Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV rəhbərləri ilə görüş keçirib.
Bir neçə gündən sonra Birinci Avropa Oyunlarının başlanacağını xatırladan Ə. Həsənov bu kampaniyanı peşəkar səviyyədə işıqlandırdığına görə media rəhbərlərinə təşəkkür edib. O deyib ki, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir: "Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, bu, tarixi hadisədir. Münasibətlər gəldi gedərdir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz kimi, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də tarixi hadisədir".
Ə. Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam verib və sərəncamda Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: "Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq".
O, görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələrin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim ediləcəyini və Tədbirlər Planının təsdiq olunacağını bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, mətbuatın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamda mətbuatımızın 140 illiyinə baxış var, mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir: "Bu, mətbuatımıza çox böyük qayğıdır, dövlət başçısına təşəkkürümü bildirirəm. Mətbuatın 130, 135 illiyi və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilir. Mətbuatımızın 130 iliyi ilə bağlı sərəncamla "Əməkdar jurnalist" və digər fəxri adlar bərpa olundu. Mətbuat Şurasına fəxri ad almaqla bağlı müraciətlər daxil olur. Ancaq biz bilmirik ki, hansı parametrlərlə o jurnalistləri seçməliyik. Elə jurnalistlər var ki, 40-50 ildir çalışırlar, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var".
Ə. Amaşov Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib: "Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan "Facebook" və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz".
Ə. Həsənov isə belə hallara fikir verməməyi tövsiyə edib: "Belə hallara fikir verməyin. Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan "Guardian" qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi? BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur".
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. Birinci Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi ilə birgə jurnalist müsabiqəsinin keçiriləcəyini söyləyən V. Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.
Ə. Həsənov bildirib ki, yubiley tədbirlərinin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir: "Jurnalistlərin mükafatlandırılması məsələsi də kifayət qədər mürəkkəbdir. Orden və medallarla bağlı standartlar var. Jurnalsit ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, ona "Tərəqqi" medalı verilsin. Jurnalistlərə ev verilərkən də layiqli olanları seçməyə çalışdıq. Redaksiyalara da müəyyən səlahiyyətlər verməliyik ki, mükafatlandırma ilə bağlı təkliflər versinlər. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur. Bölgələrdə tədbirlərin keçirilməsi, Bakı Dövlət Universitetində elmi-praktiki konfrans təşkil olunması nəzərdə tutulub".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Tbilisi və İstanbulda keçirilməsini təklif edib. Ə. Həsənov təklifin müsbət olduğunu söyləyib: "Bu təklif qəbul oluna bilər. İlk mətbuat nümunələrimiz Tbilisidə nəşr olunub, İstanbulda mühacir ədəbiyyatımız işıq üzü görüb. Bu təkliflər imkan daxilində nəzərə alına bilər".
Tədbirdə Mətbuat Muzeyinin yaradılması da təklif edilib.
Ə. Həsənov medianın 140 illik yubileyinə xüsusi diqqət yetiriləcəyini bildirib: "Hər bir xalq dünyada məşhur nümayəndələri, uğurları ilə tanınır. Şərqdə ilk dəfə qadınla kişiyə seçki hüququnun verilməsi Azərbayanın brendidir, bunu dünyaya çatdırmalıyıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi, Birinci Avropa Oyunlarının keçirilməsi bizim uğurumuzdur. Bəziləri müsəlman ölkəsi olan Azərbaycanın uğurlarından əndişə keçirir. Biz nəzərə çatdırmallyıq ki, Azərbaycan uğurları ilə Qərb dövlətlərindən geri qalmır. Biz dünyaya çatdırmalıyıq ki, Azərbaycan mediasının durumu subyektiv mülahizə ilə çıxış edən "komissarlar"ın, "sərhədsizlər"in göstərdiyi kimi deyil".
Digər Xəbərlər
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26