Əbülfəs Qarayevə qarşı genişmiqyaslı korrupsiya təftişi
12:58 21-05-2015
CƏMİYYƏT
Əbülfəs Qarayevə qarşı genişmiqyaslı korrupsiya təftişi
Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin şöbələrini "məhşərə" çəkir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev üçün qanqaraldıcı xəbərlər gəlməkdədir. Görünən odur ki, Hesablama Palatası Qarayevin nazirliyində geniş miqyaslı təftiş dalğasına start verib.
Hesablama Palatasının yoxlamaları Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrini əhatə edir, hansı ki, həmin yoxlamalar zamanı ortaya kifayət qədər ciddi nöqsanlar, korrupsiya faktları çıxır. Qurumun srağagün açıqladığı məlumatdan aydın olurdu ki, aparılan təftişlər zamanı rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) inzibati heyətinin və rayonun (şəhərin) ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi üçün ştatların sayının müəyyən edilməsini tənzimləyən normativ sənədlərin mövcud olmamasının həmin sahələrdə əlavə ştat vahidlərinin saxlanmasına şərait yaratmaqla yanaşı, bu məqsədlərə ayrılan büdcə vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələndiyi üzə çıxıb.
Hesablama Palatası göstərilənləri nəzərə alaraq, habelə büdcədən bu məqsədlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsini təmin etmək üçün rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) inzibati heyətinin və rayonun (şəhərin) ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi üçün ştatların sayını tənzimləyən normativ sənədlərin hazırlanmasını məqsədəmüvafiq sayıb.
Eyni zamanda Hesablama Palatası qeyd edib ki, rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) nəzdində olan muzeylərin, muzey tipli müəssisələrin, mədəniyyət evlərinin və klubların ştat normativləri Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mədəniyyət evi, klub və muzeylərinin nümunəvi ştatları haqqında" 1990-cı il 30 iyun tarixli 284 saylı qərarı ilə tənzimlənir. Məlum olduğu kimi, şəhər klubları, kənd mədəniyyət evləri, eləcə də, kənd klubları müasir şəraitdə keçmiş SSRİ dövründən fərqli olaraq yeni funksiyaları yerinə yetirir. Rayon, şəhər, kənd mədəniyyət evlərinin və klublarının bəziləri "Sənətkarlıq mərkəzi"nə, bəziləri "Folklor mərkəzi"nə çevrilib, "Səyyar avtoklublar" ləğv edilib. Bundan əlavə, həmin qərarda ekspozisiya zalında muzey baxıcısı ştatı hər sərgi otağına görə 0,5 vahid hesabı ilə müəyyən edilib ki, bu da hazırkı tələblərə cavab vermir. Həmin qərarda mədəniyyət evlərinin tamaşa zallarında oturacaqların minimum say həddi 200 oturacaq kimi müəyyən olunub. Mədəniyyət müəssisələrinin mövcud zallarında isə həmin sayda müasir oturacaqların yerləşdirilməsi imkan xaricindədir. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri göstərir ki, yuxarıda göstərilənlər bir çox mədəniyyət müəssisələrində əlavə ştatların saxlanması, eləcə də, artıq büdcə vəsaitinin istifadə olunması hallarına imkan yaradır.
Qeyd edilənləri nəzərə alaraq, Hesablama Palatası rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) nəzdində olan muzeylərin, muzey tipli müəssisələrin, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların ştat normativlərini və əməyin ödənişi sistemini tənzimləyən normativ sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Hesablama Palatasının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində də bir aya yaxındır ki, ciddi yoxlamalar apardığı barədə məlumat yayılmışdı. İddialara görə, adıçəkilən idarə misli görünməmiş dərəcədə korrupsiyaya yuvarlanıb və Hesablama Palatasının təftişinin ortaya dəhşətli yeyinti və digər qanunsuzluq halları çıxaracağına şübhə edilmir.
Bundan başqa, rəsmi audit qurumunun son bir ildə ölkənin müxtəlif bölgələrində - Sumqayıt, Cəlilabad, Hacıqabul və s. mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarının nəticələri də ürəkaçan olmayıb.
Hesablama Palatasının yazının əvvəlində haqqında bəhs etdiyimiz iki gün əvvəlki açıqlaması isə Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliyin yerli şöbələrində maliyyə şəffaflığı və idarəetmə baxımından mənzərənin ürəkaçan olmadığını göstərir. Bu isə son vaxtlar onun fəaliyyəti ilə bağlı hökumət daxilində kəskin narazılıqların yarandığına dair KİV-də yayılan iddialarda doğruluq payının yüksək olduğunu deməyə əsas verir.
İstisna edilmir ki, belə bir vəziyyətdə yaxın gələcəkdə mədəniyyət və turizm naziri postu ilə bağlı dəyişikliyin şahidi olaq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26