"Cahangir Hacıyev işi"nə görə Elman Rüstəmovun da başı ağrıya bilər
11:44 23-05-2015
CƏMİYYƏT
"Cahangir Hacıyev işi"nə görə Elman Rüstəmovun da başı ağrıya bilər
Mərkəzi Bank sədrinin adı da "milyardlıq xəyanət"ə görə ittiham hədəfində!
Şərti olaraq KİV-də "Cahangir Hacıyev işi", yaxud "Milyardlıq xəyanət" kimi təqdim edilən Beynəlxalq Bankla bağlı qaytarılmayan külli miqdarda kredit ətrafında sensasion gəlişmələr davam edir. Artıq həbs edilən iş adamlarının sırası sürətlə genişlənməkdədir. Bir çox nüfuzlu oliqarxlara isə böyük rəqəmlərlə ifadə olunan kreditlərini qaytarmaq üçün möhlət verilib, onların ölkədən çıxışı yasaqlanıb və s.
Xüsusilə ölkə başçısı İlham Əliyevin mayın 20-də keçirdiyi toplantıda dövlət əmlakının mənimsənilməsi ilə bağlı sərt mövqeyindən sonra Beynəlxalq Banka külli miqdarda kredit borcu olan iş adamlarının həbsinin yeni dalğası başlayıb. Xatırladaq ki, dövlət başçısı Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı həbs edilən iş adamları haqda çox sərt mövqe bildirib. "Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək" - deyə, prezident bildirib.
Amma deyəsən, cəzasını çəkməli olanlar yalnız külli miqdarda kredit götürüb onu geri qaytarmayan oqliqarxlar olmayacaqlar. Belə bir vəziyyətin yaranmasına görə artıq bir sıra əlaqədar məmurların adları da tənqid hədəfinə çevrilməyə başlayıb. Hesab olunur ki, onlar Beynəlxalq Bank rəhbərliyinin ayrı-ayrı iş adamlarına üst-üstə milyardlarla manatlıq kredit ayırmasına göz yumub və ortaya hazırki anormal situasiyanın çıxmasına bir növ zəmin hazırlanmasında bu və ya digxər formada iştirak ediblər.
Əldə etdiyimiz məlumatlara görə, belə aidiyyatı məmurlar arasında xüsusilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun adı ön plana çıxmağa başlayıb. "Unikal"a danışan adının çəkilməsini istəməyən etibarlı mənbə son vaxtlar "Cahangir Hacıyev işi" ilə bağlı AMB rəhbərinin məsuliyyətinə işarə vuran açıqlamaların artmasını təsadüfi saymır.
Belə ki, tanınmış iqtisadçı ekspert Rövşən Ağayev kredit risklərinin idarə edilməsi üzrə qanunvericiliyin müvafiq tələbləri mövcuddur. Ağayevin sözlərinə görə, Elman Rüstəmovun rəhbərlik etdiyi qurum həmin prudensial normativlərin və tələblərin müəyyən olunaraq icra edilməsinə nəzarətin həyata keçirilməsinə cavabdehlik daşıyır. Beynəlxalq Bankın verdiyi kreditlər AMB girov təminatı ilə bağlı qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamağa borclu idi. "Amma hazırki vəziyyət Mərkəzi Bankın külli miqdarda kredit götürənlərin girov təminatı ilə əməl etmələrini dəqiq yoxlamadığını göstərir" deyən ekspertin sözlərindən də Rüstəmovun qurumunun ciddi məsuliyyəti aydın olur.
Dünən həmçinin AMİP-in keçmiş sədri Etibar Məmmədov da bu mövzu ilə bağlı ilginc iddialar səsləndirib. Onun sözlərinə görə, biz böyük bir oğurluqla, məmur harınçılığı ilə qarşılaşmışıq: "Bunlar ona görə baş verir ki, ictimai nəzarət yoxdur… Məsul olan adamlar niyə buna yol veriblər? Günahı bir bankın üzərinə yıxmaq da düz deyil, axı. Bu bank özəl bank deyil. Bankın nəzarət paketi hökümətin əlindədir. Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədridir. Samir Şərifovun birbaşa vəzifəsi idi ki, indiyə qədər bu məsələyə nəzarət eləsin. Mən bilirəm ki, Samir Şərifovun rəyi, icazəsi olmadan Beynəlxaq Bankdan bir qəpik də kiməsə verilə bilməz. Belə məsələləri aşağı səviyyəli məmurların üzərinə yıxmaqla vəziyyətdən çıxmağa çalışır. Amma Samir Şərifov həm də devalvasiyaya görə məsuliyyət daşıyır. Məsələni niyə gətirib bu vəziyyətə çıxardı? Səhv siyasətinin nəticəsi olaraq! Bəs səhv siyasətin nəticəsi olaraq indi hansı məsuliyyəti daşıyır?!... Samir Şərifov buna məsul olan şəxs kimi indiyə qədər ağzını açıb bir kəlmə də danışmır". Etibar Məmmədov həmçinin Mərkəzi Bankın sədri Elman Rüstəmovun da məsuliyyətindən danışaraq əlavə edib: "Onlar baş vermiş bu prosesə görə birbaşa məsuliyyət daşıyırlar. Apardıqları bu siyasətin nəticəsində dövlətə böyük ziyan dəyib. Bu pullar dövlətin cibindən gedib..."
Bizim qaynağımız isə xüsusilə Elman Rüstəmovun adının "Cahangir Hacıyev işi"ndə ön plana çıxmasının AMB rəhbəri üçün fəsadlarının olacağını, onun kürsüsünü laxladacağını düşünür. "Artıq neçənci dəfədir Mərkəzi Bankın sədrinin adı ətrafında belə qalmaqallı vəziyyət yaranır. Hesab etmək olar ki, bütün bunlar Elman Rüstəmovun vəzifə karyerası üçün heç də yaxşı perspektiv vəd etmir".
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31