zavodun inşasının dayanqdırılmasının konkret səbəblərini açıqlamasına rəğmən SOCAR prezidentinin mövzu ətrafında üstüörtülü danışmağa üstünlük verməsidir. Yəqin ki, belə müəmmalı vəziyyətə aydınlıq gətirmək üçün Dövlət Neft Şirkətinin rəhbəri yeni açıqlama verməli olacaq.
Sonda onu da deyək ki, SOCAR ölkədən kənarda investisiya yatırımlarını davam etdirir. 2008-2014-cü illərdə Dövlət Neft Şirkəti Türkiyədəki "Petkim" layihəsinə 2,2 milyard dollar investisiya qoyub. Onun sözlərinə görə, qarşıdakı illərdə Türkiyəyə daha 10 milyard dollar pul qoyulacaq və 2023-cü ildə "Petkim"in yerli bazarda payı 40%-ə çatdırılacaq. Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Dövlət Neft Şirkətinin rəhbəri onu da əlavə edib ki, beynəlxalq enerji bazarlarındakı qeyri-sabit vəziyyətə baxmayaraq "Cənub qaz dəhlizi" və "Şahdəniz-2" layihəsi ilə bağlı işlər davam etdirilir: "Ümumilikdə, 3500 km-lik qaz boru kəmərləri sistemi yaradırıq. Eyni zamanda TANAP layihəsini həyata keçiririk. Bu kəmərin ötürücülük qabiliyyəti əvvəlcə 16 milyard kubmetr olacaq, sonra bu rəqəm 2 dəfə artırılacaq. Uzunluğu 871 km olan TAP layihəsi isə 2020-ci ildə Azərbaycan qazını İtaliyaya çatdıracaq".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21