Müsavatçılar Arif Hacılının istefasını tələb etdilər
13:41 05-06-2015
CƏMİYYƏT
Müsavatçılar Arif Hacılının istefasını tələb etdilər
Partiyanın adı ətrafında qalmaqal səngimək bilmir, növbəti biabırçı skandal üzə çıxıb
Bir qrup müsavatçı sosial şəbəkədə partiyanın başqanı Arif Hacılının istefa verməsini tələb edib. "Unikal"a daxil olan bəyanatda bildirilir ki, Arif Hacılı partiyanı viran qoyub.
"Müsavatçıların əksəriyyəti Arif Hacılının istefasını istəyir. Arif Hacılının istefası dağıtdığı Müsavat Partiyasının yenidən toparlanmasına stimul ola bilər. Qurultaydan 7 ay keçməsinə baxmayaraq, ciddi heç bir mübarizə aparılmayıb, əksinə müsavatçılar arasında nifrət, kin, ayrıseçkilik, nifaq salıb, müxalifətçilik oyunları oynayır. Arif Hacılı ancaq 7 aydır bəyanatlar verərək işini bitmiş hesab edir, partiyanın adından saxta bəyanat verir, qurultaydan sonra öz rəqiblərinin partiyadan çıxarılması üçün sifariş verib və partiyanın strukturları da Arif Hacılının sifarişlərini yerinə yetirib. Suraxanı rayon təşkilatında da Arif Hacılının istefası müzakirə edilib. Arif Hacılıya İS-TE-FA!".
Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, partiyada hər şey nizamnamə çərçivəsində həll olunur: "Partiyanın qurultayında seçilən başqan haqda hər hansı istefa tələbi heç bir həqiqətə söykənmir. Ona görə də kimin nə söyləməsindən asılı olmayaraq, partiya öz nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Ziyalıların və digər üzvlərin partiyadan istefa verməsi bir mərkəzdən idarə olunur. Həmin mərkəz həmin məsələsini gündəmdə saxlamaq üçün məhz bu cür planlaşdırılmış hərəkət edir".
11 müsavatçı qadın
bir gündə getdi
Müsavat Partiyasının 11 qadın üzvü istefa verib. Bu barədə Müsavat Partiyası Qadınlar Birliyinin keçmiş sədri Ellada Məmmədli məlumat verib. Partiya rəhbərliyi hələlik bu istefalara münasibət açıqlamayb. Müsavatdan istefa verənlərin adlarını təqdim edirik. 1.Ağayeva Lyudmila - Nərimanov RT-nın üzvü 2.Muradova Nəzakət - Cəbrayıl RT-nın üzvü 3.Mütəllimova Gülnar - Nizami RT-nın sədr müavini, şura üzvü 4.Kərimova Südabə - Nizami RT-nın üzvü, şura üzvü 5.Qurbanova Xalidə - Səbayel RT-nın üzv 6.İskəndərova Sevinc - Səbayel RT-nın üzvü, şura üzvü 7.Abdullayeva Xatirə - Suraxanı RT-nın üzvü, şura üzvü 8.Ulduza Hüseynova - Suraxanı RT-nın üzvü 9 Nüşabə Novruzova - Suraxanı RT-nın üzvü 10.Vəfa Əhmədova - Suraxanı RT-nın üzvü 11.Bayramova Həbibə- Suraxanı RT-nın üzvü .
"Arif Hacılı
qadınları söyür..."
"Müsavat Partiyasının VIII qurultayından sonra indiki rəhbərlik demokratiyanı pozaraq, avtoritar idarəetmə üsulu ilə, yerli-yersiz, özünün qisasçılıq metodu ilə ziyalıları bir-bir partiyadan çıxarır". Bu fikirləri Müsavatın Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli deyib. Partiyanın Qadınlar Birliyinin istefa verməsinə münasibət bildirən E.Məmmədli qeyd edib ki, qadınlar zərif cinsin nümayəndələri hesab olunsalar da o qədər də zəif məxluqlar deyil: "Qadınlar çox böyük qüvvədir. Siyasi proseslərin önündə hər zaman qadınlar olur. Kişilər isə onların arxalarında gəlir. Bu gün həmin partiyadan ayrılan xanımlar da illərini məhz siyasi meydanlarda keçiriblər. Sadəcə olaraq istefa verən xanımlar Arif Hacılının qruplaşmasına daxil deyillər. Arif Hacılının cılız bir qrupu var. Bunu hamı bilir. Arif Hacılının belə bir fikri var ki, onun xoşu gəlməyən onunla deyil. Bu qrupa aid olmayanları yanından qovmaq üçün bütün üsullara əl atır. Elə bilirsiz ki, onlar qadınlara saldırmayıblar? Qapalı qrupda qadınlara qarşı elə biədəb sözlər deyirlər ki, dilə gətiriləsi deyil. Bunu edənlər isə Arif Hacılı qrupunun nümayəndələridir. Qadın haqqında kişi pis rəy yazırsa, deməli onu dünyaya qadın gətirməyib, ailəsində də ana-bacısı yoxdur. Bunlar qadınlarla ən iyrənc üsullarla mübarizə aparırlar. Hansı ki, bu ifadələr dilə gətiriləsi deyil".
E.Məmmədli bildirib ki, Arif Hacılı və qrupundakılar azad fikirli qadınlardan qorxduğuna görə, onları iyrənc vasitələrlə partiyadan uzaqlaşdırırlar: "Bunların istər idarəçilikdə, istərsə də şəxsiyyətlərində kifayət qədər qüsurlar var və bir-bir üzlərinə saymaq olar. Əlbəttə, qadınlardan qorxurlar. Bu qadınlar saf insanlardır. Ona görə də partiya daxilindəki haqsızlığa qarşı mübarizə aparırlar. Bu gün partiyada anormal bir vəziyyət yaranıb. Partiyada Hacılı qardaşları cılız bir qrupla idarəçiliklə məşğuldur. Ona görə də partiyadakılar abırlarına qısılaraq istefa verirlər. Bu isə utancvericidir. Çünki onlar Məhəmməd Əmin Rəsulzadə ideyalarına tamamilə xəyanət ediblər". Hazırkı Müsavat qarşıdan gələn parlament seçikilərində uğur əldə edə bilərmi sualına isə E.Məmmədli sadəcə inanmadığını söyləyib.
Azərbaycanda saxta
mühacir skandalı
Xəbər verdiyimiz kimi, dünən Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı.
Bəyanatda Elnur Aydın oğlu Mirzəyevin adı çəkilmişdi. Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, Arayışın və "Elnur Mirzəyev barədə" sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunub. Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır.
E.Mirzəyev dedi ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: "Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, "2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Vurğun Əyyubdan
tövsiyyə
"Mühacir statusu almaq istəyənlərə partiya biletinin satılması barədə əlimdə konkret fakt yoxdur. Bir neçə ildir ki, bu barədə söz-söhbətlər eşidirəm, ancaq nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, çünki bu, araşdırma işidir". Bunu uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunmuş Vurğun Əyyub deyib. O bildirib ki, Müsavat adından saxta sənədlər hazırlanması faktı ilə rastlaşıb: "Mən də saxta mühacirlik halları ilə rastlaşmışam. Təxminən 2004-cü ildə hava limanında bir nəfəri saxlamışdılar və onun üzərindən Müsavat Partiyasının bileti çıxmışdı. Həmin bileti istintaq orqanları da araşdırdılar, məlum oldu ki, bileti 8-ci km-də bir işbazdan alıblar. Möhür də, İsa Qəmbərin imzası da saxtadır".
V. Əyyub qeyd edib ki, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Elnur Mirzəyev adlı şəxsin ittihamları ilə bağlı məhkəməyə müraciət etməlidir: "Gülağa Aslanlı deyir ki, mənim imzamla Yasamal rayon təşkilatından belə bir sənəd verilib. Bu, mənim yadıma gəlmir və mənə də çox qəribədir ki, Yasamal rayon təşkilatının sənədində mənim imzam niyə olmalı idi? Yəni demək istəyirəm ki, belə hallar olub. İndiki məqamda isə Elnur Mirzəyev konkret ad, rəqəm səsləndirir. Əslində bu, məhkəməlik işdir. Bu baxımdan düşünürəm ki, Gülağa Aslanlı öz adını qorumaq üçün məhkəməyə müraciət etməlidir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52