Prezidentin inandığı vətəndaş cəmiyyəti
Azərbaycanın dövlət quruculuğuna bu gün də zərbə vurmağa çalışan xarici cəhdlər birmənalı qarşılanmır. Elə buna görə də vətəndaş cəmiyyəti ayağa qalxaraq etirazlarını açıq şəkildə bildirdilər və bununla həm də göstərdilər ki, Azərbaycanda vətəndaş cəmiyyəti var və bu cəmiyyət prezident İlham Əliyevi dəstəkləyir.Vətəndaş cəmiyyətinin dəstəyinə görə Azərbaycan Avropa oyunlarına ev sahibliyi edə bildi və ciddi nəticələr də əldə olundu. Amma görünür bu bəs eləmir və indinin özündə də Azərbaycana təzyiqlər edilir.
Hətta bütün bunları prezident İlham Əliyev açıq şəkildə bəyan etdi. Əslində İlham Əliyevin belə bir açıqlama ilə çxıış etməsi onun vətəndaş cəmiyyətinə inamından irəli gəlir. İlham Əliyev bu açıqlaması ilə vətəndaş cəmiyyətini olanlardan xəbərdar edir və Azərbaycanda dövlət quruculuğunun davamını təmin edir. Həmçinin bu açıqlaması ilə bir daha nümayiş etdirir ki, Azərbaycan inkişaf etmiş ölkədir və bu ölkənin vətəndaş cəmiyyəti öz hakimiyyətini də qorumaq gücündədir. Gəlin öncəliklə prezident İlham Əliyevin son sərt bəyanatına diqqət ayıraq: "Bu yaxınlarda Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında qətnamə qəbul edildi. Qətnamənin mətnində məruzəçilər tərəfindən yazılmışdı ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürüb dəyişirlər, yazırlar ki, Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir". Dövlət başçısı bildirib ki, Azərbaycana qarşı çirkin kampaniya aparılır, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu, daha da alovlanır: "Bəzi riyakar Qərb siyasətçiləri, erməni pulları ilə özlərinə həyat quran konqresmenlər, senatorlar, islamafob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər. Bunun təməlində paxıllıq və bəd niyyət dayanıb. Bu gün əfsuslar olsun ki, Avropada faşizm, irqçilik, islamafobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu, təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var, onlar birləşib. Eyni zamanda Azərbaycanda "beşinci kalon"un qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər". Prezident İlham Əliyev bildirib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub: "Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizi, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır".
Prezident İlham Əliyev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir: "Bu qətnamələrin heç bir əhəmiyyəti yoxdur. Bununla bərabər, ikitərəfli formatda bizim Avropa ölkələri ilə problemlərimiz yoxdur. Bir çox halda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dedikləri bir şeyi etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Biz gələcəkdə bu istiqamətdə gedəcəyik".
Qarabağ münaqişəsi barədə danışan Prezident əvvəlcə Ermənistandakı duruma toxunub: "Ermənistanda kriminal diktatura rejimi öz xalqını əzir, xunta xalqın hesabına varlanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur". Dövlət başçısı bildirib ki, Ermənistan sadəcə, danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır. Gördüyünüz kimi İlham Əliyev mövcud siyasi sistemi çılpaqlığı ilə izah etməklə yanaşı, həm də sabahkı planları da gündəmə gətirdi. Prezidentin açıqlaması göstərir ki, Azərbaycan geri çəkilmək niyyətində deyil və öz ənənələrini qoruyub saxlayacaq. Bir tərəfdən kənar təsirlərə qarşı sərt mövqe sərgiləyəcək, digər tərəfdən isə vətəndaş cəmiyyətinin nüvəsini təşkil edən tolerantlığa, xoş ovqata yer ayıracaq:"Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı.
Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur, normal siyasət.
Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.
Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.
Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi. Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri həll etmişik. Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq".
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01