"Azərsu" Yardımlı rayonunun dörd ucqar dağ kəndinin su təchizatını yaxşılaşdırıb
10:19 02-06-2015
CƏMİYYƏT
"Azərsu" Yardımlı rayonunun dörd ucqar dağ kəndinin su təchizatını yaxşılaşdırıb
"Azərsu" ASC Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
ASC-dən "Unikal"a verilən məlumata görə, "Azərsu"nun Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndlərinin - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrası uğurla başa çatıb.
"Azərsu"nun "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: "Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun ucqar kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin yayında böyük bir layihənin icrasına başladıq. Bu gün artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq".
İcrasına 2013-cü ildə başlanmış layihəyə əsasən su mənbəyi kimi Sineyir çayı hövzəsindəki bulaqlar seçilib. Əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbədə sugötürücü qurğu inşa edilib, buradan yaşayış məntəqələrinə qədər müxtəlif diametrli borularla 24 km uzunluğunda magistral kəmər çəkilib. Magistral su xəttinin üzərində Osnakəran kəndində həcmi 500 kubmetr, Bürzünbül və Vərgədüz kəndlərinin hər birində tutumu 100 kubmetr olan su anbarları tikilib, kəndlərdə bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində 4 kənddə 6 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
Ümumilikdə layihə Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2 688 ailə təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.
Qeyd edək ki, "Azərsu" Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28