Azərbaycanda dörd mindən çox cinayətkar qrup zərərsizləşdirilib
10:47 03-07-2015
CƏMİYYƏT
Azərbaycanda dörd mindən çox cinayətkar qrup zərərsizləşdirilib
Daxili işlər nazirinin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir
Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük bir fəaliyyət ortaya qoyub.
Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
I Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi və uğurla başa çatması barədə danışan nazir xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi 30 ay ərzində yerinə yetirib.
R.Usubov dövlətimizin qarşıya qoyduğu hədəflərə çatmasında son 10 ildə ölkədə idmanın inkişafı, xüsusən kütləviliyinin təmin edilməsi üçün həyata keçirilən mühüm tədbirlərin, o cümlədən onlarla müasir Olimpiya mərkəzinin inşa edilib gənclərimizin istifadəsinə verilməsinin də böyük rolu olduğunu diqqətə çatdırıb.
Nazir məmnunluqla qeyd edib ki, ilk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, "Bakı - 2015" dünyada ən yüksək idman standartlarını təqdim edib: "Respublikamız, onun bütün dövlət strukturları və vətəndaş cəmiyyəti üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi. Bütün Azərbaycanda 17 gün əsl bayram ab-havası hökm sürdü. 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 23 idmançı ilə qatılaraq yalnız bir gümüş medal əldə edən ölkəmiz artıq ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. Ümumən, Azərbaycan, bu mühüm əhəmiyyətli tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini bir daha nümayiş etdirdi".
Nazir fürsətdən istifadə edərək xidməti vəzifələrinin icrasında göstərdikləri köməyə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin, Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirib, həmçinin, gənc əməkdaşların formalaşmasında böyük işlər görən veteranlara təşəkkür edib.
"Artıq neçə illərdir ki, Azərbaycan asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə dəfələrlə azdır. Bu dövrdə cinayətləin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onların tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb".
Bunu da daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə deyib. Daxili işlər nazirinin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.
R.Usubov qeyd edib ki, 2014-cü il və cari ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib: "Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya cinayətkarlığının, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərinin etibarlı qorunmasına böyük imkanlar yaradıb".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08