Deputatlardan villa sahibi olan məmurlara sərt təpki
15:05 22-05-2015
CƏMİYYƏT
Deputatlardan villa sahibi olan məmurlara sərt təpki
Prezident İlham Əliyev ötən gün keçirdiyi iclasda bir sıra ciddi məsələlərə toxundu. Ölkə başçısının diqqət ayırdığı əsas məsələlərdən biri də qanunsuz tikililər idi.
"Unikal"ın məlumatına görə, ölkə başçısı qanunsuz tikililərə rəvac verən və həmin villaların sahibi olan, yaxud arxalarında dayanan məmurlara sərt təpki göstərib. Prezident İlham Əliyev qanunsuz evlərin tikildiyini də bildirib: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər".
Qeyd edək ki, ölkə başçısının bu addımı ictimai-siyasi arenada da müsbət qarşılanıb. Xüsusən də Milli Məclisin deputatları ölkə başçısının bu mövqeyini dəstəkləyiblər.
Bu barədə "Unikal"a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Prezident İlham Əliyev Binəqədidə yanan bina ilə bağlı yaradılan Dövlət Komissiyasının ötən gün keçirilən iclasında çox ciddi mesajlar verdi. Deputatın sözlərinə görə, prezident İlham Əliyevin qanunsuz evlərlə bağlı bəyanatına diqqət çəkərək bildirib ki, aidiyyəti qurumlar və vəzifəli şəxslər bundan nəticə çıxartmalıdırlar: "Cənab prezident qeyd elədi ki, hətta elektrik xətlərinin altında da evlər tikilir. Bundan sonra insanlar öz səlahiyyətlərinin öhdəsindən gəlmək üçün ciddi nəticə çıxarmalı və artıq hərəkət etməməlidirlər".
Vahid Əhmədovun fikrincə, Azərbaycanda heç kim vəzifəli şəxsdən icazə almadan ev tikə bilməz: "Ev tikiləndə istər yerli icra hakimiyyəti orqanlarının, istərsə də digər qurumların bundan xəbəri olur. Azərbaycanda heç bir yerdə icazəsiz daşı daş üstə qoymaq mümkün deyil. Ona görə də ölkə başçısı tamamilə düzgün xəbərdarlıq etdi ki, qanunsuz tikintilərə son qoymaq lazımdır".
"Unikal"ın məlumatına görə, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, hökumətin hər keçirdiyi müşavirədə dövlət başçısı məmurlara vətəndaşların problemlərini həll etməli, hər şey əhali üçün olduğunu dəfələrlə bildirib: "Hər bir məmur ona görə vəzifəyə təyin olunub ki, xalqa xidmət etsin. İnsanları narazı salmasın, salınan bütün parklar, məktəblər, xəstəxanalar və hamısı xalq üçündür. Amma təəssüflər olsun ki, bəzi məmurlar verilən tapşırıqlardan düzgün istifadə etmir. Nəticədə qanunsuzluqlar, hadisələr baş verir. Qanunun tələbinə uyğun hər hansı funksiyanı yerinə yetirməyəndə bu zaman da yeni- yeni problemlər yaranmağa başlayır. Bunlar da bəzi hallarda insan itkisi, bəzilərində isə dövlətə külli miqdarda ziyan dəyməsi ilə nəticələnir".
Millət vəkili əlavə edib ki, qanunvericilik kifayət qədər bələdiyyələrə səlahiyyət verib: "Ancaq bu səlahiyyətlərdən bələdiyyələr başqa istiqamətdə istifadə edirlər. Tutaq ki, onlar üçün ayrılan torpaq sahəsində bağçalar açmaq, fermer təsərrüfatları yaratmaqla əldə edilən gəlirlər vasitəsilə abadlıq işləri görmək olar. Amma onlar bu torpaqları dəyər-dəyməzinə kimlərəsə satırlar, cüzi qiymətə icarəyə verirlər ki, bu da yolverilməzdir. Hesab edirəm ki, burada olan nöqsanlar da qısa müddətdə aradan qaldırılmalıdır". Məmurlara bir neçə dəfə xəbərdarlıq edilməsinə rəğmən yenə də dövlət başçısının iradəsinə zidd hərəkətlərinə yol verməməsinin səbəbinə gəlincə isə, millət vəkili vurğulayıb ki, bunu bütün məmurlara şamil edə bilmərik: "İnsan olan yerdə problemlər də olur. Bəziləri verilən tapşırığı, göstərişi layiqincə yerinə yetirmirlər. Bu zaman da tutduğu vəzifədən azad olunur və cəzalandırılır. Ona görə də hər bir məmur papağını qabağına qoyub ciddi fikirləşməlidir. Prezidentin verdiyi tapşırıqları layiqincə yerinə yetirməlidir".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48