Tahir Kərimli: "Hüququn aliliyi prinsipi, hakimiyyətin bölgüsü, hamının qanun qarşısında
bərabərliyi, hüquq və azadlıqların üstünlüyü və insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi, qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında
məsuliyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi hüquqi dövlətin əsas qarantıdır"
"Əgər görsəniz ki, qanunlar ədalətsizdi, siz ədaləti üstün tutun". Çinli filosov Konfutsinin bu sözləri təsdiqləyir ki, əsrlər əvvəl hətta qanunlara ciddi riayət edən dövlətlər belə, həmişə hüquqi ola bilməyib. Hər şeydən əvvəl qanun özü humanist olmalı, insan hüquq və azadlıqlarının reallaşdırılmasına xidmət etməlidir. Mütəfəkkirlərə görə də, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir.
Keçmiş Ali Məhkəmənın sədri, hüquqşunas Tahir Kərimli də bu gün Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərin müsbət qiymətləndirilməli olduğunu söyləyir. T. Kərimli deyir ki, o dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir: " Hüquqi dövlət quruculuğunun hüquqi əsaslarını bu prinsiplər təşkil edir. Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilibdir. Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir. Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində tapıb. Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır. Hüququn aliliyi prinsipi, hakimiyyətin bölgüsü, hamının qanun qarşısında bərabərliyi, hüquq və azadlıqların üstünlüyü və insan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi, qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi hüquqi dövlətin əsas qarantıdır. Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində də birbaşa insan amili durur. Həyata keçirilən dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir".
T. Kərimli deyir ki, bu gün ölkə başçısının dəstəyi ilə yaradılan "Asan xidmət" mərkəzləri dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunu, şəffaflığı təmin edir, korrupsiyanın qarşısını alır.
Hüquqşunasın sözlərinə görə, Azərbaycanda hüquqi dövlət quruculuğunu təxmini olaraq üç mərhələyə bölmək olar: "Birinci, dövlət müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki dövr. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və onlar fəaliyyətə başladılar.
İkinci, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrü əhatə edir. Bu dövrdə Konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu, milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk bələdiyyə seçkiləri keçirildi.
Üçüncü mərhələ Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır və hazırda davam edir. Bu mərhələdə insan hüquqları və azadlıqlarının təmini, azad və ədalətli seçkilərin keçirilməsi, demokratik dəyərlər ön plana çəkilir, yeni institutlar fəaliyyətə başlayır, qanunvericilik sistemində ciddi dəyişikliklər edilir. Məhkəmə-hüquq sitemində aparılan islahatları ilk növbədə vətəndaşların hüquqlarının müdafiəsində məhkəmələrin rolunun gücləndirilməsinə, onların fəaliyyətinin demokratikləşməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına yönəldilib. Bununla yanaşı, ölkədə konstitusiya nəzarəti funksiyasını həyata keçirən Konstitusiya Məhkəməsi və hüquqların məhkəmədən kənar müdafiəsi-İnsan hüquqları üzrə müvəkkil Ombudsman təsisatı yaradılıb, vəkillik institutu yenidən qurulub".
T. Kərimli deyir ki, hüquq dövləti vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırmaq üçün qurulur və fəaliyyət göstərir: " Hüququn üstünlüyü prioritet olan ölkələrdə hər hansı qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amili mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir. Hüquqi dövlətdə vətəndaş dövlət işlərində müstəqil iştirak etmək imkanlarına malikdir. Bu da xalqın iradəsini nümayiş etdirən seçkilər vasitəsilə həyata keçirilir. Burada nümayəndəli orqanlar, həqiqətən, xalqın nümayəndələrindən seçilir və yalnız seçicilər qarşısında məsuliyyət daşıyırlar".
T. Kərimlinin sözlərinə görə, hüquqi dövlət quruculuğunun ən önəmli faktorlarından biri olan "elektron hökumət"in qurulmasıdır. Çünki "elektron hökumət" beynəlxalq aləmlə həm də hüquqi dövlət quruculuğu çərçivəsində geniş və hərtərəfli inteqrasiya deməkdir: " Ölkəmizdə "elektron hökumət"in yaradılması, "hökumət-vətəndaş" və "hökumət-biznes" münasibətlərində, hüquqi dövlət quruculuğu prosesində daha şəffaf və operativ əlaqələrin qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Azərbaycanda qurulan "elektron dövlət" məhz hüquqi dövlət quruculuğu prinsipləri üzərində qurulur. "Elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsindən əsas məqsəd hüquqi dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, hökumətlə-vətəndaş arasında daha şəffaf və operativ əlaqələrin qurulmasıdır. Bu sahədə həyata keçirilən uğurlu tədbirlər nəticəsində vətəndaşların dövlət orqanlarının xidmətlərinə çıxışını təmin edən "elektron hökumət" portalı (www.e-gov.az) yaradılıb. Elektron xidmətlərin geniş tətbiqi hüquqi dövlət quruculuğu çərçivəsində əhali arasında şikayətlərin sayının xeyli azalmasına, korrupsiyaya qarşı uğurla mübarizə aparılmasına gətirib çıxarıb. Hüquqi dövlət quruculuğu çərçivəsində elektron xidmətləri yalnız daha yüksək səviyyəli qurumlar arasında deyil, yerli icra hakimiyyəti orqanlarında da, o cümlədən bələdiyyələrin fəaliyyətlərində də tətbiq etməyə ehtiyac var".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16